Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu mükafatla təltif edilib. Mükafatı isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.
Milli Məclisin deputatı Tahir Rzayev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun təşviqi sahəsində böyük xidmətlər göstərən liderlərə təqdim olunur:
"Bu baxımdan Azərbaycan Prezidenti sülhün, əmin-amanlığın, qarşılıqlı münasibətlərin yaradılması uğrunda mübarizə aparan dünyanın ən birinci lideridir. Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən bu amalların sahibidir. Torpaqlarımız işğal altında olanda da, müharibə dövründə də, bu günün özündə də Azərbaycan Prezidenti həmişə sülhü, insanlığa hörməti, beynəlxalq hüquq normalarına əməl edilməsini dəstəkləyib və bu amallara sadiqliyini dəfələrlə bildirib. Azərbaycan-Ermənistan müharibəsini başa çatdırmaq, əlbəttə ki, çox böyük qətiyyət, hünər, düşünülmüş siyasi gedişlər tələb edirdi. Azərbaycan Prezidenti bunu bacardı. 44 günlük və 23 saatlıq antiterror tədbirləri öz nəticəsini verdi. Nəhayət, 30 ildən sonra düşmənin başı əzildi və erməni separatçılarının ayaqları Azərbaycan torpaqlarından tamamilə çəkildi və biz tam suverenliyimizi təmin etdik".

Millət vəkilinin fikrincə, sonrakı dövrdə Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhün, əmin-amanlığın yaradılmasına göstərdiyi cəhdlər də dilə gətirilməli, xatırladılmalıdır:
"Vaşinqtonda keçirilən görüş, eləcə də sonrakı danışıqlar göstərdi ki, artıq Ermənistan rəhbərliyi, ağıllı ermənilər düz yola gəlməkdədirlər. Müharibənin fayda vermədiyini, millətçiliyin onlara ağır zərbələr vurduğunu artıq dərk edirlər və başa düşdülər ki, sülh qaçılmazdır.
Bugünkü vəziyyət İlham Əliyevin və Nikol Paşinyanın "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi və həmin mükafatın təntənəli təqdimatı, əlbəttə ki, hər iki dövlətin və xalqların xeyrinədir. Biz qalib olsaq da, heç vaxt müharibə tərəfdarı olmamışıq. Cənab İlham Əliyev bunu dəfələrlə bildirib və mükafatın təqdimatı zamanı da öz çıxışında dünyada sülhün, əmin-amanlığın yaradılmasına və belə bir mükafatın təqdim edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlərinə, ABŞ Prezidentinə, eləcə də bu sahədə xidmətləri olan hər bir kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, biz uzun illər müharibə vəziyyətində olsaq da, yenə də sülhə nail olduq. Bu gün müharibə aparan dövlətlər bizim nümunəmizdən istifadə etməlidirlər. Bu, çox böyük bir çağırışdır. Çünki bu gün Rusiya-Ukrayna müharibəsi, Suriyada, Fələstində, digər ölkələrdə baş verən qarşıdurmalar bəşəriyyətin xoşbəxt gələcəyi üçün yaxşı heç nə vəd eləmir. Ona görə də ölkəmizin rəhbəri Azərbaycanın inkişafı, xalqlarımızın sərbəst yaşayışı üçün sülhün bərqərar olmasını, Cənubi Qafqazda sabitliyin yaradılmasını birinci vəzifə kimi qarşıya qoyur və bu sahədə öz səylərini əsirgəmir. Biz qalib dövlətik. Öz diktəmizi həyata keçirilməsinə nail olmağa qadiriq. Ancaq Ermənistan ordusu məğlub olsa da, Azərbaycan bir qarış Ermənistan torpağına ayaq basmadı. Sülhün vacibliyi qeyd edildi və cənab İlham Əliyev bunu bütün dünyaya bəyan etdi. Bildirdi ki, qalibik, daha böyük əraziləri götürə bilərik, ancaq biz heç bir zaman təcavüzə yol verməyəcəyik, başqa ölkələrin torpaqlarında bizim yolumuz, gözümüz yoxdur.
Əlbəttə ki, bu çağırışlar sülhə, sabitliyə, insanların xoşbəxtliyinə xidmət edir və təqdirə layiqdir. Mən də bu mükafat münasibətilə dövlətimizin rəhbərini ürəkdən təbrik edirəm. Azərbaycan xalqına daha xoşbəxt günlər arzulayıram".
Aytəkin TOFİQQIZI