25 ildir Rumıniyada yaşadığını deyən Ümidin qardaşı Həmzənin isə bu ölkə ilə həqiqətən bağlılığı mövcuddur. Mətbuatda yer alan məlumatlarda Həmzənin adı Adnan Əhmədzadənin yaxın adamları və ortaqları siyahısında da yer alır. Belə ki, həmin siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova da rast gəlinir. Həmçinin yayılan məlumatlarda onların digər qardaşı Turalın Rumıniyada qeyri-qanuni fəaliyyət göstərdiyi və istintaqa cəlb edildiyi bildirilir. Belə ki, T.Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsinə yanlış informasiya verməkdə ittiham olunub. İstintaq hələ də davam edir. Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər. Fotoda Həmzə Kərimov
7news.az-ın məlumatına görə, Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi təxminən 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsi ilə başlayıb. 23 yaşlı Həmzənin missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində işə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-nin iqtisadi şöbəsində işləyib. Onların atası Tahir Kərimov 2016-cı ilin martında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyanda icra başçısı işləmiş mühüm siyasi şəxs idi. Tahir Kərimov daha çox 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu. O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarmışdı. T.Kərimov daha əvvəllər Z. Tağıyev adına “Balıqhisləmə” zavodunun direktoru, “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinə rəhbərlik edib, oradan da Salyana göndərilmişdi. Fotoda Tahir Kərimov
“Qaynarinfo”nun məlumatına görə, onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında “SOCAR Petroleum SA” şirkətinə rəhbərlik edib. “Memaar Capital” Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahibdir və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir. Yeni layihə “Harmony Homes” adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə “Memaar Capital” şirkətinin nəzarətinə keçib. Mediada yayılan bütün məlumatlarla bağlı Demokrat.az-a açıqlama verən Abuzərli heç bir qanunsuz işlə məşğul olmadığını vurğulayıb. “Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib. Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb. Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb. Fotoda Ümid Abuzərli 