RU

Azərbaycan-Ermənistan yaxınlaşması Rusiya və İrana mesajdır - Akif Nağı

"Azərbaycan-Ermənistan arasında münasibətlər tədricən yüksələn xətlə inkişaf edir, addım-addım irəliləyir. Çətinliklər də var. Ermənistanda müqavimət göstərən qüvvələr mövcuddur. Xaricdə də bu əlaqələrin inkişafında, istiləşməsində maraqlı olmayan qüvvələr var. Ən əsas qüvvə isə Rusiyadır".

Bu fikirləri Redaktor.az-a Azərbaycan-Ermənistan münasibətlərindən danışan politoloq Akif Nağı bildirdi. O əlavə etdi ki, Rusiya öz təhdidlərindən geri çəkilmir:

"Ümumiyyətlə, Cənubi Qafqazda təsir imkanlarını itirmək istəmədiyini açıq şəkildə dilə gətirir. Son olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın və digərlərinin açıqlamalarında da səsləndirilir ki, əgər Cənubi Qafqaz, Ermənistan və digərləri onlardan uzaqlaşacaqsa, bununla razılaşmaq fikrində deyillər və sair. Onlar başa düşürlər ki, proseslər artıq gedib və hazırda sadəcə hadisələrin ardınca baxırlar. Hadisələri dəyişmək imkanları artıq Rusiyanın əlində deyil. Sadəcə bunu qəbul etmək istəmirlər. Ona görə də Azərbaycanla Ermənistan arasında gedən bu münasibətlər həm də qonşulara bir mesajdır. Birinci növbədə Rusiyaya mesajdır. Eyni zamanda İrana da mesajdır. İran da regionda sabitlikdə maraqlı deyil və indiyədək çalışıb ki, Ermənistan vasitəsilə regionda sabitliyi pozsun. Rusiya da bu sabitlikdə maraqlı deyil.

İndi Qərb dövlətlərinə gəldikdə isə, maraqlı olanlar da var, olmayanlar da. Ermənistan vasitəsilə regiona daxil olmaq istəyənlər mövcuddur. Azərbaycanla münasibətləri gərgin olan ölkələr var, Fransa və digərləri. Onların da bu münasibətlərin istiləşməsində, yaxınlaşmasında və müxtəlif istiqamətləri əhatə etməsində maraqlı olmayanları var. Amma indi görünür ki, proseslər bütün sahələrdə Azərbaycanın diktəsi ilə gedir. Azərbaycan-Ermənistan münasibətləri Azərbaycanın istəyi və maraqları çərçivəsində inkişaf edir. Ermənistan da, erməni cəmiyyəti də, siyasi rəhbərlik də başa düşür ki, əgər regionda nəyəsə nail olmaq istəyirlərsə, istər dövlət quruculuğunda, istərsə də iqtisadi inkişafda Azərbaycan və Türkiyə ilə hesablaşmalıdırlar. Ermənistan anlayır ki, Azərbaycan və Türkiyənin mövqeyi ilə razılaşdıqda onların işləri də qaydasında gedəcək. Məhz buna görə də bu istiqamətdə işlər aparılır".

Politoloq nəzərə çatdırdı ki, artıq Ermənistanla iqtisadi əməkdaşlıq mövcuddur:

"Azərbaycan ərazisindən yükdaşımalarla bağlı Ermənistan üçün proseslər gedir, bu proseslər getdikcə genişlənir və Ermənistan üçün olduqca sərfəlidir. Çünki Ermənistan indiyədək yükdaşımalarını əsasən Rusiya və Gürcüstan vasitəsilə həyata keçirirdi ki, bu da ciddi çətinliklərlə müşayiət olunurdu. Xüsusilə Lars keçidi qış aylarında tamamilə bağlanırdı. Ermənistan anlayır ki, hər tərəfdən bu marşrut onların xeyrinədir. İstər Rusiya ilə, istər Orta Asiya və Qazaxıstanla əlaqələr üçün Azərbaycan ən əlverişli ərazidir, ən optimal vasitədir. Azərbaycan üzərindən nəqliyyat və iqtisadi əlaqələrin qurulması heç bir başqa variantla müqayisə oluna bilməz. Onlar bunu başa düşürlər və proses də gedir. Axıra qədər başa düşəcəklər, yoxsa yox bu, artıq Ermənistanın özündən asılıdır. Azərbaycan bu prosesdə maraqlıdır, amma Ermənistan daha çox maraqlı olmalıdır. Bunun üçün də Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ermənistan tərəfi daha çox deklarativ bəyanatlarla çıxış edir və bildirir ki, guya sülh müqaviləsi artıq hazırdır və sadəcə imzalanmalıdır. Amma Ermənistan bu məsələdə ardıcıl deyil. Bəzən görürsən ki, Avropa Şurası Parlament Assambleyasının son iclasında Ermənistan nümayəndələrindən biri, guya hakimiyyətdən kənar qüvvənin təmsilçisi Azərbaycana qarşı ittihamlarla çıxış edir. Səhv etmirəmsə, Manukyan adlı nümayəndə iddia edir ki, guya Azərbaycan sülh prosesində maraqlı deyil və prosesi ləngidir. Bu cür ittihamlar səsləndirilirsə, deməli, səmimilikdən söhbət gedə bilməz".

Müsahibimiz həmçinin qeyd etdi ki, bu yaxın günlərdə Ermənistan ordusunun ildönümü münasibətilə keçirilən tədbirdə Baş nazir Nikol Paşinyan çıxışı zamanı Azərbaycanın guya hansısa Ermənistan ərazilərini işğal etdiyini iddia edib. Onun sözlərinə görə, bu da qeyri-səmimi və konstruktiv olmayan yanaşmadır.

"Belə yanaşma davam edərsə, heç bir sülh müqaviləsi imzalanmayacaq. Üstəlik, bu sülh müqaviləsində Azərbaycan o qədər də maraqlı deyil, Ermənistan maraqlı olmalıdır.

Əgər Ermənistan həqiqətən Azərbaycanın şərtlərini yerinə yetirəcəksə, konstitusiya dəyişiklikləri ilə bağlı oyun oynamayacaqsa, gah dəyişəcəyini deyib, gah da guya konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olmadığını iddia etməyəcəksə, bu qeyri-ardıcıl mövqe davam edərsə, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Digər tərəfdən, iyun ayı üçün Ermənistanın parlament seçkiləri nəzərdə tutulur. Buna görə də iyun ayına, yəni yaya qədər sülh müqaviləsinin imzalanmasını real hesab etmirəm. Ermənistan indiki situasiyanı radikal şəkildə dəyişmək istəməyəcək. Birincisi, Azərbaycanın açıq şərti var: sülh müqaviləsi üçün konstitusiyada dəyişiklik edilməlidir. Seçki ərəfəsində və seçkiyə qədər konstitusiya dəyişikliyi Paşinyanın rəqibləri tərəfindən ona qarşı təbliğat vasitəsi kimi istifadə oluna bilər. Guya Azərbaycanın mövqeyini qəbul ediblər, Azərbaycana “satılıblar” kimi ittihamlarla Paşinyanın mövqeyi zəiflədilə bilər. Bu amil də mövcuddur və konstitusiya dəyişikliyi olmadan Azərbaycan sülh müqaviləsinin imzalanmasına getməyəcək. Digər tərəfdən, sülh müqaviləsi Ermənistan üçün vacib və əhəmiyyətlidir, amma revanşist qüvvələr bundan qısa müddətli siyasi məqsədlər üçün istifadə edə, Paşinyanın reytinqini aşağı salmağa çalışa bilərlər. Buna görə də Paşinyan böyük ehtimalla risk edib bu varianta getməyəcək. Əgər parlament seçkilərindən sonra hakimiyyətdə qala bilsələr, ondan sonra sülh müqaviləsi ilə bağlı daha konkret, praqmatik və praktiki addımların atılması mümkündür. Bu baxımdan, sülh müqaviləsinin imzalanmasını seçkilərdən sonraya gözləmək daha real görünür", - deyə Akif Nağı yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Избранный
44
1
redaktor.az

2Источники