RU

Türkiyə Suriyanı müharibədən xilas etmək istəyib

AzVision.az xəbər verir ki, “The Middle East Eye” (MEE) nəşrinin məlumatına görə, “tamamilə məxfi” qrifli sənəddə BMT-nin baş katibi Pan Gi Mun ilə Türkiyənin ovaxtkı xarici işlər naziri Əhməd Davudoğlu arasında 2011-ci il avqustun 16-da keçirilmiş görüşün rəsmi protokolları yer alıb.

Nəşr söhbətin Suriyada vətəndaş müharibəsinin qızğın çağında, Bəşər Əsədin Həma şəhəri ətrafında hökumət əleyhinə artan etirazlara cavab vermək yollarını axtardığı dövrdə baş tutduğunu bildirir. Həmin ilin iyul ayının sonlarında Əsəd etirazları zorakılıqla yatırmağa başlayıb ki, bu da Suriya böhranının kəskinləşməsində əsas amillərdən birinə çevrilib.
Sənədə əsasən, Davudoğlu Pan Gi Muna 2011-ci ilin yanvarında Əsədlə görüşdüyünü və onu islahatlar həyata keçirməyə çağırdığını bildirib.

“Əsəd razılaşdı, lakin heç nə etmədi”, – türkiyəli nazir BMT-nin baş katibi ilə söhbətində deyib.

2012-ci ilin aprelində yenidən Suriyaya səfərə gələn Əhməd Davudoğlu Bəşər Əsədə dərhal həyata keçirilməli olan islahatların siyahısını təqdim edib.

- Prezident razılaşdı və hətta həyata keçirməyi planlaşdırdığı islahatlarla bağlı ictimai bəyanat da verdi, lakin yenə də heç nə etmədi”, – Davudoğlu vurğulayıb.

“MEE”nin məlumatına görə, vətəndaş müharibəsindən əvvəl Türkiyə və Suriya arasında sıx diplomatik əlaqələr mövcud olub və Ankaranın Dəməşqə münasibətdə mövqeyini dəyişməsi aylar çəkib.

Sənəddə qeyd olunur ki, Davudoğlu Həmada Əsədlə altı saatlıq görüş keçirib, bunun 3,5 saatı üzbəüz formatda baş tutub. Nazir müsəlmanların müqəddəs Ramazan ayında Əsədin niyə əhalinin sıx yaşadığı bir şəhərdə hərbi əməliyyata başladığını heç kimin anlaya bilmədiyini vurğulayıb. Suriya lideri isə bu addımını silahlı qrupların bir neçə polis əməkdaşını öldürməsi ilə əsaslandırıb və bunu qoşunların yerləşdirilməsinə bəraət kimi təqdim edib.

Türkiyə XİN-in ovaxtkı rəhbəri təkid edib ki, etimadın bərpasının yeganə yolu beynəlxalq komissiyanın şəhərə buraxılması və əsas islahatların həyata keçirilməsidir. Bu baxımdan, Əhməd Davudoğlu iki ssenari irəli sürüb:ya dəqiq qrafik əsasında islahatlar dərhal həyata keçiriləcək, ya da İraq və Liviya liderləri Səddam Hüseyn və Müəmmər Qəddafi ilə olduğu kimi, qaçılmaz beynəlxalq təcridə aparan mövcud siyasət davam etdiriləcək.

Əsəd əvvəlcə razılaşdırılmış bəzi addımlar ataraq tankları Həmadan geri çəkib və Türkiyə səfirinə vəziyyəti müşahidə etmək imkanı verib. Lakin daha sonra yenidən kursunu dəyişib.
Sənəddə həmçinin qeyd olunur ki, Əsədlə əlaqə saxlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-nin prezident Barak Obamanın administrasiyası onu vəziyyətlə bağlı təcili addımlar atmağa çağırıblar.

Sahil İsgəndərov
AzVision.az
Избранный
62
1
azvision.az

2Источники