RU

Ağ Ev: İran rejiminə Prezidentin sərəncamında bir çox seçimlərin olduğunu xatırlatmaq istərdik

Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ–İran danışıqları ərəfəsində verdiyi açıqlamada Prezident Donald Trampın İrana qarşı bir çox alternativ variantlara malik olduğunu vurğulayıb, eyni zamanda Kuba rəhbərliyini bəyanatlarında ehtiyatlı olmağa çağırıb.

Editor.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ və İran arasında keçiriləcək görüşlərdən öncə Ağ Evdə təşkil olunan mətbuat konfransında çıxış edərək ABŞ Prezidenti Donald Trampın sərəncamında müxtəlif seçimlərin olduğunu bildirib.

Livitt qeyd edib:

“Bu danışıqlar davam etdiyi müddətdə İran rejiminə ABŞ Prezidentinin sərəncamında bir çox variantın mövcud olduğunu xatırlatmaq istərdim”.

Mətbuat konfransında Livittə Kuba Prezidenti Migel Dias-Kanelin ABŞ-la heç bir təzyiq və ilkin şərt olmadan dialoqa hazır olması barədə açıqlamasına münasibəti ilə bağlı da sual ünvanlanıb.

Ağ Evin sözçüsü cavabında bildirib:

“Hesab edirəm ki, Kuba hökuməti son mərhələsini yaşayır və ölkə çökmə həddinə yaxındır. Onlar ABŞ Prezidentinə ünvanlanan açıqlamalarında daha düşüncəli davranmalıdırlar. Bununla belə, daha əvvəl də qeyd etdiyim kimi, Prezident hər zaman diplomatik dialoqa açıqdır və düşünürəm ki, bu istiqamətdə Kuba hökuməti ilə müəyyən təmaslar da olub”.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники