RU

Epşteynin qardaşından ŞOK: “Onu Tramp öldürtdürüb”

ABŞ-da qalmaqallı maliyyəçi Ceffri Epşteynin ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb. Onun qardaşı Mark Epşteyn Federal Təhqiqat Bürosuna müraciət edərək, Ceffri Epşteynin qəsdən öldürüldüyünü və bu hadisənin arxasında prezident Donald Trampın dayandığını iddia edib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Mark Epşteyn 2023-cü ildə Federal Təhqiqat Bürosuna ünvanladığı rəsmi müraciətdə bildirib ki, qardaşı həbsxana kamerasında qətlə yetirilib. Onun sözlərinə görə, Ceffri Epşteyn bir sıra nüfuzlu şəxslərin adlarını açıqlamağa hazırlaşdığı üçün susdurulub.

Müraciətdə qeyd olunur: “Ceffri Epşteyn öz kamerasında öldürülüb. Onun adları açıqlamağa hazırlaşdığı üçün qətlə yetirildiyini düşünmək üçün əsaslarım var. Hesab edirəm ki, bu qətl prezident Tramp tərəfindən sanksiyalaşdırılıb.”

Həmin sənəd ABŞ Ədliyyə Nazirliyi tərəfindən 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanıb. Sənədin dərc edilməsindən sonra Epşteynin ölümü ilə bağlı mübahisələr yenidən gündəmə gəlib və məsələ geniş ictimai müzakirələrə səbəb olub.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə Nyu-Yorkda yerləşən həbsxanada saxlanıldığı kamerada ölü tapılmışdı. Rəsmi açıqlamalarda onun intihar etdiyi bildirilsə də, hadisə ilk gündən etibarən cəmiyyətdə ciddi şübhələr yaradıb. Bir çoxları bu ölümün arxasında başqa qüvvələrin dayandığını iddia edib.

Epşteynin illər ərzində yüksək vəzifəli siyasətçilər, iri biznes nümayəndələri və tanınmış şəxslərlə əlaqələrinin olması bu işə marağı daha da artırıb. Məhz bu səbəbdən onun ifadə verməyə hazırlaşdığı və bəzi nüfuzlu şəxslərin adlarını açıqlamaq niyyətində olduğu barədə məlumatlar geniş yayılıb.

Mark Epşteyn isə uzun müddətdir ki, qardaşının ölümünün obyektiv araşdırılmadığını bildirir. Onun sözlərinə görə, istintaq zamanı bir sıra vacib məqamlar gizlədilib və hadisənin əsl səbəbləri üzə çıxarılmayıb. Qardaşı ilə bağlı həqiqətlərin ortaya qoyulması üçün dəfələrlə müxtəlif qurumlara müraciət etdiyini deyən Mark Epşteyn, 2023-cü ildə Federal Təhqiqat Bürosuna təqdim etdiyi sənəddə də bu mövqeyini açıq şəkildə ifadə edib.

Hazırda ABŞ hüquq-mühafizə orqanları Mark Epşteynin iddiaları ilə bağlı yeni araşdırma başlanıb-başlanmayacağı barədə rəsmi açıqlama verməyiblər. Donald Tramp tərəfi də yayılan məlumatlara münasibət bildirməyib.

Mütəxəssislərin fikrincə, bu sənədlərin ictimaiyyətə açıqlanması Epşteyn işi ilə bağlı istintaqın yenidən gündəmə gəlməsinə və məsələnin daha dərindən araşdırılmasına səbəb ola bilər. Qalmaqallı işin gələcək taleyi isə ABŞ cəmiyyətinin diqqət mərkəzində qalmaqda davam edir.

Избранный
57
nocomment.az

1Источники