RU

Abubakarı ehtiyata göndərən adam: “Onun kimi olmağa çalışıram”

Yuri Vernidubun “Neftçi”yə gəlişi ən çox Bassala Sambunun işinə yarayıb.

İngiltərəli hücumçu mövsümün əvvəlində əsas heyətdə yer alırdısa, Vensan Abubakarın transferindən sonra ehtiyatda oturmaq məcburiyyətində qalmışdı.

Samir Abasovun gedişindən sonra müvəqqəti baş məşqçi səlahiyyətlərini daşıyan Sənan Qurbanov Sambu ilə Abubakarı eyni anda ilk dəqiqələrdən meydana buraxırdı.

Vernidub gəldiyi gündən Bassalaya “11-lik”də yer verir, ünlü Abubakarı yanında oturmağa səsləyir.

“9 nömrə” Premyer Liqanın 14 turunda 4 qolla yadda qalmışdısa, ukraynalı çalışdırıcının dönəmində 4 oyunda 3 qolla fərqlənib.

Maraqlıdır, Bassala mövcud durumu ilə bağlı hansı fikirdədir? Abubakarı ehtiyatda oturmağa məcbur etməsi onda özünəinam yaradır?

Əvvəlkə dövrlə müqayisədə son matçlarda qolları sıralamasının kökündə nə dayanır?

Sambu Sportinfo.az-a danışır:

“Hücumçu psixologiyası belədir. Qol vuranda davamı gəlir. Bəzən qol şanslarını qaçıranda, ayağı “bağlanır”.

Mövsümün əvvəlində bəzi matçlarda əlverişli şansları boşa verməyim üzərimdə müəyyən təzyiq yaratmışdı. Məncə, məhsuldarlığımın aşağı olması buna görəydi.

Abubakarla müqayisə olunmağı qətiyyən istəmirəm. Abuya sonsuz dərəcədə hörmətim var, onu özümə böyük qardaş bilirəm. Möhtəşəm karyeraya sahib böyük futbolçudur.

Məşqlərdə ondan daha çox öyrənməyə çalışıram. Hər hərəkətini diqqətlə izləyirəm ki, təcrübəsindən nələrsə qazanım.

Əlbəttə, komandada rəqabətin olması mütləqdir. Lakin mən Abuya mövqeyimdəki rəqib kimi yox, böyük qardaş kimi baxıram. İnanılmaz dərəcədə peşəkardır.

Mən də onun kimi olmağa çalışıram. Vensanın “Neftçi”də olması bəlkə də ən çox mənim xeyrimədir”.

Vensan Abubakar “Neftçi” formasında meydana çıxdığı 12 oyunda 6 qol və 1 məshuldar ötürmə ilə yadda qalıbsa, Bassala Sambu 20 matçda 7 qol və 1 assistlə fərqlənib.

HƏBİB

Избранный
30
sportinfo.az

1Источники