RU

FİN kod və parol niyə təhlükəlidir? Mütəxəssisdən AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İyun ayından xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.

Daşıyıcı şirkətlərin əməkdaşlarının sözlərinə görə, hazırda tətbiq olunan təsdiqləmə prosesi, yəni FİN kod və parol vasitəsilə aparılan bəyannamə gücləndirilmiş identifikasiya hesab edilmir.

FİN kod və parol niyə artıq təhlükəsiz sayılmır? Bəs yeni qaydalar vətəndaşların şəxsi məlumatlarının sızma riskini azaldacaqmı?

Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, FİN kod və statik parol sistemi artıq təhlükəsiz hesab edilmir, çünki bu məlumatlar dəyişməzdir və kiber-dələduzlar tərəfindən müxtəlif sızmalar və ya fişinq üsulları ilə asanlıqla ələ keçirilə bilər.

Onun sözlərinə görə, bir şəxsin FİN kodu bir çox sənəddə açıq şəkildə mövcud olduğundan, cinayətkarlar bu məlumatdan istifadə edərək vətəndaşın xəbəri olmadan onun adına bəyannamə verə və ya aylıq güzəştli idxal limitlərini (300 ABŞ dolları) mənimsəyə bilərlər:

"Bu sistemdə əməliyyatı edən şəxsin həqiqətən kart və ya hesab sahibi olduğunu sübut etmək texniki baxımdan qeyri-mümkün olduğu üçün vətəndaşlar hüquqi risklərlə üz-üzə qalırdılar.

Yeni qaydalara əsasən tətbiq edilən ASAN İmza, SİMA və ya myGov vasitəsilə giriş metodları şəxsi məlumatların sızma və sui-istifadə riskini əhəmiyyətli dərəcədə azaldır. Bu texnologiyalar "gücləndirilmiş identifikasiya" prinsipinə əsaslanır; məsələn, SİMA biometrik üz tanıma texnologiyasından istifadə edir ki, bu da başqa bir şəxsin sizin adınızdan sistemə daxil olmasını qeyri-mümkün edir. Beləliklə, dövlət hər bir bəyannamənin məhz vətəndaşın özü tərəfindən təsdiqləndiyinə zəmanət verir və bu, rəqəmsal mühitdə həm fərdi məxfiliyi, həm də hüquqi təhlükəsizliyi ən yüksək səviyyəyə qaldırır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
redaktor.az

3Источники