RU

Uşaqları rəqəmsal təhlükələrdən NECƏ QORUYAQ?

Bir neçə saniyəlik videolar, uzunmüddətli təsirlər...

Məlumdur ki, rəqəmsal mühit müasir dövrdə informasiya əldə etməyi, əyləncəni və öyrənmə prosesini daha əlçatan edib. Bir neçə saniyəlik videolarla uşaqlar yeni biliklər qazana, dil öyrənə, yaradıcılıq bacarıqlarını inkişaf etdirə bilirlər. Xüsusilə “YouTube Shorts”, “TikTok” və oxşar platformalar sürətli və cəlbedici formatı ilə uşaqlar üçün asan istehlak olunan məzmun təqdim edir. Lakin bu rahatlığın fonunda diqqətdən qaçan və valideynlərin əksəriyyətinin narahatlığına səbəb olan mühüm bir məqam var- rəqəmsal platformaların alqoritm mexanizmi. Belə ki, sosial media platformaları istifadəçinin əvvəlki izləmə tarixçəsinə, bəyəndiklərinə və izləmə müddətinə əsaslanaraq məzmun tövsiyə edir. Bu isə o deməkdir ki, azyaşlılar valideynlərinin telefonundan istifadə edərək sosial media platformalarında videolar izləyərkən həmin platformalardakı videolar təkcə uşağın maraqlarına deyil, eyni zamanda, böyüklərin əvvəlki istifadə vərdişlərinə görə formalaşır. Nəticədə uşaq üçün uyğun olmayan, yaşına zidd və ya psixoloji baxımdan zərərli məzmunlar “YouTube Shorts”, “Tik Tok” və ya digər platformaların lentində asanlıqla qarşıya çıxa bilir. 

Xüsusilə qısa video formatı riskləri daha da artırır. Çünki “Shorts” videolarında nəzarət zəifdir, məzmun sürətlə dəyişir və bir videodan digərinə keçid saniyələr içində baş verir. Uşaq nə izlədiyini tam dərk etmədən ard-arda fərqli, bəzən isə aqressiv, qorxu yaradan və ya etik çərçivələri aşan videolarla qarşılaşa bilər.

Mütəxəssislərin fikrincə, bu vəziyyətdə valideynlərin ilk addımı platformaların texniki imkanlarını düzgün istifadə etməkdir. “YouTube”da məhdud rejim, uşaq profilləri və “YouTube Kids” tətbiqi alqoritmin daha təhlükəsiz istiqamətdə işləməsinə kömək edir. Eyni zamanda, valideynin şəxsi hesabı ilə uşağın baxış tarixçəsinin ayrılması tövsiyə olunur ki, uşaqların maraq dairəsindən kənar məzmunlu videolarla digər məzmunlar qarışmasın. Digər vacib məqam isə uşağın izlədiyi məzmunla bağlı açıq ünsiyyətin qurulmasıdır. Nəzərə alımalıdır ki, texniki nəzarət təkbaşına kifayət etmir. Alqoritmin işləmə mexanizmiminə diqqət yetirdikdə görünən odur ki, müvafiq videoların məzmunundan kənar başqa bir video izlənildiyi zaman alqoritm avrtomatik pozulur və uşaqlar üçün xüsusi seçilmiş məzmunlardan əlavə digər videolar da onların qarşısına çıxmağa başlayır. Nəzərə alsaq ki, rəqəmsal mühitdə kifayət qədər çox zorakılıq, şiddət və digər qeyri-etik məzmunlar ehtiva edən videolar mövcuddur və sosial media platformasından istifadə edən istənilən uşağın alqoritmin dəyişməsi ilə bu kimi məzmunları izləməsi mümkündür. Bu səbəbdən də uşağın nə izlədiyini bilmək, gördüyü videolar haqqında onunla danışmaq və izah vermək rəqəmsal risklərin təsirini azaltmağa kömək edir.

Rəqəmsal mühit uşaqlar üçün böyük imkanlar yaratmaqla yanaşı, valideynlər üçün də yeni çağırışlar formalaşdırır. “YouTube Shorts” kimi platformalarda təhlükəsiz məzmun axınının təmin edilməsi isə həm texnologiyanın düzgün istifadəsindən, həm də ailədaxili rəqəmsal mədəniyyətin formalaşmasından asılıdır.

Media eksperti Səbinə İzzətlinin mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, uşaqlar əksər vaxt sosial media platformalarına valideynlərinin telefonları vasitəsilə çıxış əldə edirlər: “Valideynlərin telefonundan “YouTube Shorts, yəni qısa “YouTube” videoları izləyirlər və bunun kimi digər qısa videoların yayımlandığı platformalardakı videoları izləmiş olurlar. Amma nəzərə almaq lazımdır ki, “YouTube” və digər oxşar media platformaları alqoritm əsaslı işləyir və istifadəçinin əslində əvvəlki baxış davranışına əsasən məzmun tövsiyə edir. Bu səbəbdən uşağın əslində bir neçə saniyəlik baxdığı bir video sonradan uşaq üçün uyğun olmayan məzmunların artmasına gətirib çıxara bilir. Ona görə də hesab edirəm ki, valideynlər ilk növbədə uşaqlar üçün ayrı rəqəmsal mühit yaratmalıdırlar. Mümkün olduğu hallarda “Youtube Kids” kimi uşaqlar üçün nəzərdə tutulan platformalardan istifadə etməlidirlər. Orada yaş filtrləri var, yəni yaş aralığını seçmək və valideyn nəzarətini aktivləşdirilmək mümkündür.”

Səbinə İzzətlinin sözlərinə görə, əgər hər kəs üçün nəzərdə tutulmuş “YouTube”dan istifadə olunursa, valideynlər mütləq şəkildə uşaq üçün ayrıca hesab yaratmalı, valideynin hesabına daxil olunmamalıdır: “Bununla yanaşı, uşağın baxış və axtarış tarixçəsi, mütəmadi yoxlanmalıdır uyğun olmayan videolar “marağımda deyil” şəklində yeni seçimlərlə uzaqlaşdırılaraq tənzimlənməlidir. Xüsusilə də “Shorts” formatı fərqli və nəzarətsiz keçidlər yaratdığı üçün bu kimi addımlar rəqəmsal mühitin təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır. Bundan əlavə, hesab edirəm ki, “ekran müddəti” məhdudlaşdırılmalıdır, yəni videoların avtomatik işə salınması mütləq şəkildə söndürülməlidir, fasilə xatırlatmaları aktiv edilməlidir. Bununla yanaşı, valideynlər maarifləndirici və uşaqlara uyğun videolara baxış edərək alqoritmi düzgün istiqamətləndirməlidirlər.

Sonda qeyd etməkdə fayda var ki, texniki nəzarətlə yanaşı valideynlər də uşaqlar ilə birlikdə onların baxdıqları videoları, məzmunları izləməli və həmin kontenti, müzakirə etməli, izah etməlidirlər. Bu davranış uşaqların media savadlılığının formalaşması baxımından çox əhəmiyyətlidir.”

Şahnigar Əhmədova, “İki sahil”

Избранный
9
ikisahil.az

1Источники