ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Elon Musk bildirib ki, AI texnologiyalarının sürətli inkişafı enerji əsaslı qlobal rəqabət yaradacaq, məlumat mərkəzlərinə tələbat isə mövcud elektrik infrastrukturunu ciddi sınağa çəkir. Musk bu problemin həlli kimi günəş enerjisi, batareya ilə enerji saxlama və güclü enerji infrastrukturu modelini təklif edib.Azərbaycan AI texnologiyaları üçün regionda əsas mərkəzə çevrilə bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına İKT mütəxəssisi Elvin Həsənov bildirib ki, Azərbaycan çox ciddi bir süni intellekt və data mərkəzinə çevrilə bilər: “Süni intellekt dövründə əsas yarış kimin alqoritmi daha ağıllıdır yanaşmasından çox, kimin enerjisi daha ucuz, stabil və davamlıdır sualını yaradır. Çünki böyük AI modelləri artıq təkcə proqram deyil, real vaxtda işləyən, milyonlarla hesablamanı saniyədə edən, ciddi elektrik tələb edən sənaye obyektləridir. Data mərkəzləri fabrik kimidir və bu fabriklərin əsas xammalı elektrikdir. Ona görə də Muskın dediyi günəş enerjisi + batareya + güclü infrastruktur modeli heç də təsadüfi deyil. Çünki AI fasiləni sevmir. Elektrik kəsildi, gərginlik düşdü, enerji bahalaşdısa, deməli AI sistemi dayanır və bu artıq milyonlarla dollar zərər deməkdir. Ona görə də gələcəkdə süni intellekt sahəsində lider olan ölkələr neftə yox, sabit və ucuz elektrikə sahib olan ölkələr olacaq. Təsəvvür edin ki, bu yarış artıq texnologiya yarışı yox enerji yarışıdır. Azərbaycanın real şansına baxsaq, birincisi enerji istehsalı və infrastrukturu baxımından regionda güclü mövqeyimiz var və bərpa olunan enerji layihələri də sürətlənir. Bu da data mərkəzləri və AI kimi sistemlər üçün birbaşa üstünlükdür. Amma ən əsas vacib məqamı da açıq demək lazımdır ki, enerji əlbətdəki böyük üstünlükdür, amma onu AI mərkəzinə çevirmək üçün güclü və dayanıqlı data mərkəzləri, beynəlxalq səviyyədə etibarlı internet magistralları, məlumatların qorunması və saxlanması üçün eyni zamanda ixtisaslı İT və mühəndis kadrları olmalıdır. Yəni enerji təməl rolunu oynayır, amma binanın özü texnoloji əsaslarla sağlam olmalıdır. Mənim fikrimcə Azərbaycan qlobal bazarda AI lideri olmasa belə, region üçün çox ciddi bir AI və data mərkəzi hub-ına çevrilə bilər”.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.