RU

Cənubi Qafqaz, TRIPP və “Carnegie Europe”nin həyəcan təbili

Yaxud Aİ ABŞ-a niyə uduzdu?

“Carnegie Europe” nüfuzlu analitik mərkəz hesab edir ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazın strateji infrastrukturunun formalaşdırılmasındakı təşəbbüsü ABŞ-a vermək riski ilə üzləşib. Qurumun ekspertlərinin fikrincə, uzunmüddətli perspektiv baxımından həssas regionda liderliyin itirilməsi Brüssel üçün geosiyasi mövqelərin zəifləməsi və iqtisadi təsirin azalması ilə nəticələnə bilər. Əslində, belə yanaşma təəccüblü sayılmalıdır. Hansı mənada təəccüblü olduğu məsələsinə sonda aydınlıq gətirəcəyik.

Bəli, “Carnegie Europe” “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nu (TRIPP) Cənubi Qafqazda ən iri infrastruktur təşəbbüs adlandırır. Ümumən, mərkəzin hesabat sənədinin məğzi bunun vurğulanmasına köklənir və bildirilir ki, TRIPP-in strateji məqsədi Ermənistan üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etmək, vahid nəqliyyat, enerji və rəqəmsal kontur formalaşdırmaqdır.

“Carnegie Europe” ekspertləri hesab edirlər ki, faktiki olaraq, söhbət regional logistikanın yeni arxitekturasından gedir. O arxitekturadan ki, Cənubi Qafqaz dövlətlərinin ticarət axınlarının istiqamətlərini və siyasi orientirlərini dəyişə biləcək potensiala malikdir. Mərkəz analitikləri bu xüsusda Ağ Evin dəstəyinin açıq mahiyyətini qabardır, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin təşəbbüsü birbaşa danışıqlar səviyyəsində irəli aparmaq məqsədilə Bakıya və İrəvana səfər planlaşdırması üzərində dayanır, məsələnin Birləşmiş Ştatlar üçün siyasi təsir aləti olduğu rəyinə gəlirlər.

TRIPP-i “Cənubi Qafqazın əsas geosiyasi valyutası” kimi qiymətləndirən “Carnegie Europe” ekspertləri vurğulayırlar ki, dəmir yolları, avtomagistrallar, enerji və rəqəmsal dəhlizlər Cənubi Qafqazda hakimiyyət rıçaqlarına çevrilir. Bu şəbəkələri quran və onlara nəzarət edən tərəf isə regionun hansı güc mərkəzinə — ABŞ-a, Avropaya, Rusiyaya və ya Çinə meyil edəcəyini müəyyənləşdirir. Onlar Vaşinqtonun hücum xarakterli taktika seçdiyini, bunun qarşılığında isə Brüsselin ehtiyatlı mövqe tutduğunu qabardır, beləliklə, bir növ, təbil çalır və əhəmiyyətli maliyyə resurslarına, institusional təcrübəyə baxmayaraq, Aİ-nin hələlik miqyas və siyasi çəki baxımından TRIPP-lə müqayisə oluna biləcək təşəbbüs irəli sürmədiyini vurğulayırlar.

Doğrudur, Aİ ayrı-ayrı regional miqyaslı layihələri maliyyələşdirib. Amma “Carnegie Europe” mütəxəssislərinin fikrincə, Ermənistanda “Şimal–Cənub” avtomagistralı, nəqliyyatın modernləşdirilməsi proqramları, texniki yardım və sair tədbirlər fraqmental xarakter daşıyıb və vahid strategiyaya uyğun gəlməyib. Habelə, ekspertlər Brüsselin Azərbaycanın postmünaqişə dövründə bərpa prosesində iştirakının da məhdudluğunu qabardır, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə sahəsində göstərilən dəstək istisna olmaqla, əsas yükü Bakının özünün daşıdığını bildirirlər. Bəs ləngimə kimi xarakterizə edilən durumun səbəbi nədir? Mərkəzdə hesab edilir ki, bu, siyasi mədəniyyətlər arasındakı fərqlərlə bağlıdır. Yəni, Brüssel ənənəvi olaraq mürəkkəb nəzarət, audit və institusional təminat prosedurlarını tələb edir ki, belə yanaşma müddətləri uzadır və qərarların operativliyini azaldır. Mövcud trayektoriyadakı əlavə amil isə Aİ-yə üzv dövlətlərin mövqelərində yekdil olmaması, bir hissəsinin açıq şəkildə ermənipərəstlik nümayiş etdirmələridir. Nəticədə, Bakının “qoca qitə”yə etimadı zəifləyir. Hər halda, “Carnegie Europe”də bu cür düşünürlər.

Ancaq mərkəzdə onu da düşünürlər ki, Avropanın obyektiv üstünlükləri qalmaqdadır. Bu üstünlüklər genişmiqyaslı maliyyələşmə imkanları, tənzimləyici təsir gücü və uzunmüddətli bazarlara çıxışla əlaqədardır. “Birləşmiş Ştatlar diplomatik impulsla, Aİ isə maliyyə kütləsi və normativ güclə fərqlənir. Bu alətlər birləşdirildiyi halda, bir-birini tamamlayardı”, - yazan analitiklər Brüssel üçün sınaq xarakteri daşıyan nümunə kimi Naxçıvan dəmir yolunun modernləşdirilməsinin mümkünlüyü üzərində dayanır və Aİ, Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankının “Global Gateway” proqramı çərçivəsində texniki-iqtisadi əsaslandırmanın hazırlanması barədə 2026-cı ilin yanvarındakı razılaşmasını xatırladırlar. Çox güman, onlar bu razılığın Naxçıvana dəmir yolunun çəkilişinə töhfə mahiyyəti daşımasını arzulayırlar.

“Carnegie Europe” ekspertləri təklif olunan maliyyələşdirmə modelinin Balkan təcrübəsini təkrarladığını düşünür, Naxçıvana dəmir yolu əlaqəsini bərpasına dəstəyin həm də strateji seqmentdə Avropanın iştirakını möhkəmləndirməyə imkan verdiyini vurğulayırlar. Ona görə də hesabat müəllifləri Brüsseli daha geniş düşünməyə çağırırlar. Onların fikrincə, söhbətin yalnız dəmir yollarından getmədiyi bir durumda başlıca məqam kompleks infrastruktur ekosisteminin – sərhəd terminallarının, logistika mərkəzlərinin, gömrük skanerlərinin, rəqəmsal platformaların və Cənubi Qafqazı Avropa bazarı ilə birləşdirən enerji xətlərinin yaradılmasıdır və bu halda Türkiyə əlavə tranzit gəlirləri əldə edəcək, Avropa isə Rusiya, Rumıniya, Macarıstan, Azərbaycan və Gürcüstanın iştirakı ilə irəliləyən Qara dəniz kabeli layihəsi də daxil olmaqla, həssas dəniz layihələrindən asılı olmayan alternativ tədarük marşrutları qazanacaq.

Göründüyü kimi, “Carnegie Europe” mərkəzi öz hesabatı ilə Aİ-ni maksimum dərəcədə praqmatik davranmağa çağırır. Qurum Cənubi Qafqaz infrastrukturunun yenidən bölüşdürülməsi mərhələsinə daxil olduğu təsəvvürünü canlandırır və bildirir ki, indiki durumda Brüssel öz geniş miqyaslı layihəsini təklif etməsə, boşluğu digər oyunçular dolduracaqlar. Yəni “Carnegie Europe” yuxarıda vurğuladığımız kimi, təkcə təbil çalmır, eyni zamanda, Naxçıvana qatarın artıq yola çıxdığı mesajını verir. Qurum mütəxəssisləri Azərbaycan rəsmilərinin, o cümlədən, İlham Əliyevin dəfələrlə regionun münaqişələr səbəbindən itirməsi tezisini təkrarlayır və Avropanı vaxt amilini düzgün dəyərləndirməyə çağırırlar.

Bəs sonda vurğulayacağımızı anons etdiyimiz təəccüb nə ilə bağlıdır? Əslində, buna bir qədər aydınlıq gətirdik. Daha doğrusu, “Carnegie Europe”nin bəzi Aİ ölkələri tərəfindən açıq ermənipərəst siyasət yeridildiyinə dair baxışını vurğuladıq. Məlumdur ki, bu baxış Fransanın diktəsinin məhsulu idi. Yəni Paris özünün erməni sevdasını qitəyə təlqin edirdi. Bunun nəticəsində vaxtilə Aİ-nin Azərbaycan–Ermənistan normallaşmasında oynadığı rolun iflasa uğradığından xəbərdarıq. Halbuki, qurum Aİ Şurasının o zamankı prezidenti Şarl Mişelin sayəsində Bakı–İrəvan münasibətlərinin tənzimlənməsində bir sıra uğurlara imza atmışdı. Ardı gəlməyən uğurlara...

Bəli, Fransanın Aİ-yə diktə etdiyi gündəm nəticəsində təşkilat nə sülh reallığını düzgün qiymətləndirdi, nə də Cənubi Qafqazın perspektiv əhəmiyyətini. Qurumda elə sanıldı ki, əli binokllu mənasız müşahidəçiləri Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər saldırmaqla, regonda üstünlük qazanılacaq. Qazanılmadı və Aİ zəif düşdü. ABŞ-ın Prezident Donald Tramplı yeni administrasiyası bu zəifliyi görüb hərəkətə keçdi və TRIPP-in timsalında real layihə irəli sürdü. “Carnegie Europe” kimi nüfuzlu analitik mərkəz isə indi durub hesabat açıqlayır və Aİ-nin Cənubi Qafqazda ABŞ-a yenik düşdüyünü bildirir. Başqa nə olmalı idi ki? Hazırda qalır Aİ-nin məğlubiyyətlə barışması və Fransanın təhriki ilə hansısa destruktiv fəaliyyətə baş vurmaması. Hesab edirik ki, daha belə bir imkan da yoxdur. Çünki ox artıq yaydan çıxıb.

Ə.RÜSTƏMOV
XQ

Избранный
9
1
xalqqazeti.az

2Источники