RU

WUF13-ün Azərbaycanda keçirilməsi insan mərkəzli memarlıq mərhələsinin yeni mərhələyə keçdiyini göstərir ŞƏRH

Bakı, 5 fevral, AZƏRTAC

Müasir memarlıq təkcə masa üzərində çəkilən eskizlə bitmir. O, insan davranışlarını, sosial münasibətləri, iqlimi və şəhərin yaddaşını oxumağı tələb edir. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF), sadəcə beynəlxalq tədbir deyil, şəhərlərin gələcəyinin necə formalaşacağını müəyyən edən qlobal platformadır. WUF13-ün Azərbaycanda keçirilməsi bu müzakirələrin mərkəzinə ölkəmizin şəhər təcrübəsini gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında memar Aytac Ağazadə deyib.

Onun sözlərinə görə, uzun illər urbanizasiya əsasən siyasət və planlama prizmasından dəyərləndirilib. WUF13 isə diqqəti insan miqyasına, yaşayış keyfiyyətinə və məkanın sosial funksiyasına yönəldir. Bu gün memarlıq qarşısında duran əsas sual “necə daha hündür bina tikmək” deyil, insanın bu məkanda özünü rahat, təhlükəsiz və aid hiss edib-etməməsidir. Forum məhz bu yanaşmanı memarlıq diskursunun mərkəzinə çıxarır.

“Hesab edirəm ki, Azərbaycanın tarixi memarlıq abidələri insan mərkəzli şəhər anlayışının ən doğru və təbii nümunələridir. İçərişəhərin formalaşmış urban toxuması, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Şəki Xan Sarayı kimi abidələr təkcə estetik dəyər daşımır, həm də insan miqyasını, sosial əlaqələri və məkanla emosional bağlılığı qoruyan planlaşdırma prinsiplərini özündə birləşdirir. Bu irs göstərir ki, memarlıq yalnız forma deyil, insan həyatına uyğun qurulmuş məkan deməkdir.

WUF13 yalnız beynəlxalq dialoq deyil, həm də bu memarlıq irsindən doğan yanaşmaları qlobal müzakirələrə çıxarmaq imkanı yaradır. Forum bir daha xatırladır ki, şəhərlərin uğuru yalnız strategiyalarla deyil, hər bina və hər ictimai məkanın insana verdiyi hisslə ölçülür. Memarlıq estetikadan daha artıqdır - bu, sosial məsuliyyətdir”, - deyə memar əlavə edib.

O, həmçinin qeyd edib ki, Forumun Azərbaycanda keçirilməsi şəhərlərə yaşayan orqanizm kimi yanaşmağın və insan mərkəzli memarlıq mərhələsinin yeni mərhələyə keçdiyini göstərir. Bu prosesdə Azərbaycan memarlıq irsi həm keçmişin qorunan dəyəri, həm də gələcək şəhərlərin formalaşması üçün əsas istinad nöqtəsidir.

Избранный
23
1
azertag.az

2Источники