Özbəkistanın Daşkənd şəhərində yerləşən Daşkənd Renessans Təlim Universitetində Türkoloji qurultayın 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Həmin konfransda Özbəkistanda elmi ezamiyyətdə olan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “I Türkoloji qurultayın Türk xalqlarının mədəni-fəlsəfi həyatına təsiri: tarix və müasirlik” mövzusunda əsas məruzəçi kimi çıxış edib.
Newscenter.az-ın xəbərinə görə, Faiq Ələkbərli bildirib ki, yüz il bundan öncə Azərbaycanın paytaxtı Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsi Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində çox mühüm bir hadisə olmuşdur: “Birinci Türkoloji Qurultayın keçirilməsində əsas məqsəd Türk xalqlarının milli əlifbası və milli terminologiya məsələsi olsa da, digər önəmli məsələlər də müzakirə olunmuşdur. Sovet Rusiyası Türk xalqlarını Ərəb əlifbasından və Ərəb-Fars mənşəli sözlərdən uzaqlaşdırmaqla imperiya maraqlarına güddüyü halda, Türk xalqlarını təmsil edən alimlər bu fürsətdən istifadə edərək yeni Türk əlifbası və təmiz Türk dili formalaşdırmağa cəhd göstərmişdilər. Bu baxımdan bütün türkoloq alimlər, o cümlədən Azərbaycan türkoloqları üçün bu mücadilə bir tərəfdən şərəfli olsa da, digər tərəfdən onların böyük çoxluğunun repressiya olunması ilə nəticələnmişdir”. Azərbaycanlı alim daha sonra qeyd edib ki, Sovetlər Birliyinin rəhbərliyinin əsas məqsədi Türk xalqları üçün nə asan bir Türk əlifbası yaratmaq nə də, təmiz-saf Türk dili formalaşdırmaq olub: “Sovet ideolqları Türkoloji qurultayın keçirilməsinə şərait yaratmaqla bir tərəfdən Türk xalqlarını özünə bağlamaq üçün yollar arayır, digər tərəfdən bu işə Türkçülük ruhunda yanaşanları repressiya etmək niyyəti güdürdü. Türkoloji qurultaydan bir müddət keçdikdən sonra Türkoloq alimlərin repressiya olunması fonunda, Sovet rəhbərliyinin Türk xalqlaına nisbətdə milli əlifba və milli dil məsələsində apardığı ruslaşdırma siyasəti öz bariz mahiyyətini ortaya qoymuşdu. Ancaq bütün hallarda həmin dövrdə türkoloq alimlərin Türk xalqlarının milli əlifba, milli dil, milli tarix, milli fəlsəfə və s. sahələrdə ortaya qoyduqları milli əməlləri gələcək nəsillər üçün bir şərəfli bir yol olmuşdur”.
Konfransın sonunda Faiq Ələkbərli müəllifi olduğu kitabları Renessans Təlim Universitetinin kitabxanasına bağışlamışdır. Eyni zamanda, həmin universitetin rəhbərliyi maraqlı və dərin məruzəyə görə Azərbaycan aliminə öz hədiyyələrini təqdim ediblər.
Süleyman