RU

Əbu-Dabidə verilən mesaj: regionda yeni era

 “Dünyanın sürətlə dəyişdiyi, güc amilinin beynəlxalq münasibətlərdə həlledici rol oynadığı bir dövrdə liderlərin fəaliyyəti yalnız milli sərhədlərlə məhdudlaşmır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə şəxsi uğur deyil, bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzunun və sülh gündəliyinin qlobal səviyyədə tanınması kimi qiymətləndirilməlidir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, bu mükafatın fəlsəfəsi humanizm, tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq, münaqişələrin sülh yolu ilə həlli kimi ali dəyərlərə söykənir. “Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi isə onun illərdir apardığı uzaqgörən və praqmatik siyasətin məntiqi nəticəsidir. Bu siyasətin mərkəzində bir ideya dayanır: regionda və dünyada dayanıqlı sülhün qurulması”, - o qeyd edib.
Deputat bildirib ki, müasir beynəlxalq sistemdə güclü olmaq təkcə hərbi və iqtisadi imkanlarla ölçülmür: “Əsl güc- ədaləti bərpa etmək, münaqişələri sona çatdırmaq və gələcək üçün sabitlik yaratmaq bacarığıdır. Azərbaycan son illərdə məhz bu modeli nümayiş etdirdi.
Uzun illər davam edən münaqişənin başa çatması, regionda yeni reallıqların formalaşması və sülh gündəliyinin ön plana çıxarılması Azərbaycanın diplomatik xəttinin əsas nailiyyətlərindən biridir. Bu proses nəticəsində Cənubi Qafqazda qarşıdurma mərhələsi tədricən əməkdaşlıq mərhələsi ilə əvəzlənir.

Artıq regionda nəqliyyat və enerji əməkdaşlığının genişlənməsi, qarşılıqlı etimadın formalaşması və kommunikasiya xətlərinin açılması istiqamətində addımlar atılır. Bu isə yalnız regional deyil, həm də qlobal təhlükəsizliyə xidmət edən mühüm prosesdir.
Azərbaycanın humanist düşüncə ənənəsi bu gün də siyasi kursun mənəvi dayaqlarından biridir. Hüseyn Cavidin məşhur misraları bu kontekstdə xüsusi məna kəsb edir və yerinə düşür:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.”

Bu sözlər müharibənin dayandırılmasının, insan həyatının qorunmasının və bəşəriyyətin xilası ideyasının poetik ifadəsidir. Qan tökülməsinin qarşısını alan, düşmənçiliyi dialoqla əvəz edən siyasət məhz bu humanist fəlsəfənin real siyasətdə təcəssümüdür.
Əbu-Dabidə keçirilən təqdimat mərasimində dünya liderlərinin iştirakı Azərbaycanın artan nüfuzunun açıq göstəricisi kimi qiymətləndirilə bilər. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan artıq regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur.
Cənubi Qafqazda sabitlik təşəbbüsləri, enerji təhlükəsizliyinə töhfə, nəqliyyat dəhlizlərinin inkişafı və humanitar əməkdaşlıq təşəbbüsləri Azərbaycanın sülh siyasətini beynəlxalq gündəliyin mühüm hissəsinə çevirib. Bu siyasət qarşıdurmanı deyil, əməkdaşlığı; təcridi deyil, inteqrasiyanı təşviq edir.

 “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması bu siyasətin beynəlxalq səviyyədə qəbul olunduğunu və qiymətləndirildiyini göstərən mühüm simvolik hadisədir. Bu mükafat Azərbaycanın yalnız güclü dövlət deyil, həm də sülh və dialoq təşəbbüskarı kimi tanındığını təsdiqləyir.
Bu gün Azərbaycan regionda yeni əməkdaşlıq mühitinin formalaşması üçün çalışır. Qarşılıqlı etimadın qurulması, iqtisadi və humanitar əlaqələrin genişlənməsi gələcəkdə uzunmüddətli sülhün əsasını qoyur.
Bütün bunlar bir daha göstərir ki, müasir dövrdə əsl liderlik yalnız qələbə qazanmaqla deyil, sülhü möhkəmləndirmək bacarığı ilə ölçülür.

Nəticə etibarilə, İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın dünyada sülhə, təhlükəsizliyə və əməkdaşlığa verdiyi töhfənin beynəlxalq təsdiqidir. Bu, həm də ölkənin gələcək inkişafının və regionda dayanıqlı sabitliyin möhkəmlənməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
 
Mürtəza

Избранный
19
1
olke.az

2Источники