RU

Uşaqları cəmiyyətdən kənarlaşdıran təhlükə

Yazını böyüt
Yazını kiçilt

Müasir dövrdə qlobal informasiya texnologiyaları intellektual üstünlükləri ilə yanaşı, ayrı-ayrı cəmiyyətlərdə müxtəlif sosial və psixoloji problemlərə yol açan ciddi hibrid təhlükə mənbələrindən biri kimi qiymətləndirilir. Rəqəmsallaşmanın sürətlə artdığı bir şəraitdə insanların, xüsusilə də uşaq və yeniyetmələrin sosial şəbəkələrin təsiri altına düşməməsi, texnologiyanın “əsirinə” çevrilməməsi üçün bir çox ölkələrdə preventiv tədbirlər həyata keçirilir.

Bu kontekstdə məktəbli uşaqların telefon və kompüterlərdən həddindən artıq istifadəsi xüsusi narahatlıq doğurur. Belə ki, canlı ünsiyyət, ailə münasibətləri və sosial mühitlə təmas zəifləyir, real dostluq əlaqələri isə virtual “təmaslar”la əvəz olunur. Mütəxəssislərin fikrincə, bu hal uşaqların sağlamlığına mənfi təsir göstərməklə yanaşı, psixoloji disbalans yaradır və sosial təcridə səbəb olur. Hətta bəzi hallarda bu proses “süni autizm” kimi xarakterizə edilən davranış pozuntularına gətirib çıxara bilər.

Texnoloji cəhətdən inkişaf etmiş ölkələr bu təhlükənin qarşısını almaq üçün konkret addımlar atmağa məcbur qalırlar. Məsələn, Yaponiyada məktəblərdə azyaşlı uşaqların mobil telefonlardan istifadəsinə məhdudiyyətlər tətbiq edilir və müəyyən hallarda qadağalar qoyulur.

Ümumilikdə, azyaşlıların sosial şəbəkələrdən istifadəsi, bunun yarada biləcəyi təsirlər, səbəblər və mümkün mənfi nəticələrin qarşısını almaq üçün görüləcək tədbirlər dünya miqyasında diqqətlə araşdırılır və müzakirə olunur. Son dövrlər bir çox ölkədə uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsləri irəli sürülür və müvafiq hüquqi mexanizmlər tətbiq edilir.

Bu baxımdan sual yaranır: Azərbaycanda mövcud vəziyyət necədir və bu sahədə hansı hüquqi tənzimləmələrin həyata keçirilməsi zəruridir? Eyni zamanda, azyaşlıların sosial şəbəkələrdən istifadəsinin qismən də olsa məhdudlaşdırılması məqsədilə hansı addımların atılması nəzərdə tutulur?

"Uşaqların sağlam inkişafını təmin etmək yalnız dövlətin qəbul etdiyi qanun və qadağalarla məhdudlaşmamalıdır"

Bu istiqamətdə Hafta.az-ın suallarını deputat Jalə Əliyeva, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) cavablandırıb.

 

Deputat Jalə Əliyeva ilk növbədə, ötən həftə Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsində “Uşaq hüquqları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılmasına diqqət çəkib.

Deputat qeyd edib ki, bu qanun ilk dəfə 1998-ci ildə qəbul edilmiş və ötən illər ərzində cəmiyyətin inkişafı, yeni çağırışların yaranması, onun yenidən işlənməsi və təkmilləşdirilməsini zəruri edib:

“Ölkəmizdə uşaqların hüquq və azadlıqlarının qorunması, onların təlim-tərbiyəsi, sosial rifahı və gələcəyinin təmin edilməsi hər zaman prioritet istiqamətlərdən biri olmuşdur. Bu sahə dövlət başçısının və Birinci xanımın xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Uşaqlara göstərilən bu diqqət dövlətin onların gələcəyinə verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Hesab edirik, qanun layihəsinin yenidən hazırlanması və orada əksini tapan müddəalar bütün uşaqların, xüsusilə də həssas və çətin həyat şəraitində olan uşaqların daha etibarlı mühitdə böyüməsinə, bərabərhüquqlu vətəndaş kimi formalaşmasına, gələcəyə inamla addımlamasına geniş imkanlar yaradacaqdır. Müzakirələr zamanı cəmiyyəti narahat edən mühüm məsələlərdən biri də uşaqların internetdən və mobil telefonlardan həddindən artıq və məqsədsiz istifadəsi olub. Bu cür sui-istifadə uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir göstərir, onların təhsildən yayınmasına, sağlam informasiya mənbələrindən uzaqlaşmasına səbəb olur. Nəticədə uşaqlar faydalı bilik və dəyərlər əvəzinə, onların inkişafına zərər verən müxtəlif məlumatların, oyunların və videomaterialların təsiri altına düşürlər”.

Deputat qeyd edib ki, bu hal valideynləri, müəllimləri, təhsil müəssisələrini və bütövlükdə cəmiyyəti ciddi narahat edir. Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, savadlı və vətənpərvər vətəndaş kimi formalaşması dövlətin və xalqın gələcəyinin təminatıdır. Buna görə də biz onların inkişafına mənfi təsir göstərə biləcək amillərin qarşısını qətiyyətlə almalıyıq.

Deputat hesab edir ki, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən proqramlar xüsusi əhəmiyyət daşıyır və onların davamlı şəkildə icrası vacibdir. Onun fikrincə, eyni zamanda ailə ilə məktəb arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi zəruridir:

“Valideynlər məktəbdə baş verən proseslərdən xəbərdar olmalı, müəllimlər isə uşağın ailə mühitindəki davranışı haqqında məlumatlı olmalıdırlar. Unutmaq olmaz ki, hər uşaq, ilk növbədə, bir ailənin üzvüdür və onun tərbiyəsinə görə əsas məsuliyyət ailənin üzərinə düşür. Uşağın davranışı, etik normalara əməl etməsi, düzgün istiqamətləndirilməsi valideyn nəzarətindən kənarda qalmamalıdır. Daha sonra bu prosesə məktəbəqədər müəssisələr, məktəb, sosial mühit və dost çevrəsi qoşulur”.

J.Əliyeva hesab edir ki, bu problem təkcə bir ölkəyə aid deyil, qlobal xarakter daşıyır. Dünya qloballaşdıqca informasiya axını sürətlənmiş, kiçik bir telefon vasitəsilə hər kəs istənilən məlumata dərhal çıxış əldə edə bilmişdir. Bu isə həm müsbət, həm də mənfi təsirlər yaradır.

Deputat çap mediasının arxa plana keçməsini də cəmiyyət üçün düşündürücü məqamlardan biri kimi önə çəkib:

“Belə bir şəraitdə uşaqların sağlam inkişafını təmin etmək yalnız dövlətin qəbul etdiyi qanun və qadağalarla məhdudlaşmamalıdır. Bu, hər birimizin mənəvi borcu və vətəndaşlıq məsuliyyətidir. Hər bir valideyn və hər bir şəxs yalnız öz övladını deyil, bütövlükdə cəmiyyətin gələcəyini düşünərək bu məsələlərə həssas yanaşmalı və lazımi tədbirlərin görülməsinə töhfə verməlidir”.

"Xüsusi hallar istisna olmaqla, ağıllı telefon və digər cihazlardan istifadə qadağan olunur"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, xüsusi hallar istisna olmaqla, ümumtəhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir. Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq, tədris edilən mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.

“Ümumi təhsil müəssisələrində tətbiq edilən şagird intizam qaydalarının tələblərinə əsasən təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil.

Orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur. Bu zaman ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır”, – MÜTDA-dan bildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrində aidiyyəti qurumlarla birlikdə sosial şəbəkələrin mümkün zərərli təsirləri barədə  mütəmadi maarifləndirici tədbirlər keçirilir. Şagirdlərə kibertəhlükəsizlik, dezinformasiyanın riskləri, asılılıq və psixoloji təsirlərlə bağlı ətraflı məlumat verilir:

“Bununla yanaşı bildiririk ki, valideynlər də övladlarının sosial şəbəkələrdən istifadə məqsədini və müddətini aydın şəkildə müəyyənləşdirməli, yaşlarına uyğun olmayan platformalara çıxışın qarşısını almalıdırlar, ailə daxilində müasir texnologiyalardan istifadə zamanı sağlam vərdişlər formalaşdırmalıdırlar”.

Tahirə Qafarlı

Избранный
20
hafta.az

1Источники