Fevralın 4-də Dövlət İmtahan Mərkəzinin imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb və müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin bu prosesdə fəal iştirakının əhəmiyyəti barədə danışıb. O, imtahanların təşkili və idarə olunmasında imtahan rəhbərləri və zal nəzarətçilərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib.
DİM-in təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarə edilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı məlumat verib.
Şöbə müdiri diqqətə çatdırıb ki, 2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 476 nəfərdən ibarət olub. Onlardan 4600 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 29,7 faizi). Ötən il respublika üzrə imtahanlara 14 min 120 nəzarətçi 56 min 110 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 4 dəfə imtahana cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 89,2 faizin fəaliyyəti əla, 5,8 faizin yaxşı, 1,9 faizin kafi, 0,5 faizin isə qeyri-kafi qiymətləndirilib.
Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2399 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 8 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanlar təqdim olunub.
XQ