RU

ABŞ-İran danışıqları olmayacaq? – Rubiodan SON DƏQİQƏ açıqlaması

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Tehranla Türkiyədə keçirilməsi planlaşdırılan danışıqları razılaşdırılmış hesab etdiyini, lakin hazırda yeni məkan və format üzərində iş aparıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Marko Rubio Dövlət Departamentində keçirilən və kritik əhəmiyyətli minerallara həsr olunan tədbirdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ tərəfi danışıqların Türkiyədə, bir sıra tərəfdaş ölkələrin iştirakı ilə baş tutacağını düşünürdü, lakin Tehrandan gələn ziddiyyətli açıqlamalar bu planı sual altına salıb.

“Biz hesab edirdik ki, Türkiyədə danışıqlar üçün razılaşdırılmış platformamız var və bəzi tərəfdaşlar da bu prosesdə iştirak etmək istəyirdilər. Ancaq dünən İran tərəfinin bununla razılaşmadığına dair fərqli məlumatlar gördüm. Ona görə də məsələ hələ də müzakirə mərhələsindədir”, – Rubio vurğulayıb.

Bundan əvvəl “Axios” nəşri ABŞ–İran danışıqlarının Türkiyədən Omana köçürüləcəyini yazmışdı. Məlumata görə, İran tərəfi danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib. Tehran görüşlərin yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsini, ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakına qarşı olduğunu bəyan edib.

Dövlət katibi həmçinin, qeyd edib ki, Prezident Donald Tramp Tehranla istənilən səviyyədə dialoqa və hətta birbaşa görüşlərə hazırdır və Vaşinqton bunu güzəşt kimi qiymətləndirmir. “Prezident Tramp dünyada hər kəslə danışmağa və görüşməyə hazırdır. Biz görüşləri güzəşt və ya legitimləşdirmə kimi görmürük”, – deyə Rubio qeyd edib.

Xatırladaq ki, İranın “Tasnim” agentliyi daha əvvəl Tehran və Vaşinqtonun yaxın günlərdə danışıqlara başlaya biləcəyini yazmışdı. Tramp isə bundan öncə İran istiqamətində nəhəng armadanın hərəkətə keçdiyini bəyan edərək, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan ədalətli və bərabərhüquqlu razılaşmaya razı olacağına ümid etdiyini bildirmişdi.

Избранный
93
1
editor.az

10Источники