RU

Parisin növbəti təxribatı və daha bir düşmənçilik

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdığı bir vaxtda, Fransa Senatı rəsmi Bakıya qarşı növbəti dəfə qərəzli mövqe sərgiləyib.

Belə ki, Senat Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsinə dair qətnaməni yekdilliklə qəbul edib. Bu barədə ERF Büro üzvü və Fransa-Ermənistan Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan bildirib.

Fransa-Ermənistan Dostluq Qrupu tərəfindən Loran Vokyenin təqdim etdiyi qətnamə 183  səslə qəbul edilib. Parisin bu mövqeyi Azərbaycanda ciddi narazılıq doğurub.

"Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Fransa Senatının mövqeyi, eləcə də Fransa Prezidentinin və bu ölkənin müəyyən rəsmi dairələrinin Azərbaycana münasibəti uzun illərdir məlumdur. 

"Fransa uzun illər boyu Azərbaycanın işğal altında olduğu dövrlərdə, eləcə də müharibə günlərində və bu gün də separatçı Ermənistanı dəstəkləyib. Ona nəinki mənəvi dəstək, eyni zamanda maddi dəstək verib, erməniləri silahlandırıb. Bu, Azərbaycana qarşı düşmənçilik və təxribat xarakterli addımlardır. Fransa Senatında qəbul edilən qətnamə də məhz bu mövqedən qaynaqlanır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, haqq və ədalət bərpa olunub. Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Bu, beynəlxalq hüquq normalarına tamamiləuyğundur".

Deputatın sözlərinə görə, təəssüf ki, Fransa uzun illərdir bu çirkin yolu tutub və Azərbaycana qarşı əsassız ittihamlar, böhtanlar səsləndirməklə məşğuldur:

"Belə bir zamanda separatçı ermənilərə qarşı qanunauyğun tədbirlər də həyata keçirilib. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə ciddi zərbə vuran, dinc insanlarımızı qətlə yetirən, torpaqlarımızı, kənd və şəhərlərimizi viran qoyan bir qrup erməni faşistləri döyüşlər zamanı və ondan sonrakı dövrdə zərərsizləşdirilib, saxlanılıb və məsuliyyətə cəlb olunublar. Onlardan bəziləri haqqında artıq hüquq-mühafizə orqanları öz sözünü deyib.

Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına doğru uğurlu addımların atıldığı bir vaxtda Fransa Senatının yenidən separatçılara dəstək verməsi, qatilləri “siyasi məhbus” adlandırması və onların müdafiəsinə qalxması beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bu, bilavasitə faşizmin, separatçılığın və təcavüzün dəstəklənməsidir".

Tahir Rzayev vurğulayıb ki, qəbul olunan bu qətnamələrin heç bir əsası yoxdur və onlar mahiyyət etibarilə quru kağız parçasıdır:

"Belə sənədlər erməni diaspor təşkilatlarının bilavasitə göstərişi ilə hazırlanaraq Fransa Senatına təqdim olunur. Bu, əlbəttə ki,  qəbuledilməzdir. Artıq erməni cəmiyyətində də sağlam düşüncəli, gələcəyi düzgün qiymətləndirən şəxslər uduzduqlarını hiss edir və erməni xalqını öz millətçi mövqelərdən əl çəkməyə çağırırlar. Ancaq Paris yenidən aranı qızışdırmaq məqsədindədir. 

Azərbaycana qarşı bu cür addımların atılması, separatçıların müdafiə edilməsi, ağır cinayətlər törətmiş şəxslərin “siyasi məhbus” kimi təqdim olunması qəbuledilməzdir. Məhz buna görə də bu qətnamələr Azərbaycan xalqını heç bir halda narahat edə bilməz".

O bildirib ki, dövlətimizin başçısı, Prezident İlham Əliyev bu kimi hallara qarşı qəti mövqedədir:

"Cənab Prezident İlham Əliyev dəfələrlə Avropa Şurası, Avropa İttifaqı, Fransa və digər ölkələrin qəbul etdiyi bəzi qətnamə və sənədləri beynəlxalq hüquq normalarına zidd adlandıraraq, belə addımların dövlətlərarası münasibətlərin pozulmasına zəmin yaratdığınl qeyd edir. Bildirir ki,  heç bir dövlət öz çirkin niyyətlərini diktə yolu ilə həyata keçirə bilməz. Azərbaycan diqtə yolu ilə işləmir və heç kimin tapşırığını yerinə yetirmir. Azərbaycan müstəqil dövlətdir və öz siyasətini uğurla həyata keçirir. Ölkəmiz suverenliyini, ərazi bütövlüyünü qorumağa və düşmənlərə cavab verməyə hazırdır".

Избранный
112
1
cebheinfo.az

2Источники