RU

“Rusiya öz planlarını qoruyur, İran isə gözləyir: təhlükəli pauza” -Politoloq ŞƏRH ETDİ

Rusiya–Ukrayna müharibəsi fonunda regionda formalaşan yeni geosiyasi reallıqlar təkcə tərəflərin özlərini deyil, onların əsas tərəfdaşları və müttəfiqləri ilə münasibətlərini də yenidən gündəmə gətirir. Xüsusilə Moskvanın paralel olaraq digər regional proseslərdə tutduğu mövqelər onun siyasi manevr imkanları barədə suallar yaradır. Bu baxımdan Rusiyanın müxtəlif münaqişələrə yanaşması və müttəfiqləri ilə münasibətlərdə sərgilədiyi davranış diqqətlə izlənilir. Politoloqlar hesab edirlər ki, bu amillər Rusiya-Ukrayna müharibəsi üzrə mümkün danışıqların da real konturlarını anlamaq üçün vacib göstəricidir.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya–İran münasibətləri formal baxımdan Rusiyanın maraqlarına uyğun görünsə də, müşahidələr bu münasibətlərin İranı tam şəkildə qane etmədiyini göstərir.

Onun sözlərinə görə, Rusiyanın mövcud mövqeyi İranla bağlı hələlik siyasi-diplomatik bəyanatlar səviyyəsini aşmır:

“Əgər söhbət İranın üzləşdiyi real təhlükələr fonunda onun müdafiəsindən gedirsə, bu zaman müttəfiqlik çərçivəsində daha konkret mesajlar və addımlar ortaya qoyulmalıdır. Burada dərhal hərbi-texniki dəstəkdən danışmaq məcburi deyil. Ancaq mümkün müharibə vəziyyətində Rusiyanın müttəfiq öhdəliklərinə sadiq qalacağına dair açıq və ya dolayı siqnallar verilməlidir. Hazırda isə biz bu cür mövqeni müşahidə etmirik”.

Tofiq Abbasov qeyd edib ki, bu səbəbdən Rusiyanın mövcud yanaşması öz strateji planlarına uyğun ola bilər, lakin İranın gözləntiləri ilə tam uzlaşmır:
“İran bunu yetərli hesab etmir və bu amil Rusiya–İran münasibətlərini hazırda tarixi baxımdan ciddi sınaq mərhələsinə gətirib çıxarıb. Xüsusilə İranın regionda ABŞ təzyiqləri fonunda özünü qismən təklənmiş hiss etdiyi bir dövrdə Rusiyanın atacağı addımlar Tehran üçün böyük əhəmiyyət kəsb edir. Lakin indiki mərhələdə Moskvanın bu istiqamətdə konkret addımlar atdığını görmürük”.

Politoloqun fikrincə, Rusiyanın Ukrayna müharibəsi ilə bağlı qeyri-müəyyən vəziyyətdə olması onun İranla bağlı daha açıq və qəti mövqe sərgiləməsinə mane ola bilər:

“Bunu müəyyən mənada anlamaq olar. Amma əgər tərəflər arasında strateji tərəfdaşlıq haqqında saziş mövcuddursa, bu halda Rusiya müttəfiq kimi İranın gözləntilərinə daha yaxın addımlar atmağa borcludur. Hazırkı şəraitdə isə bu istiqamətdə ciddi irəliləyiş müşahidə edilmir”.

Tofiq Abbasov əlavə edib ki, Amerika–İran münasibətlərinin gələcək inkişafından asılı olaraq Rusiya–İran münasibətlərinə yenidən baxılması ehtimalı da istisna edilmir: “Xatırladaq ki, ötən ilin iyununda baş vermiş İsrail–İran qarşıdurması zamanı da Rusiyanın mövqeyi İranı tam qane etməmişdi. Bu gün də oxşar vəziyyətin davam etdiyini görürük. Buna görə də hesab edirəm ki, Rusiya–İran münasibətləri hazırda keçid mərhələsindədir və münaqişələrdən sonra bu münasibətlərin formatına yenidən baxılması gündəmə gələ bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
24
editor.az

1Источники