RU

İqtisadiyyat nəfəs alır : Real vəziyyət, yoxsa psixoloji effekt? ŞƏRH

ain.az bildirir, Azvision portalına istinadən.

İqtisadiyyatda “rahatlama” anlayışı adətən vəziyyətin yaxşılaşmasını deyil, pisləşmənin tempinin zəifləməsini ifadə edir. Qiymətlər arta bilər, lakin əvvəlki qədər sürətlə yox. Valyuta bazarlarında dalğalanmalar qalır, amma kəskin sıçrayışlar müşahidə olunmur. Biznes üçün risklər aradan qalxmayıb, sadəcə daha idarəolunan mərhələyə keçib. Bu cür “nəfəs alma” mərhələləri çox vaxt gərgin dövrlərdən sonra yaranan uyğunlaşma prosesi ilə bağlı olur. İqtisadi subyektlər yeni şərtlərə adaptasiya edir, bazarda emosional qərarların sayı azalır. Lakin bu, hələ real rahatlama demək deyil. Əsas məqam ondadır ki, bu vəziyyət dayanıqlı xarakter daşımır. İqtisadiyyat dincəlmir, sadəcə əvvəlki qədər sıxılmır. Əhali və biznes üçün real gəlirlər, xərclər və kredit yükü baxımından ehtiyatlı davranmaq zərurəti qalır. “İqtisadiyyat nəfəs alır” ifadəsi həm də psixoloji məna daşıyır. Çünki bazarlar təkcə statistik göstəricilərlə deyil, gözləntilər və qeyri-müəyyənliklərlə də formalaşır. Gərginliyin azalması daha soyuqqanlı davranış yaratsa da, bu, problemlərin həll olunduğu anlamına gəlmir. Bu baxımdan real rahatlama anlayışı iqtisadiyyatda qiymət və maliyyə təzyiqlərinin davamlı şəkildə azaldığı, risklərin idarəolunan səviyyəyə endiyi və iqtisadi aktivliyin balanslı formada bərpa olunduğu mərhələni ifadə edir. Dünya təcrübəsi bu fərqi aydın göstərir. 2023–2024-cü illərdə ABŞ iqtisadiyyatı yüksək inflyasiya dövründən sonra nisbətən sakit fazaya keçdi. İnflyasiya tədricən zəifləsə də, "Federal Reserve" faiz dərəcələrini azaltmağa tələsmədi. Bu, bazarlarda şokun səngiməsinə səbəb olsa da, maliyyə şərtləri sərt olaraq qaldı. Nəticədə bu mərhələ ABŞ üçün “nəfəs alma” sayılsa da, real rahatlama kimi qiymətləndirilmir. Oxşar vəziyyət 2024–2025-ci illərdə Avrozonada da müşahidə olundu. İnflyasiya hədəfə yaxınlaşsa da, risklər qalmaqda idi. Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayaraq ehtiyatlı mövqe tutdu. İqtisadi artım zəif olsa da, mənfi zonaya keçmədi və bazarlarda psixoloji gərginlik azaldı. Bu mərhələ Avrozona üçün klassik “nəfəs alma” dövrü kimi dəyərləndirilə bilər. Azərbaycan Mərkəzi Bankının son monetar qərarları da tez-tez “rahatlama” kimi təqdim olunur. Faiz dəhlizinin aşağı salınması pul siyasətində müəyyən yumşalma siqnalı versə də, bu addım inflyasiyanın tam nəzarət altına alındığını göstərmir. Daha çox, iqtisadi aktivliyin həddindən artıq sıxılmasının qarşısını almağa yönəlmiş ehtiyatlı balans axtarışı kimi qiymətləndirilə bilər. Faiz dəhlizinin endirilməsi kredit bazarında gözləntilər yaratsa da, real sektorda bunun dərhal hiss olunması çətindir. Maliyyə şərtləri hələ də sərt olaraq qalır ki, bu da monetar qərarların əsasən risklərin idarə olunmasına xidmət etdiyini göstərir. Yəni “iqtisadiyyat nəfəs aldı” ifadəsi real mənada yaxşılaşmanı yox, gərginliyin müvəqqəti zəifləməsini təsvir edir. Bu, müəyyən mənada müsbət siqnaldır, lakin arxayınlaşmaq üçün əsas deyil. Növbəti mərhələnin necə formalaşacağı atılacaq addımlardan asılı olacaq. Gülbəniz Hüseynli,

"Kredit.az" saytının redaktorudur. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
azvision.az

1Источники