RU

Əliyev Ermənistanla ilk 6 aylıq işə yekun vurdu... Yeni hədəflər...



Bu aylar ərzində biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik. Bu barədə Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

“Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, - deyə dövlət başçısı vurğulayıb.

Məhərrəm Zülfüqarlı: “Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalamaq üçün böyük məsafə qət edilib”

Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ölkəmizin uğurlarının ildən ilə artmasına səbəb oldu: “Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nı alması da bu uğurlardan biridir. Bu, çox böyük göstəricidir. Niyə? Ona görə ki, 2020-ci ilin sentyabrına qədər bütün bunlar əlçatmaz məsələ kimi görünürdü. ATƏT-in Minsk Qrupu 27 il başımızın altına yastıq qoymaqla bizi işğalla barışmağa məcbur etmək istəyirdi. Məhz Azərbaycan xalqının dəyanəti, Prezident ətrafında sıx birləşməsi ilə biz bu problemi həll etdik. Bundan sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da artmağa başladı. Sözügedən mükafat bir daha göstərdi ki, Azərbaycan düz yoldadır və Qafqazda sülhün bərqərar olmasının əsas aparıcısı ölkəmizdir. İndi sülhə ciddi cəhd edən Paşinyan bir vaxtlar tamamilə başqa mövqedən çıxış edirdi. Ancaq Azərbaycanın qələbəsi nəticəsində Paşinyan mövqeyini 180 dərəcə dəyişərək Vaşinqtonda sülh sazişini parafladı. Həmçinin, Zəngəzur dəhlizinin, Türkiyə ilə sərhədlərin açılması məsələsini ortaya qoyur. Müsbət olan odur ki, qələbədən sonra Azərbaycan davamlı olaraq xoşməramlı niyyətini ortaya qoyur. Azərbaycan üzərindən Ermənistana yüklər daşınır, neft ixrac edirik və s. Bütün bunlar onu göstərir ki, biz sülh məsələsində dayanıqlı siyasət yeridirik. Ermənistanın mövcud hakimiyyəti də bunu yüksək dəyərləndirir. Biz bunun təzahürünü təqdimetmə mərasimində Paşinyanın Əliyevə necə böyük hörmətlə yanaşdığını kənardan görməmək mümkün deyil. Görünən odur ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalamaq üçün böyük məsafə qət edilib. Biz unutmamalıyıq ki, sülhə qarşı olan qüvvələr iyunda Ermənistanda keçiriləcək seçkilərə ciddi hazırlaşırlar. Onlardan biri də Rusiyadır. Hesab edirəm ki, revanşistlərin, düşmən qüvvələrin təxribatlarını pozmaq üçün seçkidən əvvəl sülh sazişini imzalamaq daha məqsədəuyğun olar. Çünki Kremlin məqsədi Rusiyaya bağlı revanşist qüvvələri yenidən hakimiyyətə gətirməkdir. Bir də Bakı-İrəvan münasibətlərində ifrata da yol vermək olmaz. Çünki bu müharibədən zərər çəkən ailələr həddən artıq çoxdur. Yəni tərəflər arasında barışıq tədricən həyata keçirilməlidir”.

Vidadi ORDAHALLI

Избранный
42
baki-xeber.com

1Источники