2026-cı ilin fevral ayının 5-də ABŞ və Rusiya arasında son strateji nüvə silahlarına nəzarət müqaviləsi, yəni "New START (ДСНВ-III)" rəsmi olaraq qüvvədən düşür. Bu, yalnız bir müqavilənin bitməsi deyil, 1972-ci ildən başlayaraq ABŞ və Rusiya (o dövrdə SSRİ) arasında davam edən nüvə silahlarına nəzarət zəncirinin son mərhələsi kimi qiymətləndirilir. İki supergüc arasında nüvə arsenalına nəzarət və məhdudlaşma ilə bağlı bir neçə dəfə müqavilə imzalanıb.
İlk dəfə 1972-ci ildə ABŞ və SSRİ arasında "SALT I" imzalanıb və bu müqavilə sayəsində ilk böyük nüvə silahları məhdudlaşdırması həyata keçirilib. 1991-ci ildə START I, 1993-cü ildə START II, 2002-ci ildə isə SORT (Moskva müqaviləsi) qüvvəyə minib. Bu müqavilələr də öz növbəsində ABŞ və Rusiya arsenallarını müəyyən məhdudiyyətlər altında saxlamasına, qarşılıqlı şəffaflıq və təhlükəsizlik mexanizmlərinin qurulmasına xidmət edib. 2010-cu ilin 8 aprel tarixində Çexiyanın Praqa şəhərində imzalanan "New START" müqaviləsi isə növbəti ilin, yəni 2011-ci ilin 5 fevral tarixində qüvvəyə minib. Artıq sazişin müddətinin bitməsi 55 ilə yaxın müddət davam edən nəzarət sisteminin qüvvədən düşməsi sayılır. Bu isə o deməkdir ki, 55 illik dövr ərzində bir-birini hüquqi və strateji şəkildə məhdudlaşdıran supergüclər artıq bu məhdudiyyətlərdən azaddır. Bu, dünya təhlükəsizliyində qeyri-müəyyənliyi artıran, silahlanma yarışını sürətləndirən və yanlış hesablamalara səbəb ola biləcək strateji dönüş nöqtəsidir.
Əgər yaxın zamanlarda müqavilə yenilənməsə və yeni saziş imzalanmasa, qlobal təhlükəsizlik arxitekturasının dağılmasını müşahidə edə bilərik. Çünki yuxarıda adı hallanan müqavilə dünyanın iki supergücü, yəni ABŞ və Rusiyanın nüvə arsenallarına ciddi limitlər qoyurdu. Hər iki tərəf üçün maksimum 1550 yerləşdirilmiş strateji nüvə başlığı, 700 daşıyıcı sistem və 800 ümumi platforma limiti mövcud idi. Bu rəqəmlər sadəcə say məhdudiyyəti deyil, eyni zamanda nüvə sabitliyinin qorunması üçün kritik mexanizm idi. Müqavilə tərəflərə arsenal barədə məlumat mübadiləsi, raket testlərinin xəbərdar edilməsi və yerində inspeksiyalar imkanı verirdi. Bu mexanizmlər sayəsində hər iki tərəf qarşılıqlı qərarları daha proqnozlaşdırıla bilirdi və yanlış siqnalın yaratdığı nüvə riskləri minimuma endirilirdi. Müqavilənin bitməsi ilə bu şəffaflıq sistemi də faktiki olaraq yoxa çıxdı və hər iki tərəf üçün "qaranlıq dövr" başladı.
Diqqət yetiriləsi məqam odur ki, 2025-ci ilin oktyabr ayında ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun nüvə silahları sınaqlarını digər ölkələrlə bərabər səviyyədə bərpa etmək barədə göstəriş verdiyini açıqlayıb. O, qeyd edib ki, Rusiya, Çin və digər nüvə güclərinin sınaq proqramları var və ABŞ də belə proqramlara başlayacaq. İkinci maraqlı məqam odur ki, nə fevralın əvvəli, nə də müqavilənin bitməsinə bir gün qalmış Ağ Evdən rəsmi bir açıqlama verilməyib, müqavilənin müddətini uzatmaq barədə niyyət bildirilməyib. Bu da beyinlərdə müəyyən sualların yaranmasına səbəb olur. Çünki sınaqların bərpası ilə texnoloji gücləndirmə, amma diplomatik qərarların rəsmi şəkildə açıqlanmaması beynəlxalq səviyyədə qeyri-müəyyənliyi artırır, nüvə balansının proqnozlaşdırılmasını çətinləşdirir və həm Rusiya, həm də Çin üçün yeni strateji hesablamalara yol açır.
Rusiya Xarici İşlər Nazirliyi və Kremlin açıqlamalarına görə, New START müqaviləsinin müddəti 5 fevral 2026-cı ildə başa çatdığı üçün ABŞ və Rusiya artıq heç bir hüquqi məhdudiyyətlə bağlı deyillər. Moskva vurğulayır ki, strateji silahlar sahəsindəki addımlarını məsuliyyətlə və balanslı şəkildə atacaq, milli təhlükəsizliyi təmin etmək üçün texnoloji və hərbi tədbirləri nəzərdən keçirəcək, lakin konkret arsenal artımı barədə açıq bəyanat verməyib. Eyni zamanda Rusiya əvvəlki dövrlərdə müqavilənin məhdudiyyətlərini bir il daha könüllü saxlamağa hazır olduğunu bildirib, amma ABŞ-dən formal cavab almadığı üçün bu təşəbbüs nəticə verməyib. Kremlin mövqeyi həm də geosiyasi kontekstdə anlaşılır: Rusiya yeni strateji vəziyyəti, ABŞ və digər Qərb hərbi proqramlarını nəzərə alaraq, həm təhlükəsizlik, həm də dialoq imkanlarını balanslı şəkildə qiymətləndirmək niyyətindədir.
Qeyd etmək lazımdır ki, müqavilənin qüvvədən düşməsi ilə ABŞ və Rusiya artıq arsenalın sayı, daşıyıcı sistemlərin yerləşdirilməsi və yeni silahların modernizasiyası baxımından hüquqi məhdudiyyətlərdən azaddır. Bu azadlıq, hər iki supergücün sürətlə modernizasiya proqramlarını genişləndirməsinə şərait yaradır. ABŞ yeni nəsil qitələrarası ballistik raketlər, strateji bombardmançılar və sualtı nüvə qayıqları üzərində çalışır. Rusiya isə hipersəs raketləri, nüvə sualtı dronları və ağır ICBM sistemlərinin inkişafını sürətləndirir. Bu yeni silah sistemləri arsenalın sayından daha çox, onun strateji balansına, sürətinə və manevr qabiliyyətinə təsir edir. Beləliklə, hər iki tərəf artıq yalnız kvant baxımından deyil, həm də texnoloji üstünlük baxımından rəqabət aparır.
Ancaq bugünkü nüvə reallığı artıq klassik ABŞ-Rusiya ikili balans modelindən fərqlidir. XXI əsrin ikinci rübündə qlobal nüvə arxitekturası getdikcə üçqütblü xarakter alır. Çin qlobal dünya nizamında bu sahədə üçüncü qütb olmaq niyyətini ortaya qoyur. Pekin arsenalını ABŞ və Rusiyadan xeyli kiçik saxladığını rəsmi olaraq bildirir, lakin son illərdə inşa olunan yüzlərlə yeni raket və mobil hipersəs sistemləri Çinin nüvə potensialını sürətlə artırdığını göstərir. Çin, həmçinin ABŞ və Rusiya arasında mövcud olan nüvə müqavilələrinə qoşulmaqdan imtina edir, bu isə gələcəkdə üçtərəfli nüvə balansının formalaşacağını və onu daha mürəkkəb, qeyri-sabit edəcəyini göstərir.
Hazırda ABŞ‑nin nüvə arsenalı 2025‑ci ilin məlumatlarına görə təxminən 5177 nüvə başlığından ibarətdir, bunlardan təxminən 1770 strateji başlıq yerləşdirilib. Rusiyanın arsenalı isə ümumilikdə təxminən 5459-5580 nüvə başlığından ibarətdir ki, bunların təxminən 1718 yerləşdirilmiş strateji başlığı var. Çin isə ən sürətlə artan arsenala sahib üçüncü ölkədir və onun nüvə arsenalı təxminən 600 başlıq səviyyəsində qiymətləndirilir, lakin yerləşdirilmiş strateji başlıqların sayı həddən çox aşağıdır. Bu rəqəmlər yalnız strateji silahları və əsas nüvə başlıqlarını əhatə edir. Taktiki nüvə silahları və ehtiyat başlıqlar adətən dövlətlər tərəfindən açıqlanmır və qismən təxmin edilir. Beləliklə, Çin gələcəkdə qlobal nüvə balansında daha aktiv rol oynamaq niyyətini nümayiş etdirir.
Bütün bunlarla yanaşı, regional nüvə güclərinin potensialı və yayılma riski də ciddi şəkildə artır. ABŞ və Rusiya arsenalını məhdudlaşdırmadığı təqdirdə, digər dövlətlər də nüvə silahına sahib olmağı təhlükəsizlik zəmanəti kimi görməyə başlaya bilər. İranın nüvə proqramı, Şimali Koreyanın davam edən raket sınaqları, Yaxın Şərqdə potensial nüvə silahlanması müzakirələri bu kontekstdə diqqət çəkir. Hətta bəzi NATO ölkələri və regional dövlətlər uzunmüddətli perspektivdə nüvə silahı əldə etməyi düşünə bilərlər. Bu da qlobal səviyyədə nüvə silahlarının yayılma riskini artırır və nüvə silahlarına nəzarət sistemini zəiflədir.
Bütün bu hadisələrin fonunda bəzi analitiklər nüvə müharibəsi riski barədə həyəcan təbili çalırlar. Bununla belə, böyük nüvə müharibəsi hələ də aşağı ehtimallıdır, çünki qarşılıqlı təminatlı məhvetmə doktrinası böyük dövlətləri dərhal öz arsenalından istifadəyə çəkindirir. Çünki bu müqavilə qoruyucu rol oynayır, həm də nüvə müharibəsinin baş verməsinin qarşısını alır, çünki hər iki tərəf qarşı tərəfə zərbə endirsə, özləri də məhv olacaqlarını bilir. Lakin riskin strukturu dəyişib: regional münaqişələr, taktiki nüvə istifadəsi və texnoloji səhvlər yeni təhlükələr yaradır. Məsələn, Ukrayna müharibəsi fonunda Rusiya ilə NATO arasındakı gərginlik, Tayvan ətrafında ABŞ-Çin qarşıdurması və Yaxın Şərqdəki potensial eskalasiya nüvə risklərini real və tez baş verə bilən edir. Hipersəs raketlər və süni intellekt əsaslı erkən xəbərdarlıq sistemləri qərarvermə müddətini saniyələrə endirir və yanlış siqnalın strateji fəlakətə çevrilmə ehtimalını artırır. Bu baxımdan nüvə müharibəsi dərhal baş verməsə də, struktur və regional risklər indi tarixi maksimum səviyyəyə yaxınlaşıb.
2026-cı ildən sonra formalaşan yeni nüvə dövrü bir neçə mümkün ssenariyə bölünə bilər. Ən real ssenari ABŞ-Rusiya-Çin arasında yeni silahlanma yarışının sürətlənməsidir. Bu dövrdə yalnız arsenalın sayı artırılmır, həm də kosmik silahlar, hipersəs daşıyıcılar və süni intellektlə idarə olunan hərbi sistemlər üzrə rəqabət aparılır. İkinci ssenari daha optimistdir: böyük güclər riskləri nəzərə alaraq yeni çoxtərəfli nüvə müqaviləsi üzrə danışıqlara başlaya bilər. Lakin mövcud geosiyasi gərginlik və qarşılıqlı etimadın aşağı səviyyəsi bu ssenarini yaxın illərdə çətin edir. Üçüncü ssenari isə qlobal təhlükəsizlik sisteminin fundamental transformasiyasıdır: çoxqütblü, regional nüvə güclərinin artdığı və çəkindirmə mexanizminin daha qeyri-stabil olduğu yeni dünya nizamı formalaşır.
Nəticə etibarilə, 2026-cı ilin fevralında New START müqaviləsinin bitməsi nüvə silahlarının dərhal istifadəsi ehtimalını artırmasa da, qlobal risklərin strukturunu köklü şəkildə dəyişəcəyi ehtimal edilir. Dünya artıq daha rəqabətçi, az tənzimlənən və qeyri-müəyyən nüvə dövrünə daxil olur. Qlobal sabitlik yalnız nüvə silahlarının say balansı ilə müəyyən olunmur. Eyni zamanda böyük dövlətlər arasında diplomatik əlaqələrin açıq qalması, yeni hərbi texnologiyaların yaratdığı risklərin nəzarətdə saxlanılması və supergüclər arasında strateji dialoqun davam etməsi də həlledici rol oynayır. Nüvə silahları XXI əsrdə də beynəlxalq təhlükəsizlik sisteminin ən ciddi problemi olaraq qalır və 2026-cı ildən sonra bu problemin daha kəskin və mürəkkəb şəkildə hiss olunacağı ehtimal olunur.
Kamil Məmmədov