RU

Məmurlarımızın “ailə mərəzi”, yaxud – Saleh Məmmədovun arxasınca kimlər gedir?



Azərbaycanda məmurların vəzifə kreslosuna oturar-oturmaz ətrafına öz adamlarını toplayıb, ən önəmli (oxu–gəlirli) postları onlara həvalə etməsi, sanki yazılmamış qanundur. O üzdən də istənilən vəzifə sahibi işdən çıxarılanda orada təkcə bir kürsü boşalmır, bütöv bir “ailə ansamblı” “sevgimiz elə bu qədərmiş” mahnısını ifa etməli olur. Həm də xorla.

Bu günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qurumun rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib və təbii ki, burada da eyni proses başlayıb. Artıq mətbuatda AAYDA-da önəmli vəzifə tutan şəxslər haqqında maraqlı məlumatlar yayılır. Bildirilir ki, Agentlikdəki belə fiqurlardan biri də Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdir. Hətta onun bir müddət əvvəl övladına yarım milyonluq toy etməsi ilə gündəmə gəldiyi qeyd olunur.

Tribuna.az-ın araşdırması zamanı isə, elə saytın yazdığı kimi, Həmzəyevin daha bir “məziyyəti” üzə çıxıb. Məlum olub ki, sözügedən şəxs Agentlikdə sözün həqiqi mənasında “ailə podratı” yaradıb. Belə ki, Maliyyə İdarəsinin rəisi öz yaxın qohumlarını AAYDA-da işlə təmin edib, həm də ən önəmli postlarda. Sayt Həmzəyevin vəzifə tutan yaxın qohumlarının siyahısını da dərc edib. Siyahıya vizual baxış bəs edir ki, bu “şəcərə ağacı”nın qol-budaqlarının Agentliyi necə sarıb-sarmaladığını görəsən. Və bu hələ bir “solistin xoru”dur. Nəzərə alsaq ki, Saleh Məmmədov və Müseyib Həmzəyevdən başqa orada daha neçə vəzifəli şəxs vəzifə başında olub, o zaman sual yaranır: bu Agentlikdə başbilənlərin qan qohumu olmayan sıradan vətəndaş varmı?

Və sonda daha önəmli sual: Azərbaycan məmurlarının bu “ailə mərəzi”nin bir müalicəsi yoxdurmu?

SAMİRƏ

Избранный
17
baki-xeber.com

1Источники