Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, bunun əsas səbəbi Birləşmiş Ştatların məqsədidir: İranda hakimiyyəti dəyişmək, öz maraqlarına uyğun bir idarəetmə formalaşdırmaq və bundan geosiyasi alət kimi istifadə etmək. Son dövrlərdə İran daxilində baş verən proseslər göstərir ki, ABŞ-nin bu ölkədə kifayət qədər güclü bir casus şəbəkəsi mövcuddur. Həmin şəbəkə İran dövlətinin qonşu ölkələrlə münasibətlərini gərginləşdirməyə çalışır, məqsədli şəkildə İran və region ölkələrinə qarşı müxtəlif bəyanatlar səsləndirir. Bu, ABŞ-nin maraqlarına uyğundur, çünki Vaşinqton İranın qonşuları ilə münasibətlərinin düşmənçilik həddinə çatmasında maraqlıdır. Məlumdur ki, İran daxilində formalaşdırılmış bu casus şəbəkəsi müxtəlif dövlət və ictimai strukturlarda fəaliyyət göstərir. Onlar dini liderin ətrafında, prezident administrasiyasında, parlamentdə və digər dövlət qurumlarında mövcuddur və aktiv şəkildə işləyirlər. İran ərazisində baş vermiş on iki günlük hərbi əməliyyatlar da bunu sübut etdi. Həmin dövrdə İranın alimləri və generalları dəqiq ünvanlar əsasında qətlə yetirildi. Bu, yalnız güclü və koordinasiyalı casus şəbəkəsinin mövcudluğu ilə izah oluna bilər. Məhz bu şəbəkə vasitəsilə ABŞ və İsrailə kəşfiyyat məlumatları ötürülürdü.
Ekspert qeyd edib ki, eyni zamanda, bu casus şəbəkəsi İranın siyasi elitası daxilində də fəaliyyət göstərir və region ölkələri, o cümlədən Azərbaycan əleyhinə bəyanatların verilməsində rol oynayır. Halbuki Azərbaycan dövləti və rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı üçüncü dövlətin fəaliyyətinə qətiyyən icazə verilməyəcək. Buna baxmayaraq, İran daxilində fəaliyyət göstərən bu şəbəkə müxtəlif bəhanələrlə Azərbaycan əleyhinə əsassız iddialar və bəyanatlar səsləndirir. Məqsəd açıqdır: İran-Azərbaycan münasibətlərini korlamaq. Bu isə birbaşa olaraq Birləşmiş Ştatların maraqlarına xidmət edir.
"Azərbaycan hər zaman qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürüb və münasibətlərin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsində maraqlıdır. Hazırda İran ətrafında baş verən gərginliklərin də siyasi dialoq yolu ilə aradan qaldırılmasını dəstəkləyir. Azərbaycan İranda hərbi əməliyyatların başlanmasında qətiyyən maraqlı deyil. Çünki İranda müharibə başlasa, bu, bu və ya digər formada region ölkələrinə də ciddi zərər vura bilər. İranda təxminən 50 milyona yaxın azərbaycanlı soydaşımız yaşayır. Hərbi əməliyyatlar onların təhlükəsizliyinə birbaşa təhdid yaradar. Eyni zamanda, belə bir vəziyyət Azərbaycan dövləti və xalqı üçün də sosial, humanitar və təhlükəsizlik baxımından ciddi risklər formalaşdırar. Müharibə qaçqın axınına səbəb ola bilər ki, bu da ilk növbədə Azərbaycan istiqamətinə yönələ bilər. Hesab edirik ki, Azərbaycanın qonşuluğunda baş verən hər hansı genişmiqyaslı gərginlik təkcə regional deyil, həm də qlobal miqyasda xaosa səbəb ola bilər. Azərbaycan bu cür ssenarilərdə maraqlı deyil. Lakin İran daxilində fəaliyyət göstərən casus şəbəkəsi məqsədli şəkildə İran-Azərbaycan münasibətlərində gərginlik yaratmağa, ictimai-siyasi proseslərə və ictimai şüura təsir göstərməyə çalışır", - deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin fikrincə, Azərbaycan əleyhinə səsləndirilən bəyanatlar nə İran dövlətinin milli maraqlarına, nə də onun rəsmi xarici siyasət xəttinə uyğun gəlir. Bu bəyanatlar İran daxilində mövcud olan müəyyən qruplaşmaların ABŞ-nin maraqlarına uyğun fəaliyyətinin nəticəsidir və həmin təlimatların tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Lamiyə Cəbrayılova