Məlum olduğu kimi, “Beşiktaş” bu qış özü də istəmədən liderlərindən biri – Rafa Silva ilə vidalaşmalı oldu.
Türkiyədə ikinci mövsümünü keçirən təcrübəli portuqaliyalı ulduz ilk dövrənin gedişində - noyabrın əvvəllərində bu ölkədə xoşbəxt olmadığına işarə vuraraq məşqlərə və oyunlara çıxmaqdan imtina etdi. Uzun müddət gündəmdən düşməyən bu qalmaqala Rafanın sabiq klubu “Benfika”ya qayıtması ilə son qoyuldu. Maraqlıdı ki, İstanbul nəhəngi ilyarım öncə “Benfika”dan havayı aldığı futbolçunu indi bu kluba 7 milyon avroya satdı!
32 yaşlı futbolçunun meneceri Joao Araujo bugünlərdə Portuqaliyanın “maisfutebol” saytına geniş müsahibə verib. Bir çox məqama aydınlıq gətirən menecer diqqətçəkən etiraflar edib.
- “Beşiktaş”da qısa müddət ərzində üç prezidentin dəyişməsi doğrudumu?
- Bəli, Rafa Silva transfer olunandan sonra indiki başqan “Beşiktaş”ın 3-cü başqanıdı. Elə baş məşqçilər də tez-tez dəyişir. Komanda ötən mövsümə Van Bronkxorst ilə başladı. Sonra onun yerinə Sulşer gəldi. Sulşerin də yerinə indiki məşqçini gətirdilər. Bred Fridel də idman direktoru kimi çox az çalışdı. Onun yerinə də başqa insanlar gəldi. Sonda Rafa Silvanı psixoloji cəhətdən yoran olaylar yaşanmağa başladı. Oktyabrda indiki başqanla görüşərək narahatlığımızı dilə gətirdim. Rafa mənə “bu insanlarla anlaşa bilmirəm. Bunu dilə gətirən mən olduğum üçün problemli tərəf kimi də mən görünürəm. Artıq burdan ayrılmaq zamanıdı. Ayrılmaq üçün əlindən nə gəlirsə, et” dedi.
- Rafa Silva cari mövsümə “Beşiktaş”ın onun karyerası üçün doğru seçim olduğuna inanaraq başlamışdımı?
- Əslində elə mövsümün əvvəlində də bir çox şeydən məmnun deyildi. Sadəcə, müqaviləsi var idi və komanda ilə birlikdə çalışmağa davam etməliydi. Amma bir yerə qədər səbr etdi və ondan sonra artıq bu işi yerinə yetirə bilməyəcəyini söylədi. Onunla çox şeyi müzakirə edib dərdləşdik. Həmin söhbətdən sonra anladım ki, həyatını düzəltməlidi və bu problemdən çıxış yolunu tapmalıyıq.
- Onu məmnun etməyən şeylər konkret nə idi? Rəhbərliyin tez-tez dəyişməsi, yoxsa məşqçilər korpusundakı dəyişikliklər? Bəlkə komandanın avrokuboklarda mübarizəni erkən dayandırması və ya Joao Marionun ayrılması?
- Hamısından az-az var idi... Yaşanan bir çox olay onu üzürdü və sonda da ayrılmağa qərar verdi. Amma bir məqamı xüsusi qeyd edim ki, Rafa “burdan ayrılıb mütləq “Benfika”ya qayıdacam” fikrini heç vaxt dilə gətirməyib. İlk vaxtlar bu məsələ heç gündəmdə də deyildi. 2025-ci ildə “Benfika” rəsmiləri ilə heç bir görüşümüz olmamışdı. Rafa, sadəcə, narazı idi və ayrılmaq istəyirdi. Vəssalam.
- Rafa son oyununu noyabrın 2-də keçirdi. Noyabrın 15-də “Beşiktaş” başqanına və baş məşqçisinə ilk dəfə cavab verdiz. O ana qədər heç bir açıqlama verməmişdiz.
- Düşündüm ki, artıq Rafanı qorumağın zamanıdı. Başqanla aramızda bəzi şeyləri dəqiqləşdirmək istədim. Mətbuata verdiyim açıqlamanı nöqtə-vergülünə qədər başqanın özünə də söyləmişdim. Rəhbərlik o vaxt Rafanın ən azı dekabrın ortalarına qədər oynamasını istəyirdi.
- Yəni qış fasiləsinə qədər...
- Bəli. Sonra da qış fasiləsində problemi həll etməyə yardım edəcəklərini söylədilər. Amma məsələ burasındadı ki, oktyabrın sonlarından noyabrın 2-dəki “Fənərbaxça” ilə olan oyuna qədər Rafanı daha da dərindən üzən olaylar yaşandı. Klubdakı bəzi şəxslərin davranışı onu bezdirdiyindən mənə “üzgünəm, amma burda artıq oynamayacam. Hər şey məni üzür. Bura uyğunlaşa bilmirəm. Bu problemi həll etməliyik” dedi.
- Axı konkret nəyi nəzərdə tutursuz?
- Məsələn, baş məşqçinin açıqlamaları və s. Onu çox narazı salan və mənim yenidən rəhbərliklə söhbət etmək məcburiyyətində qoyan bəzi şeylər oldu. Klub daxilindəki bəzi şəxslər arasında açıq-aydın ünsiyyət problemi var idi...
- Klub işçiləri ilə Rafa Silva arasında?
- Xeyr, yalnız klubun işçilərinin öz arasında. Rafa Silvanın ayrılmaq ehtimalını rəhbərliklə ilk dəfə “Fənərbaxça” ilə oyundan öncə müzakirə etdim. Ancaq həmin vaxt heç nəyə nail olmadıq. Rəhbərlikdən Rafanın durumuna bir çarə qılmağı və ayrılmasına yardım etməyi xahiş etdim. Anlaşma əldə olunmadı. Və səhv etmirəmsə, çərşənbə günü idi. Başqan ilə baş məşqçinin sırf bu məsələyə görə mətbuat konfransı keçirdiklərini gördüm.
- Yeri gəlmişkən, həmin mətbuat konfransında onlar sizin “Beşiktaş”ı təhdid etdiyinizi dilə gətirdilər.
- Xeyr, mən tərəfdən onlara heç vaxt təhdid olmayıb.
- Bəs nə üçün ayrılıqla bağlı anlaşa bilmədiz?
- Çünki pul tələb edirdilər. Onlar pul istədikləri zaman biz danışıqları dayandırdıq. Onlardan gələn tələbdən sonra “üzgünəm, amma bu məbləğlə bağlı sizə heç nə söz verə bilmərəm. Onda heç bir anlaşma olmasın. Hər şeyi öz axarına buraxaq və arada müzakirələr aparmaqda davam edək” dedim.
- “Beşiktaş”ın 15 milyon avro tələb etməsini nəzərdə tutursuz?
- Bəli, qarşımıza bir sənəd qoydular. Orda qeyd olunmuşdu ki, Rafa başqa yerdə futbol oynamağa davam etmək üçün 15 milyon avro ödəməlidi. Mən də dedim ki. bu işə qol qoya bilmərik. Rafanın 32 yaşı var. Yəni başqa yerə yollanması üçün ya o özü, ya da yeni klubu “Beşiktaş”a 15 milyon avro ödəməli olacaqdı. Məhz həmin vaxt düşündüm ki, ən yaxşı çıxış yolu tələsməmək və danışıqları daha sonra davam etdirməkdi. Ertəsi gün isə onlar mətbuat konfransı keçirdilər.
- O ana qədər hər şeyin normal şəkildə yoluna qoyulacağına inamınız var idi?
- Bəli, amma klub bəlkə də siyasi və strateji bir addım atdı. Onlar düşündülər ki, nəsə etmək lazımdı. Fanatların gözündə zəif görünməmək üçün bunu etdilər. Ancaq düşünmürəm ki, bu, problemi yoluna qoymaq üçün ən yaxşı çıxış yolu idi. Dəqiq olan bir şey var ki, bizi çox pislədilər. Rafa Silva onların mətbuat konfransından sonra ayrılmaqla bağlı qərarının doğru olduğuna bir daha əmin oldu!
- Yeri gəlmişkən, bir ara Rafanın karyerasını bitirməyə belə razı olduğu iddia edildi...
- Xeyr, bunu, sadəcə, sözgəlişi demişdi. Onlarla söhbətdə “işlər bu şəkildə davam etsə, məni karyeramı bitirməyə vadar edəcəksiz” ifadəsini işlətmişdi. Bu sözü “Beşiktaş”ın 15 milyon avro tələb etməsindən sonra dilinə gətirmişdi. Onları bu fikrindən vaz keçirməyə çalışmış, klubda özünü yaxşı hiss etmədiyini demiş və ayrılmaq istədiyini bir daha təkrarlamışdı. Durum, sadəcə, bundan ibarətdi.
- Rafanın “Beşiktaş”la 2027-nin yayına qədər müqaviləsi var idi. Ayrılmasaydı, həmin tarixə qədər oynamadan “Beşiktaş”da qalmağa razılıq verəcəkdimi?
- Xeyr. Bu, qətiyyən mümkün deyildi. Hadisələrin belə axarını heç ağlımızdan da keçirməmişdik.
- Daha bir məqam odu ki, Rafa uzun müddət belində ağrılar olduğunu iddia etsə də, “Beşiktaş” onun tibbi müayinəsi zamanı heç nə aşkarlanmadığını açıqladı.
- Bəli, heç nə çıxmadı. Hətta bel fəqərəsində yırtıq olduğunu düşünmüşdük. Amma o da çıxmadı. Həkimlər dedi ki, belə məsələlərdə hər insana fərdi qaydada yanaşılmalıdı. Başqa cür testlər edilməlidi. Amma müalicə olunmaqda davam edirdi. Ümumiyyətlə, “Beşiktaş”ın tibbi personalı və bəzi işçiləri həmişə Rafaya münasibətdə yaxşı davranırdı. O da vida məktubunda həmin şəxslərə xüsusi təşəkkür etdi. Müalicədən sonra baş məşqçinin ixtiyarında oldu. Hətta bir oyunda iştirak ərizəsinə də düşdü.
- O matçın ardından baş məşqçi Rafa Silvanı sərt tənqid etdi. Onun məşq tempinə 10 üzərindən sıfır verdi və oynamağa hazır olmadığını dedi.
- Bir tərəfdən hazır olmadığını deyir, o biri tərəfdən adını iştirak ərizəsinə salır. Bu, mənim heç anlamadığım bir ünsiyyət formasıdı. Tam məntiqsiz bir şeydi. Bu, onun sözləridi. Bu cür sözlər adamları qətiyyən bir-birinə yaxınlaşdırmır.
- Joao Mario ilə Rafa Silvanın İstanbulda özlərini təhlükədə hiss etdikləri an olubmu?
- Xeyr. Heç vaxt belə bir şey hiss etməmişik. Heç vaxt təhdidlər olmayıb. Əksinə, fanatlar həmişə Rafaya sevgisini nümayiş etdirib.
- Klubun və yerli mətbuatın ona qarşı aqressivliyini nəzərə alsaq, fanatların Rafanı bu qədər sevməsi sizə təəccüblü gəlmirmi? Adətən, ayrılmaq istəyən futbolçuya münasibət başqa cür olur.
- Bu mövzuda şəxsi fikrim belədi ki, fanatlar Rafanın timsalında sanki özlərini təmsil edən bir şəxsi gördülər. Meydanda hər şeyini verən, topu irəliyə daşıya bilən, lazım olanda müdafiəyə yardım edən və qətiyyən təslim olmağı sevməyən bir xzarakter gördülər. Rafanın özəllikləri onların çox xoşuna gəldi. O, Türkiyədə fanatların qəlbinə yol tapmağı bacardı.
- Danışıqlarda yeni mərhələyə qədəm qoyulduğuna və hər şeyin yoluna qoyulacağına nə vaxt inanmağa başladız?
- Yanvarın ikinci həftəsində. “Beşiktaş” “Benfika” ilə danışıqlara başladı və həmin an məndə ümid yarandı. Çünki “Beşiktaş” bu addımı ilə anlaşmaq tərəfdarı olduğunu göstərdi. Əks təqdirdə danışıqlara başlamazdılar.
- Başqa təkliflər var idimi? “Benfika”dan öncə başqa bir klubla görüşünüz olmuşdumu?
- Qətər, Səudiyyə Ərəbistanı, ABŞ-dən, eləcə də Avropadan təkliflər var idi. Ümumiyyətlə, Rafa özəllikləri və göstəriciləri ilə həmişə diqqət mərkəzində olan bir futbolçu olub. Qış transfer dönəmində, adətən, futbolçuların seçim imkanları geniş olmasa da, ona maraq çox böyük idi. Xeyr, heç bir klubla görüşməmişdim. Çünki Rafanı istəyən klub birinci “Beşiktaş”la anlaşmalıydı. Ondan sonra artıq biz həmin klubla görüşə bilərdik. Sonda “Benfika” bunu etdi və biz də onlarla anlaşdıq. “Benfika” Rafanın tanıdığı və sevdiyi bir yerdi.
- Rafanın “Beşiktaş”dakı maaşının yarısından çoxunu itirmək bahasına da olsa, “Benfika”ya gəldiyi doğrudumu?
- Bəli, doğrudu.
- Bir menecer öz futbolçusunun bu qədər puldan vaz keçdiyini görəndə ona nə deyir? Nə məsləhət görür?
- Nəticə etibarilə pul futbolçunundu və qərarı da o özü verir. Mənim səlahiyyətimə isə onun xoşbəxt olmasını və istədiyi yerdə oynamasını təmin etmək daxildi. Şərtləri ona izah etməyimə ehtiyac yoxdu. Sadəcə, bəzi tövsiyələr verə bilərəm. Məsələn, ona maraq göstərən klubların son durumunu izah edə bilərəm. Hansısa klubun müəyyən səviyyədən yuxarı qalxa bilməyəcəyini deyə bilərəm. Amma seçimi o özü edir. Onun seçiminə qarışa bilmərəm. Yekun qərarı həmişə oyunçu verir.
ƏLİ RAUFOĞLU hazırladı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта