RU

Həyasızlıqla, qışqırıqla önə çıxanlar və şou üçün yardım edən “qəhrəmanlar” – Əfsələddin Ağalarov  YAZIR

Bir az da Allahın almışlığıdır. Adam var, üstündən səliqə, dilindən gözəllik asılıb. Abırlıdır, yerini bilir, duruşu dəyərdir. Amma görən yox. Bir öləndə yada düşüləcək.
Bir də var, ortalıqda bir şey yox, amma qürrələnmək üçün az qala basıb göz çıxardır. Qışqırır, çığırır.
İlahi, nə adamların varmış?!
Bu gün yadıma düşdü: Qənirə Paşayeva, “Show TV”, Ali Kırca moderator, erməni tarixçi yalanlar danışır, Qənirə xanım sözünü kəsir, erməni susur, erməninin dili topuq vurur. Qarabağ mövzusunda ilk böyük televiziya debatı o veriliş idi. Və ilk dəfə əks-hücum əməliyyatına o verilişlə başlamışdıq. Vəfat etdi, torpaq oldu, unuduldu. İllərdir bir yerdə nə etdiklərini nümunə çəkən var, nə də adını.
Çox olar, az olmaz. On üç il öncə İsmayıllının ucqar kəndində bir məktəbli qıza uzatmışdım mikrofonu. Dedi: “Qənirə Paşayeva olmaq istəyirəm. Bilmirəm necə, amma olacağam”. Yığdım, danışdılar. Qız ağladı, sevindi, boynumu qucaqladı.
Görəsən, indi o qız nə edir?!
İki variantdan biridir.
Ya ər evində qızına bu xatirəsini danışıb hörüyünü açır. Ya da bir sinif otağında şagirdini dizinin üstünə oturdub saçını hörür.
Kim bilər, bir Allahdan savayı.
***
Birinci “reels”ə baxırsan:
İndi də debat gedir. Ağız deyəni qulaq eşitmir, qulaq eşidəni də beyin qəbul eləmir. Qaraguruh, qışqırıq, nifrət nitqi. Baxış kəllə-çarx. Partiya sədri danışmaq istəyir, opponenti aparıcı danışır. Qışqırır, barmaq yelləyir, “stəkanı ataram” deyir. Baxış kəllə-çarx.
Sürüşdürüb ikinci “reels”ə baxırsan:
Bir trans əlil uşağa yardım edir. Canlı yayımda 60 min adam. Pul yığılır, trans olur qəhrəman. Qoca kişilər alqış tutur, qadınlar yalvarır ki, mənə də kömək et.
Üçüncüsü alışıqdı. ATV-nin səhər verilişidi. Rəqsanənin qızı yenə ordadı. Bu dəfə atasının səsinə kövrəlib hönkürür.
***
On il qabaq bir ümid vardı. Bir “bəlkə” vardı. Bu gün o ümidə sarılıb deyə bilirsən. Deyə bilirsən ki, indi sinif otağında şagirdinə hörük vuran müəllimə arada uşaqlara Qənirə olmaq mübarizəsindən danışır.
Bəs on il sonra?
O qızlar kim olmaq üçün xəyal quracaqlar? Və ya oğlan uşaqları?
Kim bilər, bir Allahdan savayı.
Избранный
49
1
veteninfo.az

2Источники