RU

Tahir Kərimli: “Vətəndaşın borcu olanda, az qala gözünü çıxarırlar, Saleh Məmmədov da borcları ödəməlidir...”

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov vəzifəsindən çıxarıldı. Qurumun tabeliyində olan MMC-lərin dövlətə xeyli, bəzilərinin xüsusilə külli miqdarda borcları var. Sosializm dövründə dövlət mülkiyyəti yeganə idi və buna görə dövlət müəssisələri arasındakı borcları ya silirdilər, ya da bir-birilərinə kompensasiya edirdilər. Lakin artıq belə deyil. Bu borc ödənməlidir, hansı yolla olur, olsun. Ya Saleh Məmmədovun özü, ya da digərləri, yəqin ki, sorğulanacaqlar. Bəlkə də, Saleh Məmmədovun vəzifəsindən azad olunmasının əsas səbəblərindən biri budur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

O bildirib ki, AAYDA-nın tabeliyində olan müəssisələr də eyni qaydada borcları hökmən dövlətə ödəməlidirlər: “Bunlar silinməli borclar deyil. Məhz bu borclar vasitəsilə dövlət büdcəsi müəyyən olunur və loru dildə desək, borclardan gələn pullar camaatın əməkhaqqına, pensiyasına yönəldilə bilər. Yəqin ki, müvafiq orqanlar bunun sorğusunu aparacaq, tələb edəcəklər. Müəyyən audit təşkilatları, Hesablalama Palatası var və baxışları olacaq. Vətəndaşın banka az miqdarda borcu olanda az qala gözünü çıxarırlar, evini, hər şeyini əlindən alırlar. Belə halda da vəsaitlər tələb olunmalıdır!”

 

Aytəkin Qardaşova

Tarix: 7 Fevral 2026, 12:48   
Избранный
26
pravda.az

1Источники