RU

Azərbaycanın beynəlxalq tərəfdaşlığı: Qlobal diplomatiyanın paytaxtı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İSTİQAMƏT: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Müstəqil Azərbaycan dövləti bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük məharətlə inkişaf etdirilən xarici siyasət kursu ölkəmizi regionun mütləq liderinə və qlobal siyasi proseslərin əsas iştirakçısına çevrilib. Azərbaycanın dünya birliyinə inteqrasiyası sadəcə iqtisadi maraqlarla deyil, həm də sülh, təhlükəsizlik və multikultural dəyərlərin təşviqi ilə xarakterizə olunur.

Milli maraqlar və balanslaşdırılmış xarici siyasət

Azərbaycanın xarici siyasətinin ana xəttini milli maraqların qorunması və beynəlxalq hüququn aliliyi təşkil edir. Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa nail olub. Bu gün rəsmi Bakı həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaşdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövr göstərdi ki, ölkəmiz qlobal güc mərkəzləri arasında neytrallığı qorumaqla yanaşı, dünya miqyasında ədaləti və həmrəyliyi təşviq etmək iqtidarındadır. 120 ölkəni birləşdirən bu təşkilatda Azərbaycanın liderliyi, pandemiya dövründə atılan humanist addımlar dövlətimizin beynəlxalq nüfuzunu sarsılmaz etdi.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının ən mühüm sütunlarından biri də enerji strategiyasıdır. 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi" ilə başlayan yol, bu gün "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Azərbaycan artıq sadəcə neft-qaz ixracatçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin qarantıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və nəhayət, TAP və TANAP layihələri Azərbaycanı beynəlxalq iqtisadi sistemin ayrılmaz hissəsinə çevrilib.

Bundan əlavə, ölkəmizin "yaşıl enerji"yə keçid strategiyası və Xəzər dənizinin potensialından istifadə edərək Avropaya bərpa olunan enerji ixrac etmək planları gələcəyə yönəlmiş böyük inteqrasiya addımıdır. COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi qərarı, dünya birliyinin Azərbaycanın ekoloji gündəliyinə və təşkilatçılıq qabiliyyətinə olan sonsuz etimadının göstəricisidir.

Regional əməkdaşlıq və nəqliyyat qovşağı rolu

Azərbaycanın coğrafi mövqeyi onu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji qovşağa çevirib. "Orta Dəhliz" layihəsinin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və Ələt Azad İqtisadi Zonası ölkəmizin tranzit potensialını maksimuma çatdırıb. Bu layihələr region ölkələri — Türkiyə, Gürcüstan, Mərkəzi Asiya dövlətləri ilə iqtisadi bağları daha da sıxlaşdırır.

Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyə ilə imzalanmış “Şuşa Bəyannaməsi” iki qardaş ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmaqla regionda yeni bir reallıq yaradıb. Türk Dövlətləri Təşkilatı daxilindəki fəallığımız isə ortaq tarixi-mədəni köklərə malik xalqların vahid güc mərkəzi kimi çıxış etməsinə xidmət edir.

Beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik

Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər platformalarda fəal təmsil olunaraq öz haqlı səsini dünyaya çatdırır. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz diplomatiyamızın ən böyük qələbələrindən biri kimi tarixə düşdü. Ölkəmiz hər zaman beynəlxalq humanitar hüququn tərəfdarı kimi çıxış etmiş, mədəniyyətlərarası dialoqun inkişafı üçün "Bakı Prosesi" kimi qlobal təşəbbüslər irəli sürmüşdür. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və bu model bu gün dünyada tolerantlıq nümunəsi kimi öyrənilir.

44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın xarici siyasətində yeni mərhələ açdı. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətimiz indi regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları xarici investorlar üçün yeni imkanlar yaradır.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün iradə nümayiş etdirir. Bu sülh təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqazın dünya birliyinə daha sıx inteqrasiyası və iqtisadi çiçəklənməsi üçün zəruridir. Zəngəzur dəhlizinin açılması isə regionun nəqliyyat mənzərəsini tamamlayacaq sonuncu mühüm həlqədir.

Belliklə də Azərbaycanın dünya birliyinə inteqrasiyası dinamik və çoxşaxəli bir prosesdir. Güclü iqtisadiyyat, rəqabətədavamlı insan kapitalı və prinsipial xarici siyasət Azərbaycanın gələcək uğurlarının təminatıdır. Bu gün dövlətimiz həm regionun təhlükəsizlik adası, həm də qlobal miqyasda söz sahibi olan nüfuzlu bir subyektdir. Azərbaycanın yolu inkişaf, tərəqqi və dünya birliyi ilə hərtərəfli inteqrasiya yoludur.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
cebheinfo.az

2Источники