RU

Məktəblərdə vahid geyim formasının tətbiqində boşluqlar varVİDEO

Bəzi məktəblərdə şagirdlər arasında vahid geyim kodeksinin pozulması, təhsil və tədris normalarına uyğun olmayan çox qapalı və ya qaydalara uyğun olmayan geyimlərə üstünlük verilməsi  hallarına rast gəlinir. Şagirdlər arasında sosial bərabərliyin qorunması məqsədilə vahid geyim formasının tətbiq olunmasına baxmayaraq, bəzi məktəblilərin qaydaları pozması bu məsələlədə ciddi nəzarət və yanaşma tələb edir.

Xezerxeber.az-ın məlumatına görə, ölkədə uzun illərdir məktəblilər üçün vahid geyim kodeksi formalaşdırılsa da, istər oğlanlarda, istərsə də qızlarda məktəb mühitinə uyğun olmayan, diqqət çəkən, bəzən də etik normalara uyğun olmayan və tədris prosesinə kölgə salan geyimlərə üstünlük verilməsi müşahidə olunur.

Bəzi valideynlər və şagirdlər bunu "şəxsi azadlıq" kimi əsaslandırsalar da, məktəbin mahiyyəti və funksiyası bu yanaşma ilə uzlaşmır. Geyim kodeksinə əməl olunmaması təkcə estetik məsələ deyil, həm də nizam-intizam və psixoloji mühitlə birbaşa əlaqəlidir. Şagirdlər arasında müqayisə, özünü başqalarından geridə qalmış hiss etmə, diqqətin dərsdən yayınması kimi problemlər məhz bu cür halların fonunda yaranır. Bu isə vahid məktəb formasının tətbiqində əsas məqsədlərdən biri olan sosial bərabərlik prinsipinə ziddir.

Mövzuya münasibət bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, bu cür hallar məktəbin əsas funksiyası olan təhsil və tərbiyə məqsədləri ilə ziddiyyət təşkil edir və şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb olur.

O həmçinin əlavə edib ki, şagirdlərin tədris prosesində geyim kodeksinin nizam-intizamında məsuliyyət yalnız məktəblərin üzərinə düşməməlidir.

Millət vəkili Günay Ağamalının sözlərinə görə, vahid məktəbli formasının tətbiqindən sonra açıq-saçıq geyinmə hallarının qarşısının alınması istiqamətində nəticələr əldə olunsa da, hazırda məktəbə çox qapalı, geyim kodeksinə uyğun olmayan geyimlə gələn şagirdlərin sayı da az deyil.

Təhsil ekspertləri isə bildirirlər ki, bu istiqamətdə hüquqi və maarifləndirici tədbirlər gücləndirilməli, eyni zamanda, müəyyən qanunvericilik və hüquqi normativ aktlar hazırlanmalıdır.

Ekspert onu da qeyd edib ki, məktəblərdə geyimlər qaydalara uyğun, hüquqi çərçivədə tənzimlənməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
43
xezerxeber.az

1Источники