RU

E.Maskdan etiraf: Pul xoşbəxtlik gətirmir » AzadMedia.az

E.Maskdan

Dünyanın ən varlı şəxsi Elon Mask pulun xoşbəxtlik gətirmədiyini açıq şəkildə etiraf edib.

SpaceX və Tesla şirkətlərinin baş icraçı direktoru olan Mask cümə axşamı X sosial şəbəkəsində paylaşım edərək, “Pul xoşbəxtlik gətirmir deyənlər bu mövzuda haqlı idilər” sözlərini yazıb və paylaşıma kədərli emoji əlavə edib.

Bloomberg Billionaires Index-in məlumatına görə, hazırda Elon Maskın sərvəti 668 milyard dollar qiymətləndirilir. Siyahıda ikinci yeri 285 milyard dollar sərvətlə Google-un həmtəsisçisi Larri Peyc tutur. Maskın sərvəti ilin əvvəlindən bu yana 49 milyard dollar artıb. Bu artıma SpaceX-in dəyərinin yüksəlməsi və şirkətin Maskın süni intellekt startapı xAI ilə birləşməsi barədə xəbərlər təsir edib.

Bəs doğrudanmı pul xoşbəxtlik gətirmir?
Araşdırmalar göstərir ki, gəlirlə xoşbəxtlik arasında əlaqə olsa da, bu təsir müəyyən mərhələdən sonra zəifləyir. Lester Universitetinin sosiologiya üzrə dosenti Devid Bartram Business Insider-ə açıqlamasında bildirib ki, varlanma ilə xoşbəxtlik arasında “azalan gəlir qanunu” mövcuddur.
“Bir neçə milyon qazandıqdan sonra əlavə gəlir insanın xoşbəxtlik səviyyəsinə demək olar ki, təsir etmir”, – deyə Bartram qeyd edib.

Onun sözlərinə görə, həddindən artıq varlı insanlar üçün xoşbəxtliyin mənbəyi cəmiyyətə fayda vermək və başqalarına yaxşı münasibət göstərməkdir. “Bu, elə də mürəkkəb məsələ deyil”, – deyə o əlavə edib.

Uorton Biznes Məktəbinin tədqiqatçısı Metyu Killinqsvortun 2021-ci ildə apardığı araşdırma gəlirin artması ilə rifah səviyyəsinin yüksəldiyini göstərsə də, 2024-cü ildə dərc olunan yeni tədqiqatında qeyd olunub ki, qazanc artdıqca insanın məmnun qalması üçün tələb olunan məbləğ də daim yüksəlir. Araşdırma milyonerlər və milyarderləri əhatə etməsə də, alim bu tendensiyanın ultra-varlılar üçün də keçərli ola biləcəyini istisna etmir.

Elon Mask mövzu ilə bağlı ötən ilin noyabrında Nikhil Kamathın “People by WTF” podkastında da fikirlərini bölüşüb:
“Cəmiyyətə verdiyiniz fayda aldığınızdan çox olsun. Məqsədiniz pul qazanmaq yox, faydalı məhsul və xidmətlər yaratmaq olmalıdır. Pul isə bunun nəticəsi olaraq özü gələcək”, – deyə Mask bildirib.

Maskın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onu tənqid edərək, “250 milyard dolları olanda belə demək asandır” yazıb. Digərləri isə pulun təhlükəsizlik, səhiyyə və maliyyə rahatlığı təmin etdiyini vurğulayıb.

Müzakirələr bir daha göstərir ki, pul insanın rifahını müəyyən həddə qədər artırsa da, həddindən artıq sərvət ilə xoşbəxtlik arasındakı əlaqə mürəkkəb və ziddiyyətli olaraq qalır.

Избранный
16
1
azadmedia.az

2Источники