Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.
Cəbhə xəttindən daxil olan məlumatlar Rusiya Silahlı Qüvvələrinin idarəetmə və koordinasiya qabiliyyətində ciddi zəifləmə olduğunu göstərir. Xüsusilə Rusiya hərbi bölmələrinin “Starlink” peyk rabitəsindən məhrum qalması fonunda komandanlıq sistemində problemlərin kəskinləşdiyi bildirilir.
Rusiyaya yaxın “Telegram” kanallarının məlumatına görə, rabitə çatışmazlığı artıq “dost atəşi” hallarına səbəb olmağa başlayıb. Xüsusilə Zaporojye istiqamətində idarəetmə səhvləri nəticəsində, təsdiqlənməmiş məlumatlara əsasən, 12-yə qədər Rusiya hərbçisi həlak olub. Analitiklər bu cür insidentləri Rusiya ordusunda rabitə və komandanlıq sistemində baş verən struktur pozuntularının açıq əlaməti kimi qiymətləndirirlər.
Bununla paralel olaraq, cəbhənin şimal-şərq istiqamətində, xüsusilə Xarkov vilayətində yeni hərbi dinamika müşahidə olunur. Qısa müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) ən döyüş qabiliyyətli və elit briqadalarının – 93-cü, 3-cü, 125-ci briqadaların və digər hissələrin bu bölgədə cəmləşdirildiyi bildirilir.
Məlumata görə, sözügedən briqadalar Qərbin ən müasir hərbi texnikası ilə təchiz olunub, şəxsi heyəti isə əsasən NATO ölkələrində təlim keçmiş peşəkar hərbçilərdən ibarətdir. Hərbi ekspertlərin fikrincə, bu səviyyədə qüvvələrin sürətli cəmlənməsi və rotasiyası sırf müdafiə xarakterli tədbirlər üçün qeyri-adi sayılır.
Rusiya ordusunda müşahidə olunan idarəetmə və rabitə böhranı fonunda Ukrayna tərəfinin bu cür hərəkətləri aktiv hücum əməliyyatlarına hazırlıq ehtimalını gücləndirir. Bir tərəfdə Rusiya qoşunlarında komandanlıq sisteminin deqradasiyası, digər tərəfdə isə Ukraynanın elit hissələrinin ön xəttə yaxınlaşdırılması yeni əks-hücum ssenarisini gündəmə gətirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.