RU

Eurofighter Typhoon qırıcısını genişmiqyaslı yenilənmə gözləyir: Nələr məlumdur?

Eurofighter Typhoon qırıcıları genişmiqyaslı modernizasiyadan keçəcək. Bununla bağlı müqavilə Eurofighter konsorsiumu ilə NETMA agentliyi arasında imzalanıb...

Poliqon xəbər verir ki, bu razılaşmanın əsas məqsədi aerodinamik modernizasiya dəstinin hazırlanması və sınaqdan keçirilməsidir. Layihə Airbus, BAE Systems və Leonardo şirkətlərinin iştirakı ilə həyata keçiriləcək. Militarnıy nəşrinin yazdığına görə, bu əməkdaşlıq təyyarənin döyüş effektivliyinin artırılmasına yönəlib.

"Mühəndis-texniki dəyişikliklər təyyarənin korpusu və qanadlarının konstruksiyasına toxunacaq. Mühəndislər füzeliyajın axın hissələrini genişləndirməyi və qanad mexanizasiyasını yeniləməyi planlaşdırırlar ki, bu da qaldırma qüvvəsini nəzərəçarpacaq dərəcədə artıracaq. Nəticədə təyyarə daha manevrli olacaq", deyə materialda qeyd olunur.

Aerodinamikanın yaxşılaşdırılması hədəflərin aşkar edilməsi və tutulması sistemlərinə də müsbət təsir göstərəcək. Müxtəlif uçuş rejimlərində daha stabil uçuş sayəsində pilotlar düşmən hədəflərini daha asan şəkildə sabitləşdirə biləcəklər. Bundan əlavə, təyyarənin modernizasiyası ona yeni silah növlərinin daha sürətli inteqrasiyasına imkan verəcək.

İlk növbədə söhbət düşmən radarlarının məhv edilməsi üçün nəzərdə tutulmuş müasir antiradar raketlərindən gedir. Bununla yanaşı, təyyarə "hava–yer" və "hava–hava" siniflərinə aid raketlərin ən son versiyalarını, o cümlədən böyük mənzilli qanadlı raketləri də alacaq.

Eurofighter Typhoon Eurofighter konsorsiumu tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. Onun hazırlanmasına 1983-cü ildə başlanılıb. 27 mart 1994-cü ildə isə qırıcının ilk prototipi ilk uçuşunu həyata keçirib. İlk seriyalı Typhoon 4 avqust 2003-cü ildə istehsal olunub.

Bu təyyarə bir sıra ölkələrin silahlanmasında yer alır. Onların sırasında Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya və digər ölkələr var.

Eurofighter Typhoon iki variantda təqdim olunur – biryerlik və ikiyerlik. Təyyarənin uzunluğu 15,96 metr, qanad açıqlığı isə 10,95 metrdir. Boş kütləsi 11 000 kq, maksimal uçuş çəkisi isə 23 500 kq-a çatır.

Maksimal hündürlükdə bu qırıcının sürəti 2 Maxa (10 975 m hündürlükdə 2495 km/saat) çata bilir. Yer səthinə yaxın uçuşda isə sürət 1,2 Max təşkil edir (1470 km/saat). Forsajsız kruiz sürəti 1,5 Maxadır. Uçuş məsafəsi 2900 km-dir.

Poliqon.info

Избранный
9
poliqon.info

1Источники