RU

Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

BAKI, 5 fevral. TELEQRAF

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindsora xidmət göstərən Sandringem kral mülkünün personalı onunla işləməkdən imtina edib. Buna səbəb eks-prinsin pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə dostluğu olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, Epşteynlə əlaqələrinə görə şahzadə və York hersoqu titullarından məhrum edilən Mauntbetten-Vindsor fevralın 3-ü axşam saatlarında İngiltərənin şərqində yerləşən Sandringem mülkünə köçüb. O, bundan əvvəl London yaxınlığındakı Vindzor qəsrinin ərazisində yerləşən Royal Lodge iqamətgahında yaşayırdı.

Qəzetin yazdığına görə, Sandringemdə çalışan işçilərə kralın qardaşı ilə işləməkdən narahatlıq keçirəcəkləri halda, bu vəzifədən imtina etmək imkanı verilib. Mənbə bildirib ki, artıq bu imkandan istifadə edənlərin uzun siyahısı formalaşıb.

“The Sun”un başqa bir mənbəsi qeyd edib: “Onunla illərlə işləyən insanlar işdən ayrılıb. Ən yaxşı halda minimal heyət qalacaq. Ola bilsin ki, həyatında ilk dəfə qonaqlara qapını özü açmalı olacaq”.

Hazırda 65 yaşlı Mauntbetten-Vindsor Sandringem ərazisində yerləşən Wood Farm kottecində yaşayır. Gözlənilir ki, o, aprel ayından etibarən eyni mülkdə yerləşən Marsh Farm adlı fermaya köçəcək.

Xatırladaq ki, 2019-cu ildə şahzadə Endryu Cefri Epşteyn işi ilə bağlı qalmaqaldan sonra kral ailəsinin üzvü kimi rəsmi vəzifələrinin icrasından imtina etməyə məcbur olub. Bu, amerikalı Virciniya Cuffrenin onu 17 yaşında olarkən cinsi əlaqəyə məcbur edildiyini iddia etməsindən sonra baş verib.

2022-ci ildə kraliça II Yelizavetanın qərarı ilə Endryu fəxri hərbi rütbələrindən və bir sıra ictimai təşkilatlarda himayədar rolundan məhrum edilib. 17 oktyabr 2025-ci ildə o, York hersoqu titulundan istifadə etməyi dayandıracağını açıqlayıb. Oktyabrın 30-da isə Bukingem sarayı Epşteynlə dostluğuna dair yeni məlumatların yayılmasından sonra onun “şahzadə” titulundan da məhrum ediləcəyini bildirib.

Uzun illər Endryu Cuffrenin ittihamlarını rədd etsə də, ABŞ-da ona qarşı məhkəmə iddiası qaldırıldıqdan sonra tərəflər məhkəmədənkənar razılaşmaya gəliblər. Media məlumatına görə, bu razılaşma çərçivəsində o, Cuffreyə təxminən 12 milyon funt sterlinq (təxminən 15 milyon dollar) kompensasiya ödəyib.

Избранный
33
teleqraf.com

1Источники