RU

Şuşa haqqında erməni yalanı Moskvada təqdim olunur – Bakının reaksiyası…

Bu gün Moskvada “Art Artsakh Studio”nun təqdimatında Azərbaycanın ayrılmaz hissəsi olan Şuşa haqda erməni “kinorejissor”ların çəkdikləri “Şuşi: təkzibolunmaz faktlar” adlı “sənədli filminin” təqdimatı olacaq.

Bu barədə Rusiya ermənilərinin media resurslarında məlumat yayılıb.

Gevork Ter-Qazaryanın rejissoru olduğu “sənədli filmin” uydurma “artsax”ın “müstəqilliyi uğrunda həlak olanlara” həsr olunduğu bildirilir. Təqdimat haqda yazılarda ənənəvi yalanlar tirajlanıb. Erməni həyasızlığı və yalanı haqda “sənədli film” nə az, nə çox – 3 saat 11 dəqiqədir.

Фотография

Rusiya kimi ölkələrdə yayılan anti-Azərbaycan materiallarına qarşı hansı diplomatik və mədəni addımlar atılmalıdır? Erməni tərəfinin illərdir davam edən informasiya və mədəni təxribatlarına qarşı Azərbaycanda mətbuat, kino və sosial media necə reaksiya verməlidir?

Mövzu ilə bağlı millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı Musavat.com-a danışıb.

Millət vəkili qeyd edib ki, bu, yeni məsələ deyil:

“Zaman-zaman qarşıma ermənilərin Qarabağ müharibəsi ilə bağlı çəkdikləri bədii filmlər çıxır. Hətta həmin filmlərə verdikləri adlar da mahiyyəti açıq göstərir: guya azərbaycanlılar onların insanlarına saysız-hesabsız əziyyət veriblər. Bununla bağlı təkcə filmlər yox, seriallar da çəkilir və yayılır. Bu, onların illərdir gördüyü “işdir” — kin, nifrət və uydurma üzərində qurulan təbliğat. Biz isə Xocalıda bunun real və dəhşətli üzünü yaşamışıq. Ona görə də onların “təkzibolunmaz faktlar” adlandırdıqları şeylər başdan-başa yalandır. Fakt deyilən heç nə yoxdur. Onlar uydurmalarını və yalanlarını həqiqət kimi təqdim etməyi çox yaxşı bacarırlar. Rusiyada bu cür təqdimatların keçirilməsi də təsadüfi deyil. Məlum faktdır ki, Rusiyada həm toplu, həm də səpələnmiş şəkildə çox sayda erməni yaşayır. Sovet dövründən bu yana kino, incəsənət, tibb və digər sahələrdə yüksək mövqelərdə ermənilər yer alıblar. Bir çox kinostudiyalarda da onların təsiri və iştirakı olub.

Bu gün Moskvada “Art Artsakh Studio”nun təqdimatında Şuşa haqqında erməni rejissorun çəkdiyi bu “sənədli film” də eyni xəttin davamıdır — faktları saxtalaşdırmaq və bunu öz millətinə “xidmət” kimi təqdim etmək. Rusiya niyə buna mane olsun ki? Tarixən, həm çar Rusiyası dövründə, həm sovet illərində, həm də bu gün regionda Azərbaycanla Ermənistan arasında gərginliyin tam bitməsi Rusiyanın maraqlarına uyğun olmayıb. Hər iki tərəfin Moskvadan asılı vəziyyətdə qalması bu siyasətin əsas xəttidir. Qarabağ azad olunsa da, bu yanaşmanın tam dəyişdiyini demək çətindir. Sadəcə, Ukrayna müharibəsi fonunda Rusiyanın diqqəti başqa istiqamətə yönəlib. Belə olan halda, ermənilərin Moskvada, Rusiyada rahat şəkildə antiAzərbaycan məzmunu yayması təəccüblü deyil. Rusiya üçün bu, həmişə sərfəli alət olub: münaqişə bitsin yox, davam etsin”.

Picture

Tənzilə Rüstəmxanlı qeyd edib ki,  Azərbaycan tərəfi diplomatik yollarla bu məsələyə etirazını bildirə bilər və bildirməlidir. Amma bununla yanaşı, daha vacib məsələ var: 

“Biz öz həqiqətlərimizi kino dili ilə dünyaya çatdırmalıyıq. Qarabağda törədilən erməni vəhşilikləri, Xocalı soyqırımı, əsirlikdə insanlara verilən işgəncələr — bütün bunlar faktlarla, arxivlərlə, canlı şahid ifadələri ilə həm sənədli, həm də bədii filmlərə çevrilməlidir. Şuşanın azad olunması isə ayrıca qəhrəmanlıq dastanıdır və bu mövzu yüksək səviyyəli bədii film üçün hazır ssenaridir. Bu işlər formal və tələsik yox, peşəkar səviyyədə görülməlidir. Məsələn, savaş səhnələrinin çəkilişində Türkiyə serial və filmlərinin təcrübəsi ortadadır. Türkiyədən rejissor və yaradıcı heyət dəvət etmək, beynəlxalq səviyyədə baxıla biləcək məhsul ortaya qoymaq mümkündür.

Hərə öz işini görməlidir. Ermənilər öz yalanlarını filmə çəkirlərsə, biz də öz həqiqətlərimizi ekranlaşdırmalıyıq. Bu filmlər təkcə bu gün üçün yox, gələcək nəsillərin yaddaşı üçün çəkilməlidir — unudulmamaq, yaddaşdan silinməmək üçün”.

Избранный
18
editor.az

1Источники