Tramvay xətləri dekorativ və ya yalnız turistlər üçün nəzərdə tutulmamalıdır
Bakıda ictimai nəqliyyat sisteminin yenilənməsi və alternativ nəqliyyat növlərinin inkişafı istiqamətində mühüm addım atılmaq üzrədir. Şəhərdə tramvay şəbəkəsinin yaradılması artıq rəsmi planlaşdırma mərhələsinə keçib. Bu barədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.
Nazir müavini bildirib ki, cari il ərzində Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır. Onun sözlərinə görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək və ilkin olaraq konseptual plan üzərində iş aparılacaq. Konseptual mərhələdən sonra isə peşəkar layihələndirmə mərhələsinə keçiləcək. Bu zaman şəhərin mövcud nəqliyyat infrastrukturu, əhali sıxlığı, yol şəbəkəsi və urbanistik xüsusiyyətlər nəzərə alınacaq.
Rəhman Hümmətov qeyd edib ki, layihə təkcə ayrı-ayrı marşrutları deyil, bütövlükdə Bakı şəhərini əhatə edən vahid tramvay şəbəkəsini nəzərdə tutur. İlkin planlamaya əsasən, layihə çərçivəsində 5 tramvay xəttinin və 3 deponun layihələndirilməsi planlaşdırılır. Bu isə tramvayın paytaxtda epizodik deyil, sistemli və uzunmüddətli nəqliyyat növü kimi formalaşdırılmasını hədəfləyir.
Nazir müavini vurğulayıb ki, layihələndirmə mərhələsindən sonra icra prosesi beynəlxalq təcrübəyə əsaslanacaq. Dünyada tramvay infrastrukturu quran bir neçə aparıcı şirkət mövcuddur və bu şirkətlər Çin, Avropa və digər ölkələri təmsil edə bilər. Əsas məqsəd tam müfəssəl layihə hazırlandıqdan sonra şəffaf tender mexanizmi vasitəsilə Azərbaycan üçün ən uyğun təklifin seçilməsidir. Bu çərçivədə istisna edilmir ki, layihəni icra edəcək şirkət öz maliyyə təminatı, texniki ekspertizası və əlavə resursları ilə çıxış etsin. Bu yanaşma həm layihənin icra sürətini artıra, həm də dövlət büdcəsinə düşən yükü azalda bilər.
Mütəxəssislərin fikrincə, Bakıda tramvay nəqliyyatının bərpası bir neçə mühüm problemi paralel şəkildə həll edə bilər. İlk növbədə, tramvay ekoloji baxımdan təmiz nəqliyyat növüdür və havaya atılan zərərli tullantıların azalmasına töhfə verir. Digər tərəfdən, yüksək sərnişin daşıma qabiliyyəti hesabına avtobus və şəxsi avtomobillərin bir hissəsini əvəz edə, şəhərdaxili tıxacların səviyyəsini azalda bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, Bakı şəhərində tramvay və trolleybusların fəaliyyətinin bərpası uzun illərdir müzakirə olunan mövzulardandır. O xatırladır ki, tramvay nəqliyyatının yenidən tətbiqi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Dövlət Proqramında da öz əksini tapıb və bu, məsələnin artıq real icra müstəvisinə keçdiyini göstərir.
Ekspert bildirir ki, trolleybusların bərpası məsələsinə münasibət birmənalı deyil. Trolleybusların ekoloji cəhətdən təmiz olması onların yenidən tətbiqini dəstəkləyən əsas arqumentlərdən biridir. Lakin hazırda bu funksiyanı böyük ölçüdə elektrobuslar yerinə yetirir. Elektrik mühərrikli avtobuslar həm daha çevik istismar imkanlarına malikdir, həm də əlavə kontakt şəbəkəsinin qurulmasını tələb etmir.
Eldəniz Cəfərovun sözlərinə görə, tramvay isə strateji baxımdan tam fərqli üstünlüklərə malikdir. Rels üzərində hərəkət etməsi, sabit qrafiklə işləməsi və daha çox sərnişin daşıma qabiliyyəti tramvayı iri şəhərlər üçün əvəzolunmaz nəqliyyat vasitəsinə çevirir. Bu baxımdan, tramvayların tətbiqi yalnız Bakıda deyil, ölkənin digər böyük şəhərlərində də məqsədəuyğun hesab edilir.
Ekspert xüsusilə vurğulayır ki, tramvay xətləri dekorativ və ya yalnız turistlər üçün nəzərdə tutulmamalıdır. Bu nəqliyyat növü real sərnişin axını olan, gündəlik “ev–iş” marşrutları üzərində qurulmalı və rentabelli fəaliyyət göstərməlidir. Onun fikrincə, bu yanaşma həm sosial, həm də iqtisadi baxımdan layihənin dayanıqlığını təmin edər. Bu prinsip Bakı şəhərinin Dövlət Proqramında da nəzərdə tutulub və icra prosesinin sürətləndirilməsi mümkündür.
Tramvay xətlərinin konkret olaraq harada çəkilə biləcəyinə gəlincə, Eldəniz Cəfərov hesab edir ki, iri prospektlər və şose yolları bu baxımdan daha uyğun ərazilərdir. Tramvay marşrutları mövcud yol infrastrukturuna xələl gətirməməli, digər hərəkət iştirakçılarına mane olmamalı və şəhərin nəqliyyat sisteminə inteqrasiya olunmalıdır. Ekspert Bakı şəhərinin kənar rayon və qəsəbələrini – xüsusilə Hövsan, Biləcəri və ətraf əraziləri, eləcə də Ziya Bünyadov prospekti boyunca “Koroğlu” metrostansiyasına qədər uzanan istiqaməti real və perspektivli variantlar kimi dəyərləndirir.