RU

WSJ: İran ABŞ-ni tarazlıqdan çıxarmaq üçün sərt oyun qurur...

Tehran danışıqlarda son dəqiqə manevrləri və paralel hərbi təzyiq alətləri ilə Vaşinqtona mesaj verir...

Poliqon xəbər verir ki, The Wall Street Journal məlumatına görə, İran ABŞ ilə münasibətlərdə “sərt təzyiq” taktikasını davam etdirərək Vaşinqtonu psixoloji və siyasi baxımdan tarazlıqdan çıxarmağa çalışır. Nəşrin təhlilinə görə, Tehran diplomatik prosesdə qəfil manevrlər etməklə, eyni zamanda hərbi gərginliyi artıran addımlar atmaqla təşəbbüsü öz əlinə almağı hədəfləyir.

Məqalədə bildirilir ki, İranın ABŞ və region ölkələrinin nümayəndələri ilə Türkiyədə keçirilməsi planlaşdırılan görüşdən imtina etməsi və bunun əvəzinə daha dar formatlı danışıqları Omanda keçirməyə üstünlük verməsi rəsmi Tehranın illərdir tətbiq etdiyi “son dəqiqə sürprizi” strategiyasına tam uyğundur. Bu yanaşma adətən digər tərəfləri çaşdırmaq, danışıqların strukturunu dəyişmək və prosesin gedişinə nəzarəti artırmaq məqsədi daşıyır.

WSJ qeyd edir ki, diplomatik gedişin hərbi aktivliklə eyni vaxta düşməsi diqqət çəkir. Belə ki, iddialara görə, İran pilotsuz uçuş aparatı ABŞ aviadaşıyan gəmisinin istiqamətinə doğru buraxılıb. Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerlərinin ABŞ bayrağı altında üzən neft tankerini hədələməyə və qorxutmağa cəhd göstərdiyi vurğulanır. Nəşr bu addımları Tehranın təzyiqi artırmaq və Vaşinqtonu daha sərt seçim qarşısında qoymaq niyyəti kimi qiymətləndirir.

Məqalədə qeyd olunur ki, İranın bu taktiki xətti ABŞ prezidenti Donald Trampın diplomatik üslubu üçün ciddi sınaqdır. Çünki Tramp adətən geniş və uzunmüddətli diplomatik proseslərdən daha çox, qısa müddətdə nəticə verən “sürətli razılaşmalar”a üstünlük verir və belə razılaşmaları çox vaxt dar çevrədə, etibarlı şəxslər vasitəsilə əldə etməyə çalışır.

Nəşrdə International Crisis Group təşkilatının ABŞ proqramının direktoru Maykl Vahid Hannanın fikirlərinə də yer verilir. O, prosesin perspektivləri barədə skeptik danışaraq bildirib: “Bu, gələcək üçün xüsusilə ümidverici görünmür”. Hannanın sözlərinə görə, hərbi gücün artırılması və onun tətbiqi ilə bağlı təhdidlərin səsləndirilməsi real diplomatiya üçün demək olar ki, heç bir manevr sahəsi saxlamayıb.

Ekspert əlavə edib ki, vəziyyət elə formalaşıb ki, sanki İrandan faktiki olaraq danışıqlar masasında güzəşt deyil, “kapitulyasiya” gözlənilir. Bu isə Tehran üçün qəbuledilməz sayılır və qarşıdurma riskini yüksəldir.

Məqalənin ümumi məğzinə görə, İranın məqsədi ABŞ-ni həm siyasi, həm də hərbi müstəvidə təzyiq altında saxlamaq, mümkün razılaşmaların şərtlərini öz xeyrinə dəyişmək və danışıqların ritmini diktə etməkdir. Bu strategiya isə regionda gərginliyin daha da artması ehtimalını gündəmdə saxlayır.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники