RU

İlham Əliyevin sülh siyasətinə verilən qlobal qiymət

Ali sülh mükafatı əsl sahibinə təqdim edildi 

Tarix böyük hadisələri yadda saxlamaqla yanaşı, bu hadisələrin arxasında dayanan qətiyyətli liderləri və onların sülh naminə atdıqları cəsarətli addımları da əbədiləşdirir. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi də mühüm tarixi anlardan biri idi. Həmin mərasimdə ali mükafat öz həqiqi və layiqli sahibinə - Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təqdim olundu. Bu hadisə Azərbaycan Liderinin müasir dünya nizamında sülhün və humanizmin əsas təşəbbüskarı kimi tanınmasını bir daha təsdiqlədi.

Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsis edilmiş, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən nüfuzlu qlobal sülh və insan qardaşlığı mükafatı dünyanın ən prestijli humanitar və sülh yönümlü təltiflərindən biri hesab olunur. 

Bu mükafat, sadəcə, bir təltif deyil, illərdir davam edən ədalətsizliyə son qoyan, regionda yeni sülh arxitekturası quran və xalqlar arasında nifrət sədlərini sındıraraq humanizm körpüləri salan bir liderin strateji dühasına verilən qlobal qiymətdir. Şeyx Zayedin adını daşıyan bu mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın sülhpərvər siyasətinin, insan qardaşlığı ideallarının bütün dünya üçün bir mayaka çevrildiyinin bariz sübutudur. Dövlət başçısının bu mükafatı alması həm də bir həqiqəti yenidən bəyan etdi. Əsl liderlik yalnız döyüş meydanında zəfər çalmaq deyil, həm də o zəfəri əbədi və bəşəri bir sülhə çevirmək bacarığıdır. 

Mükafat böyük liderimizin diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsidir. Prezident İlham Əliyevin adı qlobal sülh memarları ilə bir sırada çəkilir. O, təkcə öz xalqının maraqlarını qoruyan rəhbər deyil, həm də qlobal problemlərin həllində təşəbbüskar olan, sivilizasiyalararası dialoqa misilsiz töhfələr verən bir strateqdir. 

Mərasimdə çıxış edən Prezident İlham Əliyev sülh və insan qardaşlığı mövzusunda mühüm mesajlar verib. Şeyx Zayedin adını daşıyan ali mükafata layiq görülməsini böyük şərəf adlandıran dövlətimizin başçısı bildirib ki, Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir, çünki Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsi ötən ilin iyul ayında Vaşinqtondakı tarixi sammitdən cəmi bir ay əvvəl burada baş tutmuşdu: "Burada, Əbu-Dabidə, qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün yekun razılığa gəldik və sonra onu Vaşinqtonda rəsmiləşdirdik. Bir daha bu hörmətli və nüfuzlu mükafatı bizə təqdim etmək qərarını verən hər kəsə və sülhə çatmağımıza kömək edən hər kəsə minnətdarlığımı bildirmək istərdim". 

Prezident əlavə edib ki, bu nümunə hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir: "Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür". Prezidentin çıxışında Əbu-Dabinin adını xüsusi vurğulaması təsadüfi deyil. Bu, Azərbaycanın xarici siyasətində çoxşaxəlilik və regional tərəfdaşlığa verilən önəmi göstərir. Eyni zamanda sülhün yalnız Qərb mərkəzli deyil, həm də dost və qardaş ölkələrin platformasında əldə oluna biləcəyini sübut edir. Dövlət başçısının sülh prosesini digər münaqişələr üçün "yol xəritəsi" adlandırması xüsusi diqqət çəkir. Prezident mesaj verir ki, 30 illik işğal, dağıntılar və etimadsızlığa baxmayaraq, siyasi iradə olduqda sülh mümkündür. Məhz emosiyalardan xilas olaraq gələcəyə baxmaq qabiliyyəti Azərbaycanın sülh diplomatiyasının əsasını təşkil edir. Hazırda dünyanın müxtəlif yerlərində davam edən qanlı müharibələr fonunda Azərbaycan-Ermənistan sülh prosesi uğurlu bir nümunə kimi təqdim olunur. 

Vaşinqton Sammiti ilə Əbu-Dabi görüşlərinin bir-birini tamamlayan halqalar kimi təqdim edilməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin göstəricisidir. Bu, sülhün əldə olunmasında həm regional güclərin, həm də qlobal mərkəzlərin rolunun tanınmasıdır, lakin vurğu həlledici razılığın məhz qardaş ölkədə əldə olunmasına qoyulur. Liderimiz beynəlxalq ictimaiyyətə göstərir ki, sülh, sadəcə, kağız üzərində imzalanan müqavilə deyil, həm də qarşılıqlı hörmət, düzgün seçilmiş vasitəçilik və gələcək nəsillər üçün qurulan insan qardaşlığı körpüsüdür. 

Beynəlxalq arenada qazanılan bu uğurlar nə qədər əhəmiyyətli olsa da, Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının sonsuz inamı və sevgisidir. Xalqın nəzərində İlham Əliyev Azərbaycanı işğal boyunduruğundan qurtaran əsl xilaskar liderdir. 44 günlük Vətən müharibəsində xalqın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandandır. Dövlətimizi müasir, qüdrətli və dünyada söz sahibi olan bir güc mərkəzinə çevirən böyük rəhbərdir. Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi ilə son illərdə işğaldan zəfərə, zəfərdən quruculuğa və qlobal sülh memarlığına qədər möcüzəvi yüksəlişə nail olub. "Zayed İnsan Qardaşlığı Mükafatı" bu yüksəlişin beynəlxalq möhürüdür.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники