Məsqətdə baş tutan ABŞ-İran görüşü ilk baxışda “nəticəsiz” təsiri bağışlasa da, əslində Yaxın Şərq diplomatiyasının klassik bir mərhələsini xatırladır: tərəflər açıq mətndən çox, alt-mətnlə danışır.
Görüşün təkcə nüvə proqramı ilə məhdudlaşmaması, masaya İsrail faktoru, regional təhlükəsizlik və İran-Çin enerji xəttinin gətirilməsi Vaşinqtonun yanaşmasının xeyli sərtləşdiyini göstərir. Bu, artıq texniki nüvə danışıqlarından çıxıb, İranın geosiyasi davranışlarını yenidən çərçivələmək cəhdidir.
ABŞ tərəfinin heyət tərkibi də bu xətti təsdiqləyir. Donald Trump administrasiyasına yaxın fiqurların – Trampın köməkçisi Jared Kuşner və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkofun iştirakı danışıqların sırf diplomatik deyil, siyasi-şərtli xarakter daşıdığını göstərir. Vaşinqton açıq şəkildə mesaj verir: İran üçün seçimlər daralır və bu dəfə söhbət təkcə uranın zənginləşdirilmə faizlərindən getmir.
İran tərəfi isə bu görüşə daha çox “müqavimət diplomatiyası” prizmasından yanaşır. Nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçı üçün əsas məqsəd ABŞ-nin maksimalist tələblərini yumşaltmaq, eyni zamanda daxili auditoriyaya “geri addım yoxdur” mesajı verməkdir. Tehranın görüşü “qələbə” kimi təqdim etməsi də buradan qaynaqlanır: real güzəştlərdən çox, mövqenin qorunduğu görüntüsü önə çıxarılır.
Maraqlıdır ki, görüşdən sonra informasiya müharibəsi dərhal başladı. İsrail mediası İranın nüvə zənginləşməsini dayandırdığına dair sızmalar yayır, İran bunu təkzib edir, ABŞ isə qeyri-müəyyən, amma hədələyici ritorika ilə çıxış edir. Bu ziddiyyətli bəyanatlar göstərir ki, tərəflər razılaşmadan çox, qarşı tərəfin davranışlarını test edir və psixoloji üstünlük qazanmağa çalışırlar.
Bu baxımdan Məsqət görüşü konkret imzalanmış sənədlə deyil, yaratdığı çərçivə ilə yadda qala bilər. ABŞ İranı eyni anda həm nüvə, həm İsrail təhlükəsizliyi, həm də Çinlə enerji əməkdaşlığı məsələlərində sıxışdırmaq istəyir. İran isə bu çoxvektorlu təzyiqi parçalamağa çalışır. Vasitəçi kimi Omanın seçilməsi də təsadüfi deyil: Oman uzun illərdir Vaşinqton–Tehran arasında etibarlı, səssiz və neytral vasitəçi kimi qəbul olunur. Nəticə etibarilə, Məsqət masası böyük razılaşmanın deyil, uzun və gərgin bir diplomatik mərhələnin başlanğıcı kimi tarixə düşə bilər.
Ruslan Zəngəzur