"Narkotik maddələrin orqanizmə təsiri qəbul edilən maddənin növündən asılıdır. İlkin dövrlərdə opium və oxşar maddələr insanda sakitlik, rahatlıq və eyforiya yaradır, lakin zaman keçdikcə bu təsir azalır və istifadəçi eyni effekti əldə etmək üçün dozanı artırmağa məcbur qalır".
Redaktor.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda bildirdi.
Onun sözlərinə görə, kannabinoidlər də eyforiya və sakitlik hissi yaradır, bu isə insanda maddəyə qarşı asılılıq meyli formalaşdırır:
"Psixostimulyatorlar isə davranışda daha açıq dəyişikliklərə səbəb olur: həddindən artıq aktivlik, çox danışmaq, yerində dura bilməmək, yuxusuzluq və sutkalarla yatmamaq kimi hallar müşahidə edilir. Erkən mərhələdə, xüsusilə məktəb yaşlarında valideynlər siqaret qoxusu, davranış və psixoloji dəyişikliklərə diqqət yetirməlidirlər".
Nuriyyə NATİQQIZI