RU

Bakının WUF13-ə ev sahibliyi etməsi Azərbaycanın bu sahədə apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir - ŞƏRH

Foto -1

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanın bu il beynəlxalq miqyasda mühüm bir tədbirə — Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin urban inkişaf sahəsində qazandığı nailiyyətlərin bariz göstəricisidir. Təsadüfi deyil ki, məhz bu il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu qərar Azərbaycanda şəhərsalma və memarlığın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildiyini bir daha təsdiqləyir. Son illər Azərbaycanda, xüsusilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri strateji yanaşmanın mövcudluğunu aydın şəkildə nümayiş etdirir. Paytaxtın simasının yenilənməsi, müasir urban standartlara uyğunlaşdırılması, eyni zamanda tarixi və mədəni irsin qorunması balanslaşdırılmış şəkildə həyata keçirilir. Bu baxımdan Bakı Ağ Şəhər layihəsi xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, Ağ Şəhər layihəsi Bakıda tətbiq olunan tamamilə fərqli və innovativ şəhərsalma yanaşmasının real təcəssümüdür. Burada şəhərin tarixi xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti və sosial tələbatlar nəzərə alınaraq kompleks planlama aparılıb. Layihə çərçivəsində funksional zonalaşma, nəqliyyat infrastrukturunun səmərəli təşkili, yaşıl məkanların artırılması və yaşayış rahatlığının təmin edilməsi əsas prioritetlər kimi müəyyən olunub. Bu yanaşma şəhərsalmada sistemlilik və mütəşəkkillik prinsipinin tətbiqinin uğurlu nümunəsidir. Nəticədə Bakı şəhəri yalnız regional deyil, beynəlxalq miqyasda da müasir şəhərsalma modelinə çevrilir.

Azər Allahverənov vurğulayıb ki, Azərbaycan şəhərsalma siyasətinin ən mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa layihələridir. Bu ərazilərdə salınan şəhər və qəsəbələr müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında inşa edilir. Eyni zamanda, hər bir yaşayış məntəqəsi yerləşdiyi coğrafiyaya, təbii landşafta və ekoloji xüsusiyyətlərə uyğun planlaşdırılır.

Bu yanaşma Azərbaycanda şəhərsalmanın yalnız estetik deyil, həm də funksional, ekoloji və sosial aspektləri əhatə etdiyini göstərir. “Bakıda keçiriləcək WUF13 tədbiri Azərbaycanda şəhərsalma və memarlıq sahəsində görülən işlərin beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunması üçün mühüm platforma olacaq. Forum çərçivəsində müxtəlif ölkələrdən peşəkəkar qurumların, ekspertlərin və mütəxəssislərin iştirakı təcrübə mübadiləsini gücləndirəcək. Həmçinin bu tədbir Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələyə keçidini, innovativ yanaşmaların tətbiqini və beynəlxalq əməkdaşlığın genişlənməsini təmin edəcək. Eyni zamanda, ölkəmizin regional lider kimi mövqeyini daha da möhkəmləndirəcək.

Ümumilikdə isə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və WUF13 kimi mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu proseslər ölkəmizin şəhərsalma tarixində yeni səhifə açmaqla yanaşı, gələcək nəsillər üçün daha yaşanıqlı, müasir və milli dəyərlərə söykənən şəhər mühitinin formalaşmasına xidmət edir”, - deyə deputat bildirib.

Избранный
24
1
azertag.az

2Источники