Son günlər milyarder Cefri Epşteyn işi ilə bağlı yayılan materiallar dünya gündəmini zəbt edib. Sənədlərdə adları keçən dünya liderlərləri və iş adamları barəsində bəhs edilənlər əsas müzakirə mövzusuna çevrilib.
Siyasi ekspert Abutalıb Səmədov Pravda.az-a bildirib ki, ABŞ-nin Ədliyyə Nazirliyi Epşteyn sənədlərini dərc edib: “Bu addımın istəyərək və ya məcburiyyət qarşısında atılması məsələsini, yəqin, yaxın zamanda öyrənmək imkanı olacaq. Ancaq bu aydındır ki, bu sənədlərdə təkcə bu gün hakimiyyətdə olmayan şəxslər yer almırlar. Eyni zamanda Tramp komandasının bəzi üzvləri də Epşteyn sənədlərində, foto və video materiallarında yer alır. Onların vəziyyətdən çıxma imkanı demək olar ki, yoxdur”.
A.Səmədov qeyd edib ki, müzakirə edilən məsələdə Trampla bağlı vəziyyət başqa cürdür: “O qətiyyən etiraf etmir ki, Epşteynlə yaxın olub, baxmayaraq ki, kifayət qədər şəkil və videolar var. Eyni zamanda bunlar dərc olunub. O demokratlardan fərqli olaraq onun “xidmətlərindən” istifadə etmədiyini söyləyib. Bu sənədlər içərisində amerikalı yazıçı Maykl Vulfun Epşteynə 2016-cı ildə yazdığı məktub da mövcuddur. Belə ki, Maykl Vulf, Trampı prezident seçkiləri kampaniyasından çıxartmaq yolları barəsində danışır və maliyyəçiyə təklif edir ki, onunla birlikdə bəzi sənədləri dərc etməklə Trampa qarşı çıxış etsin. Burada söhbətin bəzi sənədlərin dərc olunmasından yoxsa Trampa böhtan atılmasından getdiyi hələ aydın deyil. Ancaq belə bir müraciətin olduğu məlumdur. Tramp isə bunu elə izah edir ki, Maykl Vulf və Epşteyn onu kampaniyadan çıxarmaq üçün iş birliyinə getmişdilər. Yaxın münasibət olsaydı, belə bir addım atılmazdı. Bildirilir ki, Epşteynlə yaxın münasibətdə olduğunu və ya olmadığını sübut edəcək materiallar kifayət qədər deyil. Əslində bir tərəfdə məktublar, fotolar, videolar, Trampın onun haqqında söylədiyi xoş sözlər var, digər tərəfdən isə Tramp bunları inkar edir. İnandırıcıdır? Düşünürəm ki, o qədər də inandırıcı deyil, güman ki, Trampın Epşteynlə münasibəti olub. Sadəcə o hələ müqavimət göstərməyə və vəziyyətdən çıxmağa çalışır. Baş verənləri inkar edir. Ancaq bunlarla vəziyyətdən çıxa biləcəyini zənn etmirəm, inandırıcı görünmür”.
Qeyd: Cefri Epşteyn 2019-cu ilin iyununda həbs edilib və həmin ilin avqustunda həbsdə olarkən müəmmalı şəkildə ölüb. Aradan illər keçməsinə baxmayaraq, Epşteyin qovluğu hələ də bağlanmayıb və hər yeni açıqlanan sənəd qlobal miqyasda ciddi rezonans doğurur.
Şəhanə Quliyeva