RU

“LEGIS” Hüquq Forumu gənc hüquqşünaslarda böyük maraq yaradıb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fevralın 5-də Bakıda PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilərək hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS” Hüquq Forumu keçirilib.

Artıq ikinci dəfə gerçəkləşən bu forumda dövlət rəsmiləri, özəl sektor nümayəndələri, həmçinin minə yaxın hüquq peşəkarı iştirak edib. Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin təşkili, əsas qanunvericilik islahatlarının müzakirəsi və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.

Bundan əlavə, forum çərçivəsində hüquq sahəsinin aktual mövzularını əhatə edən çıxışlar və panel müzakirələri də təşkil olunub. Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək hüquq təhsilində islahatların vacibliyi və bu islahatların ölkənin hüquq sisteminin inkişafındakı rolu barədə fikirlərini bölüşüb.

Sonra “Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli”, “Süni intellekt və hüquq: tənzimləmə, məsuliyyət və gələcəyin imkanları” mövzusunda panel müzakirələr keçirilib. Hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması məsələləri müzakirə olunub.

“LEGİS” Hüquq Forumunda Azərbaycanın aparıcı banklarından olan “Unibank” da fəal şəkildə təmsil olunub. “Unibank”ın aparıcı hüquqşünası Yılmaz Səfərov forumda iştirakından sonra “525”ə verdiyi açıqlamada tədbirin həm onun özündə, həm də bununla bağlı fikir mübadiləsi apardığı digər gənc həmkarlarında böyük maraq yaratdığını bildirib: “LEGIS” Azərbaycanda hüquq sahəsində çalışan peşəkarları, xüsusən də gənc hüquqşünasları bir araya gətirmək, bilik və təcrübə mübadiləsinə şərait yaratmaq baxımından olduqca faydalı forumdur. Hüquqşünaslığın indiki mənzərəsi və perspektivləri, mövcud problemlər və onların həlli yolları barədə forumda çox maraqlı çıxışlar dinlədik. Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun, Baş prokuror Kamran Əliyevin, ədliyyə naziri Fərid Əhmədovun, mədəniyyət naziri Adil Kərimlinin forumdakı çıxışları xüsusən gənc hüquqşünaslar üçün də faydalı olacaq fikirlərlə zəngin idi. Digər çıxışlarda və müzakirələrdə də bizim kimi gənc hüquqşünasların davamlı peşəkar inkişafı, gələcəyə baxışının düzgün formalaşmasına xidmət edən fikirlər səsləndirildi. Forumun yüksək səviyyədə təşkilində PAŞA Holding komandasının, xüsusilə də Hüquq və komplayens departamentinin direktoru Aytac xanım Qasımovanın mühüm rolu, zəhməti ayrıca təşəkkürə layiqdir.

Fikrimcə, “LEGIS”in bir mühüm faydası da budur ki, bizə davamlı inkişafımız üçün çox vacib fikirləri hüquqşünaslıq sahəsində nüfuzlu simalardan, tanınmış mütəxəssislərdən birbaşa, canlı olaraq dinləmək imkanı qazandırdı. Bu cəhət şəxsən məndə və bir çox gənc həmkarımda forumla bağlı daha da yüksək təəssürat yaratdı”.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
525.az

2Источники