2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Sülh sazişi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması həmin maneələrə ən tutarlı cavabdır. Bu tarixi sənədlərin Azərbaycan üçün əhəmiyyəti həm də ondadır ki, dünyanın bir nömrəli ofisində ABŞ Prezidentinin şahidliyi ilə döyüş meydanında qazandığımız Qələbə siyasi-hüquqi müstəvidə də təsdiqini tapdı. İlk dəfə olaraq, ABŞ Administrasiyası tərəfindən Azərbaycanın haqlı iddialarına adekvat və obyektiv münasibət göstərildi. Ağ Evdə Prezident Donald Trampın Azərbaycan Prezidentinə “Siz böyük Lidersiniz”,-deyərək, qərəzli 907-ci düzəlişin qüvvəsini dayandırması qərarı bir həqiqəti də ortaya çıxardı. Göstərdi ki, indiki mürəkkəb dünyada ən çətin problemlərin həlli Liderlərin siyasi iradəsindən və onların arasındakı qarşılıqlı etimad mühitindən birbaşa asılıdır.
Cəmiyyətimiz bu gün onu da bilir ki, Vaşinqton razılaşmalarına aparan yol heç də hamar olmayıb. Bu yolda əyilməz siyasi iradə və peşəkar diplomatiya hesabına bir çox maneələrin qarşısı alınıb, qərəzli müdaxilə cəhdlərinə qətiyyətlə “yox” deyilib. Bununla yanaşı, həmin yolda Azərbaycanın haqlı mövqeyini daima dəstəkləyən, Türkiyə başda olmaqla qardaş və dost ölkələrin sayı da az olmayıb. Tarixi Vaşinqton Sammitindən bir ay əvvəl, ötən ilin iyulunda Əbu-Dabidə keçirilən yüksəksəviyyəli görüş də, heç şübhəsiz ki, sülhə öz töhfəsini verdi. Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması sülh naminə ədalətli və cəsarətli Lider fəaliyyətinə verilən ali qiymətdir. Bu nüfuzlu Mükafatı başqalarından fərqləndirən və ona xüsusi status verən məqam onunla bağlıdır ki, həmin Mükafat Müsəlman Ağsaqqalları Şurasının Sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Əl-Əzhər Şərifin böyük imamı, professor Əhməd Əl-Tayyibin və Roma Papası XlV Leonun “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına ünvanladıqları təbrik məktubları olduqca dərin məna kəsb edir, sivilizasiyalar və dinlər arasında dialoqu və dinc birgəyaşayışı təşviq edir. Bu iki məktubun Əbu-Dabidə bir arada səsləndirilməsi növbəti dəfə göstərir ki, hətta XXl əsrdə dinlər və sivilizasiyalar arasında təfriqə salan, ayrı-seçkilik edən cılız və cahil fikir daşıyıcılarına yalnız dialoqun, anlaşmanın, sülhün və qarşılıqlı etimad mühitinin təşviq olunması ilə qalib gəlmək mümkündür. Nüfuzlu Mükafatın Azərbaycan Prezidentinə təqdim olunması Prezident İlham Əliyevin həm də bu istiqamətdə göstərdiyi səylərə verilən ali qiymətdir.
Dünyada artıq çoxlarına sirr deyil ki, multikulturalizm və tolerantlıq ölkəmizdə yalnız dövlət siyasəti deyil, həm də xalqımızın əsrlərə söykənən oturuşmuş həyat tərzidir. Elə bu səbəbdən, Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı olması, işğalçı ölkəyə sülh təklif etməsi, əslində, təəccüb doğurmamalıdır. Azərbaycan Prezidentinin bu təşəbbüsü iki xalqın və bütövlükdə regionun etibarlı gələcəyi ilə yanaşı, daha geniş coğrafiyada sülhün və əmin-amanlığın təşviqinə xidmət edir. Mükafatın təqdimolunma mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir də elə həmin məqsədə, dünyada ədalətin və ümumbəşəri dəyərlərin qorunmasına xidmət edir: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın nüfuz göstəricilərindən biri də onunla bağlıdır ki, onun münsiflər heyətində Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini və digər görkəmli şəxslər təmsil olunur. Məhz bu tərkibdən ibarət olan münsiflər heyəti dünya miqyasında bütün sülh modellərini araşdırdıqdan sonra ali Mükafatın Azərbaycan Prezidentinə təqdim olunması ilə bağlı yekdil qərar veriblər. Tarix növbəti dəfə sübut edir ki, bütün maneə və təzyiqlərə baxmayaraq, haqq və ədalət yolunda siyasi iradə nümayiş etdirən, öz dövlətinin milli maraqları ilə yanaşı, ümumbəşəri dəyərlərin qorunmasına əhəmiyyətli töhfə verən Liderə bütün xalqlar hörmət edir, ehtiram göstərir. Artıq o da danılmaz həqiqətdir ki, müasir dünyada istənilən ölkə tarixi-mədəni irsi, dövlətçilik ənənələri, mənəvi dəyərləri və uğurları ilə yanaşı, həm də belə Lideri ilə tanınır.Ülvi Quliyev
Milli Məclisin deputatı