RU

Məxluqatdan hörmət umma! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xaqani Səfəroğlu, jurnalist:

- "Epşteyn sənədlərini" oxuduqca dahi rejissor Pazolininin "Salo və Sodomun 120 günü" filmini xatırlayıram. 

Dəhşətli filmdir.

Bu filmə baxandan sonra 3 gün yemək yeyə bilməmişəm...

Mesaj nədir: Toplumu idarə etmək səlahiyyəti verilmiş İnsan etiqadını və ən yaxşı şeylərə inamını itirəndə onun degredasiyası dəhşətli olur.

Pazolini bunu çox gözəl ifadə edib.

Şəfəq Mehrəliyeva, media eksperti:

- Bir gecə Mövlanə öz mürşidi Şeyx Şəmsəddin Təbrizini evinə axşam yeməyinə dəvət edir. Süfrə açıldıqdan sonra Şəms Mövlanədən ona şərab gətirməsini istəyir.

Mövlanə təəccüblənir:

- Müəllim içki içir?

- Bəli, - deyə Şəms sakitcə cavab verir.

Mövlanə tərəddüd edir:

- Bu saatda şərabı haradan tapım?

- Bir nökər göndər, - Şəms deyir.

- Nökərlərin yanında hörmətim itər axı, - deyə Mövlanə cavab verir.

- Elə isə özün get. Əgər həqiqətən mənim tələbəmsənsə, istədiyimi yerinə yetir. Bu gecə şərab olmadan nə yeyərəm, nə də danışaram.

Mürşidinə olan dərin sevgisindən Mövlanə əbasını geyinir, şüşəni onun altında gizlədib xristian məhəlləsinə gedir. İnsanlar onun meyxanaya girdiyini, bir şüşə alıb çıxdığını görürlər. Şübhələr yayılır və onun dalınca dərhal bir dəstə düşür.

Məscidə çatanda kimsə qışqırır:

- Sizin imam indicə şərab alıb!

Mövlanənin əbasını qoparıb, şüşəni görəndə ona tüpürməyə, təpikləməyə başlayırlar; sonda əmmaməsi də yerə düşür. O, susur. Susduğunu görən kütlə daha da qəzəblənir və Mövlanənin günahına tam əmin olur. Hətta bəziləri onu öldürməyi də təklif edirlər.

Bu anda Şəms Təbrizi ortaya çıxıb deyir:

- Dayanın! Şüşənin içindəki sirkədir. Ayıb olsun sizə!

Camaat inanmır. Şəms şüşəni açır və ətrafdakılara iylədir - doğrudan da sirkə idi. Mövlanənin xəbəri olmadan Şəms əvvəlcədən meyxanaçıya tapşırmışdı ki, tələbəsi gələrsə, ona sirkə versin.

İnsanlar heyrətə gəlib, etdiklərinə peşman olurlar və Mövlanədən üzr istəyirlər.

O isə, müəllimindən soruşur:

- Məni niyə bu qədər rüsvay etdin?

Şəms cavab verir:

- Bunu elədim ki, insanların hörmətinin bir xülya olduğunu anlayasan. Təkcə bir şübhəyə görə sənə tüpürüb, döydülər və az qala öldürəcəkdilər. Sənin fəxr etdiyin hörmət bu idimi? Artıq məxluqatdan izzət umma; izzəti yalnız Xaliqdən istə. Onun hökmü heç vaxt dəyişməz.

Aqşin Yenisey, şair:

- Məşhur şərqşünas alim Bernard Luis "Orta Şərq" kitabında Məhəmməd peyğəmbərə aid edilən belə bir cümlə yazır:

"Yenilik ən pis olan şeydir. Hər bir yenilik bir icaddır, hər bir icad bir xətadır, hər bir xətanın sonu isə cəhənnəm odudur!"

İslamı tarixi mənbələrdən deyil, rəvayətlərdən, hədislərdən öyrənən dostların aydınlıq gətirməsini istərdim. Peyğəmbərin yeniliyə, icada qarşı belə bir yanaşması varmı sizin qaynaqlarda?

Afaq Rza, jurnalist:

- Artıq uzun müddətdir bazar günləri axşam rutinim İctimai TV-də "Hər zaman musiqi" proqramıdır.

Hər həftə başqa aləmdir. Hazırda Xalq artisti Mübariz Tağıyev yaradıcılığına baxış gedir. Necə zövqlü, necə gözəldir.

Təşəkkürlər, İctimai TV!

Lalə Mehralı, jurnalist:

- Bibimin gənc, nişanlı nəvəsi 3 dostu ilə qəzaya düşüb rəhmətə gedib dünən Marneulidə. Anam, əmim, bibilərim Tovuzda yaşayırlar, yas yerinə təyyarə ilə getməlidirlər məcbur, bu da bir nəfər üçün yaxın tarixlərə ən azı 500 manat deməkdir. Tovuz Gürcüstanın qulağının dibidir. Pandemiyadan əvvəl, sərhəd açıq olanda elə kənddən keçən magistrala çıxıb, Qırmızı Körpüyə gedən minivenlərdən birinə minirdilər, adambaşı 6-7 manata körpüyə çatdırırdı onları. Oradan da taksi adambaşı 2-3 manata Marneuliyə aparırdı. Yəni bizimkilərin Gürcüstana gedib gəlməsi onlara maksimum 20 manata başa gəlirdi. Qoy indi də 50 manata başa gəlsin gedib-gəlmək. Bu adamlar adi kəndlidirlər, bəzisi minimum pensiya alır, bəzisi heç pensiya yaşına çatmayıb, gəliri yoxdur. Bağında əkdiyi kartof-badımcanla dolanan, kənar gəliri olmayan adamlar necə getsin ölüsünün, dirisinin ardınca?

Orxan Atabəy, bloger:

- Fikir verdim, qaldığım şəhərdə avtoyuma yoxdur. Millət 10 km yol qət edib qonşu şəhərə gedir, gəlir. Beynimdə dərhal Azərbaycansayağı plan canlandı:

"Aşağıda robot-yuma, üstündə də qəşəng bir pizza-kofe yeri. Bunun tutmama şansı yoxdur, hələ üstəlik, pulun bir hissəsini də hökumət (kredit və ya qrantla) verir".

Qaldı planlama yazmaq, yer tapmaq, bələdiyyədən kağız. Söhbətə girdim, peşman oldum. Deməli, Almaniyada şampunlu, qumlu, yağlı suyu kanalizasiyaya tökmək qəti qadağandır.

Moyka tikmək üçün gərək azı 3 metr yer qazıb altında bir böyük "baseyn" tikəsən. Baseyni elə bağlamalıyam üstündən tank keçsə çökməsin. Yuyulan maşından axan çirkli su ora yığılmalıdır. Qıraqda da çirkli suyu dartıb təmizləyib təzədən istifadəyə yararlı edən balaca bir "zavod" tikməliyəm.

Pizza-kofe üçün beynimdə ayırdığım yerdə bir də böyük su çəni tikməliyəm. Sistemin məntiqi belədir: tutaq ki, 100 ton su alıram, həmin su ömür boyu o baseyn ilə çən arasında dövr edir. Kənara bir damcı da çirkli su çıxa bilməz.

Almaniyada hara baxırsan çaydır, göldür, bataqlıqdır. 20-30 km yol gedirsən, 3-4 dənə enli çayın üstündən keçirsən. Su boldur, amma adamlar o şirin suyun hər damcısını qorumaq üçün bu qədər qanun kəşf ediblər.

İkincisi, şampunlu su kanalizasiyadan sızıb yeraltı sulara, oradan da çaylara qarışa bilər. Qırmızı xətdir, olmaz. Almanlar hesab edirlər ki, meşə, su, torpaq kimi təbii resursları gələcək nəsilə necə alıblarsa, elə də təmiz və məhv etmədən ötürməlidirlər.

O üzdən bu qanun tək avtoyumalara deyil, bütün zavod və fabriklərə tətbiq edilir.

Asif Nərimanlı, jurnalist:

- ABŞ-ın danışıqlardan imtina etməsi Tehranın mövqeyindən qaynaqlanır. İran Türkiyədə planlaşdırılan, ərəb ölkələrinin də iştirak edəcəyi görüşün yerini Omana dəyişdirməklə iki hədəfə nail olmaq istəyir.

Birincisi, ABŞ-la danışıqların ikitərəfli formatda keçirilməsi;

İkincisi, danışıqların daha öncə Omanda keçirilən görüşün gündəliyinə uyğun davam etməsi - nüvə proqramı ətrafında məhdudlaşdırmaq;

Bu, ABŞ və İsrailin tələblərinin - nüvə və raket proqramı, proksi qüvvələrə dəstək məsələsinin gündəmdən çıxarılması və Tehranın diktə etməsi deməkdir. Bu baxımdan, Vaşinqtonun etirazı gözlənilən idi. ABŞ-ın imtina etməsi İran məsələsinin masada həll edilməsi yollarını çətinləşdirir, hərçənd, Vaşinqton diplomatik qapını hələ də açıq saxlayır. Dövlət katibi Marko Rubio İran qarşısında şərtləri açıqlayıb: nüvə proqramı, ballistik raketlər, terror təşkilatlarına (proksi qüvvələr) dəstək və hökumətin xalqa münasibət məsələsi. Rubionun açıqlamasından görünür ki, ABŞ görüş yerinin dəyişdirilməsini müzakirə edə bilər, lakin gündəliyi dəyişmək niyyətində deyil.

Oman görüşünün ləğv edildiyi xəbərini təkzib edən rəsmi Tehran isə cümə günü Vaşinqtonla danışıqların keçiriləcəyini vurğulayıb. İstisna deyil ki, ABŞ-ın görüşdən imtina açıqlaması İranı "hərbi ssenari" ilə çəkindirmək və masada konstruktiv müzakirələrə sövq etmək gedişidir. Hərçənd, mövcud vəziyyətdə Tehranın ABŞ-ın tələblərini qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki belə bir gündəlik İran rejiminin təslim olması deməkdir. Vaşinqton da öz növbəsində gündəliyindən imtina etməyəcək. Bu reallıq fonunda Oman görüşü baş tutsa belə, diplomatik həll variantının aktuallığı azalır.

Burada bir məqam xüsusilə diqqət çəkir: hərbi müdaxilə riski ilə üzləşən İranın diplomatik kanalları təhlükə altına atması və "diktə edən tərəf" kimi çıxış etmək cəhdinin səbəbləri nədir?

- Bölgəyə hərbi qüvvə toplayan ABŞ-ın müdaxilədə tərəddüd etməsi;

- Region ölkələrinin hərbi müdaxiləyə qarşı çıxması, nəticədə Vaşinqtonun ciddi müxalif mövqe ilə üzləşməsi;

- Rusiya və Çinin (xüsusilə Pekinin) dəstəyi; İranın bu ölkələrlə birlikdə hərbi təlim keçirmək planı bu fikri gücləndirir.

Lakin İranın "diktə cəhdləri" mövcud vəziyyətə adekvat görünmür.

a) Regiona genişmiqyaslı hərbi qüvvə toplayan ABŞ evə "əliboş" qayıtmaq niyyətində deyil;

b) İranın Türkiyə və ərəb ölkələrinin vasitəçilik təşəbbüsündən imtina etməsi region ölkələrinin hərbi ssenariyə yanaşmasını dəyişə bilər.

Və ABŞ-ın İrana müdaxiləni asanlaşdırmaq məqsədilə Çinin mövqeyinə təsir etməsi (Ukrayna müharibəsinə görə Moskva Pekinlə müqayisədə həlledici rol oynamır) də gözləniləndir. Trampın bu gün Si Cinpilə telefon danışığı - İran da daxil olmaqla geosiyasi məsələləri müzakirə etməsi və eyni gündə Vaşinqtonun Tehranla danışıqlardan imtina etməsi bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, ABŞ masada razılaşmaq istəməyən İran rejiminə qarşı müdaxilənin yolunu "təmizləyir".

Elxan Şahinoğlu, politoloq:

- Pekin ABŞ-ın planlarından narahatdır. Bunu Çin lideri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı sübut edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Cinpin arasında danışıqlarda Rusiyanın Çinə neft və qazın ixracı mövzusunun müzakirə edildiyini bildirib. Əlbəttə, bu mövzu ilk növbədə Kremli maraqlandırır. Çünki Qərbin sanksiyalarına görə, Rusiya öz neftini və qazını ucuz qiymətə Çinə sata bilir. Hindistan Trampın təzyiqlərinə görə, Rusiyanın ucuz neftinin alışını xeyli azaldıb. Deməli, Rusiya üçün tək bazar qalıb.

Vladimir Putin və Si Cinpin telefon danışığında enerji mövzularıyla yanaşı İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti də müzakirə ediblər. Uşaqkov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itiriblər, Kubada da vəziyyət ağırdır. Kuba Venesuelanın ucuz neftindən məhrum olub. Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan Kubanın onsuz da ağır olan iqtisadiyyatı daha ağır vəziyyətə sürüklənəcək. Rusiya və Çin Kubaya yardım əli uzada bilməyəcəklər.

Putin və Cinpin telefon danışığında ABŞ-la münasibətləri də müzakirə ediblər. Əsas mövzulardan biri budur. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Moskva və Pekin İranı Venesuela kimi itirmək istəmirlər. Müharibə başlayarsa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqları çərçivəsindədir. Rusiya Ukrayna müharibəsinə görə, İrana əməli hərbi dəstək verə bilmir. Çinin bu rolda çıxış etdiyinə dair məlumatlar var. Çin hərbi təyyarələrinin son həftələrdə İrana müxtəlif yüklər daşıdığına dair məlumatlar var. İranın bu gün ən çox hava müdafiə sistemlərinə ehtiyacı var.

Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev sahibinin gələcək planlarını müəyyənləşdirməyə çalışıb. Ci Cinpinin Donald Trampla telefon danışığı daha uzun və ətraflı olub. Bu barədə Tramp öz "Truth Social" hesabında paylaşım edib. Liderlər telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvanı müzakirə ediblər.

Tramp aprel ayında Çinə səfər edəcək. O, Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Trampın və onun administrasiyasının əsas hədəfi Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən narahatdır. Pekinin isə əsas hədəfi Tayvanı ələ keçirməkdir. Vaşinqton Tayvana dəstəkdən imtina etməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
525.az

1Источники