Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın yan-yana, əl-ələ addımlaması və bu anın dünya mediasında geniş şəkildə yayılması regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Uzun müddət gərgin və ehtiyatlı münasibətlərlə xarakterizə olunan Ankara–Riyad xəttində müşahidə edilən bu görüntü təkcə protokol jesti deyil, Yaxın Şərqdə formalaşmaqda olan yeni siyasi balansların vizual ifadəsi kimi oxunur.
Bu, hansı dərin strateji regional arxitekturanın əsasının qoyulmasıdır? Bölgədə Türkiyə–Səudiyyə Ərəbistanı müttəfiqliyinin əsası qoyulur? Bu, ABŞ-nin pərdəarxası iştirakı ilə baş tutur?

Məsələ ilə bağlı NOCOMMENT.az-a politoloq Bakir Həsənbəyli deyib ki, Türkiyə Prezidentinin Səudiyyə Ərəbistanına səfərinin əsas məqsədini iki dövlət arasında ticarət həcminin artırılması, qarşılıqlı sərmayələrin təşviqi kimi təqdim olunur:
“Son illər Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi və başqa sahələrdə yaxınlaşma var. Bu baxımdan Ərdoğanın Səudiyyə Ərəbistanına səfərini daha çox iqtisadiyyat və investisiya sahələrinin əhatə edilməsi ilə əlaqələndirmək olar. Səfərin gündəliyini yeni sazişlər, ticarət həcminin artırılması kimi məsələlərin əhatə etməsi gözlənilir. Lakin nəzərə almaq lazımdır ki, Türkiyə regionda yalnız iqtisadi deyil, həm də siyasi maraqların, əməkdaşlıq etdiyi dövlətlərin təhlükəsizliyinin təmininə çalışır.
Son illərin hadisələri, xüsusən də rəsmi Ankaranın Suriya və İraqın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı birmənalı mövqeyi buna sübutdur. Bu istiqamətdə Türkiyə və Səudiyyə Ərəbistanının yaxın mövqe sərgiləmələri anlaşılandır. Türkiyə Səudiyyə Ərəbistanı ilə birlikdə Yaxın Şərqdə bir sıra provakasiyon fəaliyyətlərinin qarşısını almaqda əməkdaşlıq ediblər. Münaqişələr, hərbi qarşıdurmalar regional dövlətlərin hərbi sahədə də əməkdaşlığını zəruri edir. Ehtimal olunur ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Ortaq Müdafiə Qrupu” yaradılacaq”.
Politoloq hesab edir ki, Türkiyə və Pakistan hərbi sahədə strateji tərəfdaşlardır:
“Tərəflər hərbi sənaye sahəsində də əməkdaşlıq edirlər. Türkiyə uzun müddətdir ki, Pakistanın hərbi texnikasının modernləşdirilməsində və hərbi kontingentinə təlim keçirilməsində xüsusi rol oynayır.
Hətta Türkiyənin dəstəyi ilə Azərbaycanın da daxil olduğu güclü müdafiə alyansı yaranmaq ərəfəsindədir. Pakistan da Səudiyyə Ərəbistanını təhlükəsizlik məsələlərində fəal şəkildə dəstəkləyir. Bunları nəzərə alaraq gələcəkdə Türkiyə-Pakistan alyansına Səudiyyə Ərəbistanı da qoşula bilər.
Politoloq qeyd edib ki, artıq bir müddətdir ki, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi əməkdaşlıqla bağlı danışıqlar gedir:
“Bu ölkələr arasında hərbi müttəfiqlik region dövlətlərinin təhlükəsizliyinin təmin olunması baxımından da əlverişli sayılır.
Əməkdaşlıq terrorçuluq, separatçılıq kimi pozucu fəaliyyətlərin qarşısını almağa yardım edər. Ərdoğanın daha sonra Misirə səfər etməsi Türkiyənin Yaxın Şərq ölkələrində etimad və etibarının artmasına təkan verəcək. ABŞ-İran münasibətlərində gərginliyin artması Yaxın Şərq dövlətlərinin iqtisadi-ticarət əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də ortaq mövqedə olmalarını zəruri edir.
Vaşinqton-Tehran qarşıdurması bölgə ölkələri üçün də təhlükə mənbəyi ola bilər. Ona görə də Türkiyə-Səudiyyə Ərəbistanı-Misir əməkdaşlığı bölgəni gözləyən mümkün təhlükələrdən qoruyar. Rəsmi Ankaranın birləşdirici amil rolunda çıxış etməsi aktuallaşar. Türkiyə regional dövlətdən qlobal oyunçuya çevrildiyi üçün attdığı bütün addımları özü müəyyən edir. Rəsmi Ankaranın hər hansı kənar təsirdən uzaq müstəqil siyasəti var”.
Atilla Rzasoy