Buna səbəb ABŞ-nin vitse-prezidenti Vens ilə eyni tribunada oturmamaqdır...
Fransa lideri Avropanı açıq tənqid edən Cey Di Venslə yanaşı görünmək istəmir.
Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırmır. Radio-1-in məlumatına görə, buna əsas səbəb ABŞ-nin vitse-prezidenti Cey Di Venslə eyni tribunada əyləşmək istəməməsidir.
Fransa prezidentinə yaxın mənbələrin bildirdiyinə görə, Makron Avropanı dəfələrlə açıq şəkildə tənqid etmiş ABŞ-nin vitse-prezidenti ilə hətta bu cür yüksək statuslu beynəlxalq tədbirdə belə yanaşı görünməyi məqsədəuyğun saymır. Rəsmi Parisdə bu addım diplomatik jestdən daha çox siyasi mövqe nümayişi kimi qiymətləndirilir.
Bundan əlavə, mənbələr qeyd edir ki, Emmanuel Makronun İtaliyanın baş naziri Corcia Meloni ilə münasibətləri də xeyli soyuqdur. Son dövrlər Avropa İttifaqı daxilində miqrasiya, təhlükəsizlik və ABŞ-nin Avropadakı rolu ilə bağlı fikir ayrılıqları Paris–Roma xəttində gərginliyi daha da artırıb.
Bu amillər fonunda Olimpiadanın açılış mərasimi Fransa lideri üçün daha bir rəmzi səbəbə çevrilib ki, o, tədbiri görməzlikdən gəlsin. Müşahidəçilərin fikrincə, Makronun mümkün iştirakdan imtinası Avropa daxilində və transatlantik münasibətlərdə artan siyasi məsafənin növbəti göstəricisi kimi dəyərləndirilə bilər.
Poliqon.info