RU

Lotereya biletlərini talayan şəxs amnistiyaya düşdü - QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zəlimxan Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 2.6-cı bəndinə görə, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilib. Zəlimxan Tağıyev barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv olunub.

 

İttihama əsasən, Zəlimxan Tağıyev özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə 14 iyul 2025-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Azərlotereya” kuponlarının satışı məntəqəsinə gəlib. Müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin satış məntəqəsində vitrinin üzərində olan, zərərçəkmiş T.T.-yə (adı, soyadı şərtidir) məxsus ümumi dəyəri 180 manat olan 90 ədəd “Bombardir” lotereyasına biletləri həmin şəxsin gözləri qarşısında aşkar vəziyyətdə götürüb. Daha sonra o, hadisə yerindən qaçaraq uzaqlaşıb və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 180 manat məbləğində maddi zərər vurub.

 

Məhkəmə istintaqı zamanı təqdim olunmuş sübutlar əsasında Zəlimxan Tağıyevin hərəkətləri soyğunçuluq, yəni özgənin əmlakını açıq yolla talama kimi qiymətləndirilib.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona 2 il 4 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 5 Fevral 2026, 08:20   
Избранный
28
1
pravda.az

2Источники