RU

Təxirəsalma üçün real yol! - “Qarabağ” “Nyukasl”la oyunda uğur qazansa, “Neftçi” inadından çəkilə bilər

Kubokun 1/4 final mərhələsi, “Qarabağ” – “Nyukasl” oyununun perspektivi qalıb bir kənarda, artıq günlərdi futbol ictimaiyyəti yalnız bir məsələni müzakirə edir.

Bəli, söhbət “Qarabağ”ın 21-ci tur çərçivəsində, məhz elə fevralın 21-də keçirilməsi gözlənilən “Neftçi” ilə səfər oyununu təxirə saldırmaq niyyətindən və paytaxt klubunun etirazından gedir.

Yanvarın 30-da “Qarabağ”ın “Nyukasl”la oyunlarının təqvimi (fevralın 18-də evdə, 24-də səfərdə) bəlli oldu, Qurban Qurbanov fevralın 1-də - “Turan Tovuz”la oyundan sonra niyyətini açıqladı, fevralın 2-də isə PFL 21-ci turun təqvimini açıqladı, dolayısıyla oyunun təxirə salınmasının nəzərdə tutulmadığı bilindi. Hər iki klubun rəhbərlərindən, məşqçi korpusundan daha çox azarkeşlərin fəal şəkildə müzakirə etdiyi bu məsələdə kim haqlıdı, kim günahkardı, ümumiyyətlə, günahkar varmı?

Bu elə məsələdi ki, klubun mənafeyi ilə ölkə futbolunun mənafeyi toqquşur. “Qarabağ”ı sonuncu dəfə 2021-in mayında məğlub edən “Neftçi” rəqibin üç cəbhədə başının qarışmasından yararlanmaq, nəhayət, qalib gəlmək, hətta bəlkə darmadağın etmək istəyir. Təxirəsalma variantının tərəfdarları isə deyirlər ki, onsuz da çempionluq uğrunda mübarizə aparmırsız, niyə belə canfəşanlıq edirsiz, imkan verin, “Nyukasl” ilə haqq-hesab çəkək...

Bəli, ölkə futbolunun qlobal mənafeyi “Neftçi”nin bu məsələdə geri addım atması üçün əlyeri qoyur. Amma bunu da “ağ-qaralar”dan xahiş etmək lazımdı, daha tələb yox! Bəli, “Qarabağ” ardıcıl uğurlu nəticələrlə həm ölkə futbolunun, həm də özünün reytinqini qaldırır, üstəlik pley-offa qədər irəliləməklə başqa klublara da milyonlar qazandırır.

Baxın, yenə də deyirəm: “Qarabağ” ilk növbədə öz reytinqini və büdcəsini zənginləşdirir, başqa klublar da bundan fayda götürür. Amma bu məqamdan başqalarına minnət qoymaq vasitəsi kimi yararlanmaq... – məncə, yersizdi.

Əslində “Qarabağ”ı seytnota “Neftçi” yox, UEFA salıb. Qitə futbol qurumu ilk oyunu 17-də keçirənlər üçün cavab görüşünü 24-nə, 18-də keçirənlər üçün 25-nə salmalıydı. Qəribə və əcaib sxem əsasında “Qarabağ” – “Nyukasl” dueli ilə yanaşı, daha üç cütün oyunları 18-i və 24-nə salınıb. “Qarabağ”ı Nyukasla 7 saatlıq uçuçun gözlədiyini, Azərbaycanla İngiltərə arasındakı 4 saatlıq fərqi də nəzərə alanda fevralın 21-də “Neftçi” ilə qarşılaşacaq ağdamlıların faktiki bərpa üçün bir günü də qalmır. Çünki artıq 22-də komanda yola çıxmalıdı.

“Neftçi”nin “Qarabağ”a güzəşt etməli olduğunu deyənlər birmənalı şəkildə mənəvi amillərə söykənir. Yəni ki “Qarabağ” təkcə özü yox, ölkəmiz üçün döyüşür, “Neftçi” flaqman statusunu daşıyır, həm də birbaşa çempionluq uğrunda mübarizə aparmır deyə, təxirəsalmaya razılıq verə bilər, “Qarabağ”ın uğurları Prezident İlham Əliyevin də diqqət mərkəzindədi və s. və i.a.

İş ondadı ki, biz bu təxirəsalma ideyasına əlahiddə olay kimi baxa bilmirik. Axı “Neftçi” ilə “Qarabağ” arasındakı münasiblərin dostluq xarakteri daşımaması heç kimə sirr deyil. Zaman-zaman fikir ayrılıqları da olub, münaqişələr də, ittihamlar da. Bu gün “Qarabağ”ı pley-offa vəsiqə münasibəti ilə təbrik etməyən iki komandadan biri məhz “Neftçi”disə, deməli, kökü illərə dayanan ədavət var. Ortada ədavət olanda isə mənəvi dəyərlər istər-istəməz arxa plana keçir. Futbolda da belədi, məişətdə də, gündəlik həyatda da!

Bəli, “Qarabağ” “Nyukasl” ilə çətin sınaq ərəfəsindədi. Azərbaycanın hansısa komandasının yaxın gələcəkdə premyer-liqa təmsilçiləri ilə oyuna favorit statusunda çıxması inandırıcı deyil. Amma elə bu mövsüm “Çelsi” ilə oyunun xoş təcrübəsi var. “Nyukasl” isə heç bir halda “Çelsi”dən üstün deyil. Və belə məqamda “sağsağanlar”ı mübarizədən kənarlaşdırmaq tam mümkün variantdı. Sadəcə, başı-beyni təmiz olan, bir tərəfdən “Sabah”ın, o biri tərəfdən “Neftçi”nin təzyiqini hiss etməyən “Qarabağ” üçün.

Nədənsə mən bu təxirəsalma ilə bağlı epopeyada daha xoş sonluq gözləyirəm, ya da, sadəcə, buna ümid edirəm. Tutaq ki, “Qarabağ” fevralın 18-də - “Nyukasl”la ev oyununda münasib nəticə göstərir, cavab oyunu üçün publikaya müəyyən ümid verir. Belədə “Neftçi” də son anda fikrini dəyişərək, əzəli-əbədi rəqibinə cavab görüşünə daha rahat şəkildə hazırlaşmaq imkanı yaradır. Bu dolaşıq-qarışıq məsələdən ən ideal çıxış yolu bu olardı.

Və daha bir önəmli məqam: “Neftçi” bu məsələdə hədsiz inadkarlıq göstərməklə əslində “Sabah”ın əlinə oynayır, “bayquşlar”ın mümkün çempionluğuna yol açır. Müntəzəm “Neftçi”yə söz atan, “ağ-qaralar”ı sevməyən, onlara “bu şəhər ikimizə dar” deyən “Sabah”ın!

ORXAN

Избранный
84
1
football-plus.az

2Источники