RU

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

Ukrayna və Rusiya 314 məhbus mübadiləsi aparacaq 

ABŞ-nin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətləri 314 məhbus mübadiləsi barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial media platformasında məlumat verib.

"Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları yolu ilə əldə edilib. Hələ görüləsi çox iş qalsa da, bu addımlar davamlı diplomatik əlaqələrin gözəçarpan nəticələr verdiyini və Ukraynadakı müharibənin sona çatmasına töhfə verdiyini göstərir", - deyə o yazıb və qeyd edib ki, bu, 5 ay ərzində ilk məhbus mübadiləsidir. S.Uitkoffun sözlərinə görə, müzakirələr davam edəcək və qarşıdakı həftələrdə daha da irəliləyiş gözlənilir.

Xatırladaq ki, fevralın 4-5-də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqların növbəti mərhələsi keçirilib. Üçtərəfli məsləhətləşmələr qrup işi formatında keçirilir və mövqelərin daha da sinxronlaşdırılmasını nəzərdə tutur.

Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik işlərin və danışıqlar qrupunun səylərinin gücləndirilməsi sayəsində Ukraynadakı müharibənin gələn ilin əvvəlində başa çatacağına ümid etdiyini bildirib.

Əsir mübadiləsi Rusiya və Ukrayna arasında əvvəlki danışıqlar raundunun əsas nəticəsi idi. Tərəflər 2025-ci ilin yaz və yay aylarında Türkiyədə görüşmüşdülər, lakin ABŞ bu prosesdə iştirak etməmişdi.

TASS Agentliyinin məlumatına görə, danışıqlardakı atmosfer əvvəlki görüşlərlə müqayisədə daha işgüzardır, baxmayaraq ki, nümayəndə heyəti üzvləri arasında fikir ayrılıqları var. Agentlik həmçinin üç ölkənin nümayəndələrinin iqtisadi aspektləri, ərazi məsələləri və atəşkəs mexanizmini müzakirə etdiklərini bildirib.

Keçən dəfə olduğu kimi, Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff rəhbərlik ediblər.

Xatırladaq ki, danışıqların birinci mərhələsi yanvarın 23-24-də Əbu-Dabidə baş tutub və bütün iştirakçılar onları məhsuldar adlandırıblar. Görüşdən sonra nümayəndə heyətlərinin yenidən görüşmək niyyətindən başqa heç bir rəsmi razılaşma elan edilməyib. "New York Times" qəzetinin yaydığına görə, Rusiya nümayəndə heyəti Kiyevin enerji təchizatına zərbələri dayandırmaq tələbini şifahi şəkildə qəbul edib.

BƏƏ-dəki görüşdən qısa müddət sonra Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin şaxtalı hava səbəbindən Kiyevə və Ukraynanın enerji sektoruna zərbələri bir həftə təxirə salmağa razı olduğunu açıqlamışdır. Kreml bu məlumatı təsdiqləmiş, lakin moratoriumun əvvəlcə ikinci mərhələ üçün planlaşdırılan fevralın 1-nə qədər davam edəcəyini açıqlamışdı. Kiyev Moskvanın hərəkətlərinə eyni cavabı verəcəyini bildirmişdi.

Həqiqətən də, bir neçə gün enerji sektoruna zərbələr endirilməmişdir. Lakin Moskva fevralın 3-dən enerji infra-strukturuna hücumları bərpa edib. Həmin günün axşamı Rusiyanın Belqorod şəhəri və ətraf bölgə də raket hücumu nəticəsində elektriksiz qalıb. Hücumlar fevralın 4-də danışıqların ikinci mərhələsi başladıqdan sonra da davam edib. 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
4
azerbaijan-news.az

1Источники