RU

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin böyük uğurudur ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının həyata keçirdiyi siyasətin, xüsusilə də münaqişədən sülhə keçid modelinin beynəlxalq miqyasda qəbul olunmasının və nadir nümunəvi president kimi qiymətləndirilməsinin göstəricisidir. Bu mükafat Prezident İlham Əliyevin sülh və birgəyaşayış fəlsəfəsinin qlobal miqyasda dəstəklənməsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyəti, əslində onun daşıdığı rəmzi mənada gizlidir. Bu mükafat BƏƏ-nin banisi Şeyx Zayedin humanizmə, tolerantlığa, mədəniyyətlər və dinlərarası harmoniyaya əsaslanan baxışlarının davamı kimi təsis olunub. Mükafatın Papa Fransisk və Əl-Əzhər Böyük İmamı kimi qlobal dini-mənəvi nüfuz sahibləri tərəfindən dəstəklənməsi onun sivilizasiyalararası etimad, mədəniyyətlərarası dialoq, insanlıq, birgəyaşayış və qardaşlıq ideyalarına söykəndiyini göstərir. Bu baxımdan, mükafatın Prezident İlham Əliyevə verilməsi Azərbaycanın qlobal humanitar dəyərlərin daşıyıcısı kimi qəbul edildiyini nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, son 35 ildə Cənubi Qafqaz münaqişə, işğal, etnik təmizləmə, məcburi köçkünlük və humanitar faciələrlə yadda qalmış bir region idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə elə bir model ortaya qoydu ki, nəticədə illərlə “dondurulmuş münaqişə” kimi təqdim edilən problem faktiki olaraq aradan qalxdı və region sülh mərhələsinə keçid imkanları əldə etdi. Bu prosesin ən diqqətçəkən tərəfi ondan ibarətdir ki, Azərbaycan qələbədən sonra revanşizm, intiqam və ya təcrid siyasəti yürütmədi. Əksinə, rəsmi Bakı sülhün təşəbbüskarı kimi çıxış etdi, kommunikasiyaların açılmasını ön plana çəkdi, regionun iqtisadi inteqrasiyasına çağırış etdi. Bu yanaşma beynəlxalq ictimaiyyət üçün mühüm mesaj idi: Azərbaycan münaqişəni bitirən tərəf olmaqla yanaşı, həm də sülhü təklif edən və təhlükəsiz gələcəyi qurmağa çalışan tərəfdir.

E.Mirzəbəyli bildirib ki, məhz bu məqam Prezident İlham Əliyevin fəaliyyətini beynəlxalq miqyasda fərqləndirən xüsusiyyətidir: “O, təkcə torpaqları azad edən lider kimi deyil, müharibədən sonra sülhə töhfə verən və sülhü qazanan lider kimi tanınır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramı, minalarla çirklənmiş ərazilərin humanitar fəlakətdən xilas edilməsi, dini və mədəni abidələrin bərpası insan qardaşlığı və humanizm anlayışının real siyasi praktikaya çevrildiyini göstərir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə verilməsi həm də Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelinin böyük uğuru kimi qiymətləndirilə bilər. Azərbaycan illərdir ki, fərqli dinlərin və mədəniyyətlərin harmoniyada yaşadığı məkan kimi məşhurlaşıb. Bakı və digər şəhərlərdə keçirilən beynəlxalq dinlərarası forumlar, mədəniyyətlərarası dialoq təşəbbüsləri artıq qlobal platformalarda qəbul edilmiş modelə çevrilib. Bu mükafat birgəyaşayışın, dialoqun, mərhəmətin, insanlıq fəlsəfəsinin ünvanı sayılan Azərbaycan modelinin səmimiliyinə və davamlılığına verilən qiymətdir”, -deyə deputat qeyd edib.

O bildirib ki, sülh yalnız çağırışlarla deyil, siyasi iradə, prinsipial mövqe və ardıcıl fəaliyyətlə mümkün olur. Prezident İlham Əliyevin fəaliyyəti bunu praktikada sübut edib. Münaqişəni bitirmək, yeni reallıq yaratmaq və həmin reallıq üzərində sülh platforması qurmaq XXI əsrin nadir siyasi nümunələrindən biridir.

“Nəticə etibarilə, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın dünyada artan nüfuzunun, dövlətimizin başçısına göstərilən yüksək hörmət və etibarın, eləcə də ölkənin sülh, humanizm və birgəyaşayış fəlsəfəsinə sadiqliyinin parlaq təcəssümüdür. Bu, Azərbaycanın təqdim etdiyi sülh modelinin uğuru və təntənəsidir!”,- deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
azertag.az

2Источники